Qarabağ necə dirçəldiləcək – QDF-in prioritetləri


Qarabağ necə dirçəldiləcək – QDF-in prioritetləri
Deputat: “Qısa müddətdə Qarabağı cənnətə çevirəcəyik”
 
İqtisadçı: “Çox böyük maliyyə vəsaitinin sərf olunacağı şübhəsizdir”
 
Dekabrın 4-də Prezident İlham Əliyevin fərmanı ilə Qarabağ Dirçəliş Fondu (QDF) yaradılıb. Prezidentin digər bir sərəncamı ilə ölkənin ictimai-siyasi və mədəni sahələrində çalışan 9 nəfər Fondun Müşahidə Şurasına üzv təyin edilib. Fondun vəsaitləri fiziki və hüquqi şəxslərin ianələri, qrantlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılacaq.
 
Prezidentin sərəncamı ilə iqtisadiyyat naziri Mikayıl Cabbarov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev, deputat Fatma Yıldırım, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Dillər və İqtisad universitetlərinin rektorları Kamal Abdulla və Ədalət Muradov və Xalq artisti Alim Qasımov Müşahidə Şurasının üzvləri təyin olunublar.
 
İlkin hesablamalara görə, işğal müddətində Azərbaycana dəyən ziyan 100 milyard dollarla 180 milyard dollar arasında dəyişir. Tədqiqatlar isə davam etdirilir. Bölgəyə nə qədər əhalinin köçürüləcəyi müəyyənləşdirilir. Əhalinin hansı mərhələdə köçürülməsi ilə bağlı müzakirələr aparılır, müvafiq konsepsiya da mövcuddur. Bu tədqiqatlar tamamlandıqdan sonra bölgənin yenidənqurma proqramı hazır olacaq.
 
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov AYNA-ya deyib ki, Vətən müharibəsində qazandığımız qələbə ali məqsədimizin birinci mərhələsidir: “Əsas məqsəd - 30 il ərzində  öz ata-baba yurdundan didərgin düşən soydaşlarımızın öz torpaqlarına qayıtmasıdır. Bunun üçünsə birinci növbədə iqtisadi dəstək lazımdır. Artıq məlumdur ki, 2021-ci ilin dövlət büdcəsi qəbul olunub. Dövlət büdcəsində 2,2 milyard manat vəsait bunun üçün nəzərdə tutulub. Amma bütövlükdə bu proseslərin mükəmməl səviyyədə həyata keçirilməsi və orda həyatın, sözün əsl mənasında qaynaması üçün və digər tərəfdən böyük bir məkanın Azərbaycan iqtisadiyyatına tam inteqrasiya olunması üçün əlavə bir dəstək lazım idi”.
Aydın Hüseynov: Azərbaycan dövləti bu proqramlarla özünün iqtisadi və  sosial gücünü bir daha nümayiş etdirdi - AZƏRTAC – Azərbaycan Dövlət  İnformasiya Agentliyi
Deputatın sözlərinə görə, insanların, iş adamalarının, hətta xaricdə yaşayan azərbaycanlıların arzu və istəkləri ondan ibarətdir ki, Qarabağa öz dəstəklərini göstərsinlər: “Və bütün bunlar üçün belə bir fondun yaradılması mühüm idi. Biz hərbi-siyasi qələbədə milli birliyimizi göstərdik. İndi isə ikinci milli birliyimiz həmin o yerlərdə bütün Azərbaycan vətəndaşlarının, eyni zamanda, ürəyi Azərbaycanla olan soydaşlarımızın orada dəstəyini sistemli şəkildə həyata keçirmək, proqram şəklində həyata keçirmək üçün bu Fondun yaradılması və o Fonda daxil olan vəsaitlər hesabına proqram şəklində, ardıcıl, sistemli şəkildə orda bütün infrastruktur layihələrinin qurulması, mədəni abidələrimizin bərpası üçün, çox müasir turizm şəbəkəsinin yaradılması üçün və bütövlükdə bütün bu işlərin həyata keçirilməsi üçün dövlət tərəfindən ayrılan vəsait, eyni zamanda da həmin Fonda toplanacaq vəsaitlərin sistemli, proqram şəklində tənzimlənməsi üçün bu Fondun yaradılması çox vacib idi”.
 
