Vətən müharibəsində jurnalistikanın, onun fədakar üzvlərinin payı heç də az deyil. Media istər informasiya savaşında, istər orduya dəstək verməkdə kifayət qədər fəal oldu, düşmənin həm mətbuatında, həm sosial şəbəkə seqmentində yayılan provokasiya xarakterli məlumatlarına uymadılar, dezinformasiyaları ifşa etdilər, dövlətin informasiya siyasətinin yanında oldular, 44 günlük müharibədə təhlükəli ərazilərdən reportajlar verdilər, gecə-gündüz bilmədən cəbhə xəttindən canlı yayımlar etdilər.Şübhəsiz ki, bu əzmkarlıqda “Yeni Müsavat” Media Qrupunun əməkdaşlarının da əməyi az olmadı.Eyni zamanda Qarabağ müharibəsində 27 jurnalist iştirak edib, Şuşada, Füzulidə, Qubadlıda və digər ərazilərimizdə döyüşüblər, torpaqların işğaldan azad edilməsində şücaət göstəriblər.
Mirmehdi Ağaoğlu: “Minanı hara, necə basdırdıqlarını bilmək olmur, hər addımını ehtiyatla, su üzündə gəzirmiş kimi atmalısan”Qələbədən sonra da jurnalistlərin bu yöndə fəaliyyəti davam edir. Son dövrlər ayrı-ayrı KİV əməkdaşları, reportyorlar Qarabağa səfərlər edir, işğaldan azad edilmiş şəhərlərimizdən materiallar hazırlayırlar.
Onlardan ikisi ilə söhbətləşmişik və 27 il sonra o torpaqlara səfərin təəssüratlarını, hisslərini öyrənmişik, nələrlə qarşılaşdığını soruşmuşuq.
Həmkarımız, APA-nın əməkdaşı Mirmehdi Ağaoğlu “Yeni Müsavat”a bildirdi ki, “APA Group” olaraq “Zəfərin izi ilə” adlı layihəyə başlayıblar:“Qarabağa səfərimiz də bu layihə çərçivəsindədir. Əsasən işğaldan azad olunmuş ərazilərin hazırkı vəziyyəti, oradakı mədəni-tarixi abidələrin durumuna diqqət çəkmək niyyətindəyik.
Səfər çərçivəsində artıq Ağdam, Füzuli, Cəbrayıl, Kəlbəcər, Zəngilan rayonlarında olmuşuq. Buradakı abidələrin bəzilərinin hazırkı vəziyyəti haqqında məlumat vermişik.Məsələn, Şahbulaq qalasını ermənilər demək olar dağıdıb, üstündə təzədən “Tiqranakert” adlı muzey tikiblər. Biz həmin yerdə olduq, oradan çəkilişlər elədik.
Sonra bizim üçün gözlənilməz oldu, Füzulidə dahi şairimiz Məhəmməd Füzulinin dağıdılmış heykəlinin qalıqlarını aşkar etdik, Qarğabazar kəndindəki 4 əsrlik abidələrin vəziyyəti ilə tanış olduq. Ermənilər Qarğabazardakı məsciddən anbar, karvansaradan tövlə kimi istifadə ediblər".
M.Ağaoğlunun sözlərinə görə, ermənilər Qarabağın təkcə insanına yox, daşına, torpağına, suyuna, ağacına qarşı da qəddarcasına davranıblar:“Elə bil həmin torpaqlardan vəhşi heyvan sürüsü keçib. Demək olar ki, salamat heç nə qalmayıb, şəhərlər, kəndlər, qəsəbələr tamamilə dağıdılıb, xarabazarlığa çevrilib.
Füzuli şəhəri ümumiyyətlə cəngəlliklərə çevrilib. Elə bil tropik meşəlikdəsən. İnanmaq olmur ki, şəhər 30 il əvvəl müasir bir yer imiş".
Jurnalist qeyd edir ki, Zəngilanın Qafanla sərhəd olan Ağkənd və Qazançı kəndlərində də olub:“Ermənilər nəinki Ermənistana uzaq olan və Ağdam da, Füzulidə, Qafanın bir addımlığındakı həmin o kəndlərdə belə daşı daş üstə qoymayıblar.
30 il dağıdılmış, viran edilmiş vəziyyətdə qalıb. Elə bil gec-tez bu əraziləri qaytaracaqlarını bildikləri üçün heç nə tikib yaratmayıblar".
Mirmehdi danşır ki, Kəlbəcərdə də ermənilər yalnız özlərinin yaşadıqları yerləri düzəldiblər, başqa ərazilər dağıdılmış vəziyyətdədir.
“Təbii ki, səfərimiz təhlükəlidir. Ermənilər təhvil verdikləri rayonlardan çıxarkən hər yeri minalayıblar.
“Hər yeri minalayıblar” ifadəsi bir az şişirdilmiş görünə bilər, amma həqiqətən minanı hara, necə basdırdıqlarını bilmək olmur.
Ona görə də hər addımını ehtiyatla, su üzündə gəzirmiş kimi atmalısan. Məsələn, Füzulidə çəkilişləri yekunlaşdırıb axşam Beyləqana qayıtdıq.
Beyləqanda maşından düşəndən istər-istəməz ayağımı yerə ehtiyatla basdım, sanki buralar da minalanıb.
Yəni deməyim odur ki, işğaldan azad olunmuş ərazilərdə gəzərkən hər addımda insan səksəkəli olur, hər addımını ehtiyatla atır.
Seymur Kazımov: “Bir vətəndaş olaraq bütün bunları görsən, kamerasız, fotoaparatsız, inanın ki, çox pis təsir edər”Buna görə də səfərlər zamanı çalışırıq ki, bizi müşayiət edənlərin sözlərindən çıxmayaq, onların “getmə” dedikləri yerə getməyək. Yəni bu çəkilişlərimizi, qeydlərimizi “ehtiyatı əldən vermədən” aparırıq".
Qarabağa getmiş müstəqil jurnalist Seymur Kazımovun sözlərinə görə, ümumi mənzərə dağıntılardır: “Evlər, məktəblər, inzibati binalar, hər şey dağılıb, yerlə-yeksan edilib. Qəbirlər sındırılıb, açılıb, məzarlar yox edilib. Xoş olmayan nə mənzərə varsa, hamısı ilə rastlaşır insan.
Jurnalist kimi yanaşdıqda bəlkə də o qədər də təsirə məruz qalmırsan, çünki iş görürsən, emosiyalar keçir arxa plana. Amma bir vətəndaş olaraq bütün bunları görsən, kamerasız, fotoaparatsız, inanın ki, çox pis təsir edər".
S.Kazımov ərazilərdə gizlənmiş erməni silahlı dəstələrinə gəlincə, bu ehtimalın ilk gündən olduğunu xatırlatdı: “Bəzi erməni komandirlər mərkəzi hakimiyyətə tabe olmayacaqlarını demişdi. Təbii ki, onların böyük bir orduya müqavimət göstərəcəyi mümkün deyil. Ciddi hücum gücləri yoxdur, nizami qaydada hərəkət etmirlər, vahid komandanlıqları da yoxdur.
Aydın məsələdir ki, hansısa hücumlarla vəziyyəti gərginləşdirirlər, amma məsələyə geniş baxsaq, ciddi təsir imkanları yoxdur. Nəticədə ya məhv edilirlər, ya da əsir düşürlər".
Emil SALAMOĞLU
Tarix: 12-01-2021, 11:55