“Bəlkə də Rusiya Ermənistandan Qarabağdakı mina sahələrinin formulyarlarını alıb...”


Əlbəttə, Azərbaycan da bunu əldə edə bilsə, həm hərbçilər, həm də mülki əhali arasında itkilərin sayı minimuma enər..."
“Rus hərbçisi Şuşada minaya düşərkən yox, onu zərərsizləşdirərkən ehtiyatsızlıqdan həlak olmuşdu...”



Dünən -  yanvarın 12-də  növbəti dəfə Qubadlı istiqamətində iki hərbçimiz minaya düşüb, mayor rütbəli zabitimiz həlak olub. Allah rəhmət eləsin! Bu, 10 noyabr atəşkəsindən bəri insan həyatına son qoyan artıq neçənci belə olaydır. Bu günədək mülki əhali, ANAMA və digər qurum əmıkdaşları arasında da minadan ölənlər olub. 

Hərbçilərə gözəl məlumdur ki, hərbi əməliyyatlar zamanı basdırılmış minaların “formulyar” deyilən xəritələri tərtib olunur. Bu mənada, öncəki yazılarımızda da qeyd etdiyimiz kimi, görəsən, Azərbaycan tərəfinin Ermənistan Müdafiə Nazirliyindən həmin xəritələri əldə etmək imkanı yoxdurmu?.. 

Reallıqda Rusiyanın sülhməramlı  missiyası daşımalı olan ordusu əgər doğrudan da həm Azərbaycan, həm erməni tərəfdən canlı itkilərin sayını azaltmağa çalışırsa, bu gün faktiki Moskvanın hər əmrini yetirməyə hazır olan Ermənistandan minalanmış sahələrin xəritələrinin surətlərini əldə edə və bunu Azərbaycan ordusuna da verə bilər.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən keçmiş Laçın alayının komandiri, ehtiyatda olan  polkovnik Arif Paşa bunları söyləyib:

“Dünyanın istənilən ordusunda minalanmış sahələrin formulyarının, yəni xəritəsinin hazırlanılıb saxlanılması  zəruri normativ aktdır.  Çünki düşmənin canlı qüvvəsi və ya texnikasının məhv edilməsi üçün nəzərdə tutulmuş mina sahəsinə  kəşfiyyat və ya döyüş əməliyyatı zamanı həmin ordu hərbçilərinin özü də düşə bilər.  Eyni zamanda zərurət yarandıqda mina formulyarlarının surətləri müttəfiq ölkə ordularına da verilə bilər. Əlbəttə, Ermənistan minalanmış sahələrin xəritələrini Azərbaycana versə, bu həm hərbçilər, həm  də mülki əhali arasında itkilərin sayını minimuma endirər..." 

“Hesab edirəm ki, Rusiyanın Qarabağa yerləşmiş hərbi kontingenti Ermənistan Müdafiə Nazirliyindən, eləcə də Qarabağdakı separatçı xuntadan minalanmış sahələrin formulyarlarını əldə edib. Yaxud ən azı, şifahi olaraq həmin sahərin yerini öyrəniblər.  Düzdür, ötən ay Rusiya minaaxtaran hərbçilərindən də biri Şuşa yaxınlığında mina partlayışından həlak oldu. Amma o, minaya düşərkən yox, onun artıq yerini müəyyən edib zərərsizləşdirərkən hansısa ehtiyatsız hərəkət nəticəsində öldü. Amma bizim əksər hərbçilər bilavasitə yerini bilmədikləri minaların üzərinə ayaq basarkən və ya avtomobillə keçərkən beş verən partlayış nəticəsində həlak olurlar.  Bunlar fərqli şeylərdir” -deyə polkovnik bildirib.

“Bunu bacaran mülki ermənilər də arxayın çıxdıqları rayon ərazilərinə, məsələn, Kəlbəcər, Laçın, Ağdamın və s. yaşayış məntəqələrinə təsadüfən əldə etdikləri minaları basdıra bilərlərmi?” sualını isə Arif Paşa belə cavablandırıb.

“İstisna kimi belə xaotik hallar ola bilər. Və təbii ki,  bu cür minalı yerlərin formulyarı olmayacaq. Amma burada ciddi bir məsələ var. Ən intizamsız orduda belə,  mülki əhali üçün minanı əldə etmək, onunla davranmaq “Kalaşnikov” avtomatı kimi asan ola bilməz.  Avtomat silah özünümüdafiə məqsədilə mülki əhaliyə də sənədlə verilə bilər. Amma minanın verilməsi tapançanın və ya avtomatın verilməsi qədər sadə məsələ deyil. Çünki mülki şəxs onunla davranmağı bacarsa belə, minanın basdırılması ona etibar edilə bilməz. Ona görə ki, xaotik olaraq basdırılmış minaya sabah həmin mülki şəxsin özü və ya onun yerini bilməyən ordu mənsubu da düşə bilər. Odur ki, mülki ermənilərin mina əldə etməsi yalnız çox nadir hallarda baş verə bilər. Sadəcə, döyüş zamanı hansısa ordu hissəsinin dislokasiya yerində partlatmağa belə macal tapmayaraq qoyub qaçdığı silah-sursat anbarlarından təsadüf nəticəsində o ərazidə qalmış mülki şəxsin mina əldə etməsi mümkündür... 
Bir sözlə, savaşlar zamanı basdırlmış minaların böyük əksəriyyətinin formulyarları tərtib olunur və uzun illər arxivlərdə saxlanılır. Və onu qarşı tərəfin bu və ya digər yollarla əldə etməsi də mümkün ola bilər”- deyə keçmiş döyüşçü alay komandiri qeyd edib.

Tarix: 13-01-2021, 13:07
Xəbəri paylaş



Xəbər lenti