Hüseynov əmindir ki, həm dövlət büdcəsindən ayrılan, həm də Qarabağ Dirçəliş Fonduna toplanan vəsait hesabına, az müddətdə Qarabağımızı cənnətə çevirəcəyik: “Prezidentimizin də bildirdiyi kimi, orda görüləcək işlər çox müasir şəkildə olacaq. Füzulidə çəkilən yol buna bariz sübutdur. Həmin yol 6 zolaqlı müasir bir yoldur. Digər tərəfdən isə Qarabağda çoxlu sayda mədəni abidələrimiz var. Onların bərpası, ermənilərin təbiətə, ekologiyaya vurduqların ziyanın bərpası və s. bütün bunların hamısı böyük bir vəsait tələb edir”.
 
“Bu qədər vəsaitlərin yatırılması qarşılığında, bizim ordan götürəcəyimiz vəsaitin məbləği də olmayacaq. Bildiyimiz kimi, həmin zonada kifayət qədər potensial. Həmin zonada aqrar sektorla yanaşı, sənayenin inkişafı üçün çox böyük imkanlar var. Orada civə, qızıl ehiyatlarımız, çox böyük həcmdə üzlük, mərmər daşlarımız və s. ehtiyatlarımız mövcuddur, mineral və şirin su ehtiyatlarımız var. Sənayenin inkişafı, iqtisadiyyatın digər sahələri ilə inteqrasiya olunmuş şəkildə inkişaf etdirilməsi üçün orada çox böyük şərait var. Əkinçilik, maldarlıqla bağlı da böyük potensial var. Üstəlik, turizm imkanları var - təbii şəraiti, iqlimi. Bütövlükdə turizmi inkişaf etdirəcək sağlamlıq, müalicə komplekslərinin yaradılması da vacibdir və yaradılacaqdır. Qarabağın iqtisadiyyatı ölkə iqtisadiyyatında önəmli bir yer tutacaq. Və bu, bizim iqtisadi artımımızı və dayanıqlı iqtisadiyyatımızın qorunub saxlanılmasını təmin edəcək”.
 
İqtisadçı-ekspert Elşən Bağırzadə də AYNA-ya şərhində deyib ki, Qarabağın işğaldan azad edilməsindən sonra görülməli olan ilk iş həmin zonanın iqtisadi bərpasıdır: “Bundan sonra cəmiyyət və dövlət olaraq bizim görəcəyimiz əsas iş işğaldan azad olunmuş ərazilərin bərpası və həmin ərazilərdə görüləcək yenidənqurma işlərinin uğurla həyata keçirilməsidir. Bu günə qədər qazandığımız hərbi-siyasi zəfəri bundan sonra iqtisadi zəfərlərlə taclandırmaq bir cəmiyyət olaraq bizim qarşımızda dayanan əsas məsələdir. Bu, kifayət qədər çətin və böyük xərc tələb edən bir prosesdir. Və bütövlükdə cəmiyyətin bütün təbəqələrinin bu prosedə aktiv iştirakını tələb edir”.
Elşən Bağırzadə: “Dünya səviyyəli universitet olmağı hədəfləmişik”
“Qeyd edim ki, işğaldan azad olunmuş ərazilərin bərpası və orada görüləcək yenidənqurma işləri ilə bağlı Azərbaycan hökumətinin artıq konsepsiyası var. Bu konsepsiya ilə bağlı ictimaiyyətə məlumat verilir və bundan sonra görüləcək işlər də bu konsepsiya çərçivəsində həyata keçirilir. Məhz o işlərdən biri də bugünlərdə yaradılmış Qarabağ Dirçəliş Fondudur. Qarabağ Dirçəliş Fondunun yaradılmasında məqsəd Qarabağın yenidın qurulması prosesində həmin görüləcək işlərə yetəri qədər maliyyə resurslarının cəlb edilməsidir. Bu maliyyə resurslarının da bir qurum vasitəsilə idarə olunması daha effektiv ola bilər. Hökumət də bu istiqamətdə öz işlərini davam etdirir”, - müsahibimiz bildirib.
 
Fondun görəcəyi işlərə gəlincə, ekspertin sözlərinə görə, bu, sözügedən prosesə maliyyə dəstəyinin göstərilməsi və sərmayelərin cəlb edilməsindən ibarətdir: “Bu istiqamətdə bəzi layihələr üzrə dövlət və özəl əməkdaşlığın təmin edilməsi məqsədlərdəndir. Ən vacib məqam isə - Qarabağın bərpası prosesində daxildə və xaricdə zəruri təşviqat işlərini aparmaq, müxtəlif özəl sektor qurumlarının, ayrı-ayrı şəxslərin bu ərazilərdəki quruculuq işlərinə dəstək verməsi, eyni zamanda, iqtisadi layihələrdə iştirakı ilə bağlı müvafiq təşviqat tədbirlərini həyata keçirməkdir. Fondun maliyyələşməsi fiziki və hüquqi şəxslərin ianələri hesabına təmin olunacaq. Həmçinin, qrantlar və digər mənbələrdən vəsait cəlb olunacaq. Həmin digər mənbələr kifayət qədər genişdir. Hökumətin bu sahədə imkanları çoxdur.  Həm özəl sektor, həm əhali, həm də beynəlxaql donorlardan bu istiqamətdə kifayət qədər maliyyə resurslarının cəlb edilməsi fondun əsas hədəfləri olacaq”.
 
Fondun xərclənmə istiqamətlərinə toxunan Bağırzadə qeyd edib ki, burada müxtəlif istiqamətləri göstərmək olar: “Bu, Fondun nizamnaməsi təsdiq olunanda daha dəqiq olacaq. Amma ümumilikdə qeyd edə bilərik ki, bunlar texniki-iqtisadi əsaslandırmalar var, onların hazırlanması, layihələndirilməsi, tikinti işlərinin maliyyələşdirilməsi, özəl sektor layihələrinin təşviqi və dəstəklənməsidir. Bu kimi istiqamətlərdə Fondun vəsaitəri xərclənəcək. Qarabağın bərpasında Azərbaycanın çox böyük maliyyə resurlarına ehtiyac duyacağı məlumdur. Bölgədən aldığımız  görüntülər və ilkin tədqiqatlar göstərir ki, əksər rayonlarda yaşayış, fəliyyət üçün heç bir imkan saxlanılmayıb. Bütün infrastruktur ortadan qaldırılıb, sadəcə boş torpaqlar qalıb. Bunun üçün də çox böyük maliyyə resurlarının sərf olunacağı şübhəsizdir”.
 
“Təbii ki, bu proseslər mərhələlərlə həyata keçiriləcək. Bu mərhələlər də müvafiq dövlət proqramları çərçivəsində nəzərdə tutulacaq. İnfrastrukturun qurulması, əhalinin köçürülməsi və s. kimi məsələlər orda öz əksini tapacaq. Azərbaycana dəyən zərər, ümumilikdə bununla bağlı tədqiqatlar aparılır, ilkin qiymətləndirilmələr aparılır. Bu, həm bərpa üçün lazım olan maliyyə resurslarının qiymətləndirilməsi baxımından önəmlidir, həm də Ermənistana müvafiq təzminat tələblərində bu itkinin həcmi bizim üçün çox önəmli olacaq. Düşünürəm ki, bu istiqamətdəki tədqiqatlar, qiymətləndirmələr də ən qısa zamanda tamamlanacaq. Hesab edirəm ki, Qarabağ Dirçəliş Fondu dünya azərbaycanlılarının, Azərbaycana dost olan, regionda iqtisadi marağı olan, investisiya yatırmaqda maraqlı olan ölkələrin diqqətini cəlb edəcək və qurum da bu istiqamətdəki görüləcək işlərin daha da geniş şəkildə və sürətli formada həyata keçirilməsində öz rolunu oynayacaq”, - iqtisadçı vurğulayıb.
Tarix: 6-01-2021, 20:57
Xəbəri paylaş



Xəbər lenti