“Yoldaş general, bəsdir, ermənilərə tərəfkeşlik etdiniz!..” - Azərbaycanlı polkovnik...

“Rusiya hərbçiləri ilə ağılla davranmalı, onların 1988-1990-cı illərdəki kimi ermənilərə dayaq durmasına imkan verməməliyik...”
"Onların bizə münasibətdə səhvlərini, təxribatlarını və s. vaxtında, yerindəcə diplomatik üslubda üzlərinə söyləməliyik..."
 

DİN-in sabiq idarə rəisi, eyni zamanda vaxtilə jurnalist, baş redaktor kimi çalışmış itefada olan polkovnik Mehman Mehmanov Moderator.az-a növbəti açıqlamasında 1980-ci illərin sonunda sovet-rus rəhbərliyinin Azərbaycana, o cümlədən hüquq-mühafizə orqanlarımıza təzyiqləri, ermənilərə münasibətdə ayrı-seçkilik nümayiş etdirməsi və s.  haqda şahidi və iştirakçısı olduğu olaylarlardan danışıb.

“Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük müzəffər savaşımız nəticəsindəki 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın böyük bir hissəsinə tam nəzarəti ələ keçirdikdən sonra Ermənistanda elə bir situasiya yetişib ki, erməni cəmiyyəti həqiqəti görmür,  mövcud reallıqla heç cür barışmaq, çağdaş dünyanın özlərinin gələcəyi üçün də sərfəli olan iqtisadi-siyasi tələbləri ilə yola getmək istəmir. Allah sanki bunların qəlbinə bir möhür vurub... Və bununla bahəm Rusiyanın siyasi dairələri də, xüsusən sülhməramlı qismində Qarabağa -Azərbaycan torpaqlarına daxil olmuş hərbi kontingent vasitəsilə bunlara dayaq durur, dəstək verir... 

Əvvəllər dediyim kimi, bir daha deyirəm, Azərbaycana qarşı yönəlmiş belə məsələlərdə qətiyyən rus xalqını ittiham etmirəm. Rus xalqı böyük xalqdır və yeri gələndə rus insanı nəcib xarakterli, geniş ürəkli bir insandır. Ancaq yüz illərdir Rusiya imperiyasının Kremldə formalaşan dövlət adamları, hərbi komandanlığı nədənsə hamısı şovinist xarakterli, ədalətsiz, bəzən hətta nəinki keçmiş sovet məkanındakı xalqlara, öz xalqlarına da qarşı zülm edə bilən kəslər olur. Və belələri daim öz  imperiyapərəst ideologiyalarını həyata keçirmək üçün Qafqaza, o cümlədən Qarabağa köçürüb bəsləyib oyuncaq dövlətlər qurduqları ermənilərə arxa, dayaq duraraq onlardan Azərbaycana, Türkiyəyə qarşı alət kimi yararlanıblar və bu gün də bu  məkrli ənənəni davam etdirmək əzmindədirlər...

Rəsmi MoskvanınAzərbaycana qarşı bu cür haqsız siyasətinin bariz nümunələrini hələ sovet dövründə Qarabağ münaqişəsinin yenicə qızışdırılıb ortalığa atıldığı illərdə Daxili İşlər nazirliyində çalışarkən şahidi olmuşam. Belə epizodlardan birini nəzərinizə çatdırmaq istəyirəm.

Təxminən 1989-cu  il idi. Guya Qarabağda münaqişənin kəskinləşməməsi məqsədilə Moskvadan Azərbaycan DİN-ə göstəriş verilmişdi ki, əhalidə olan bütün silahlar yığılsın. Bu səbəbdən azərbaycanlılardan nəinki qanuni ov silahlarını, az qala, adi mətbəx bıçaqlarını, uşaqların oynatdığı silaha bənzər taxta parçalarının da  yığılmasına başlandı... 

Bir gün DİN-in böyük kollegiya  zalında məhz bu və erməni münaqişəsinə dair digər məsələlərlə bağlı geniş müşavirə keçirilirdi. O vaxt mən  DİN orqanı olan “Mübariz keşikdə” qəzetinin müxbiri, baş leytenant idim... 

Moskvadan gəlmiş SSRİ Daxili İşlər nazirinin 1-ci müavini general Truşin də müşavirədə iştirak edirdi.  Bu bərli-bəzəkli, şumal rus generalı elə pafos və bəlağətlə danışırdı ki, əlindən, az qala, çəngəl-bıçağı da alınmış  Azərbaycan xalqı guya  “dinc” ermənilərə qan uddurur. Halbuki, Qarabağda və Ermənistandakı ermənilərdə olan nəinki ov silahları, rus ordusundan ələ keçirilmiş, oğurlanmış döyüş silahları da yığılmamışdı. Və əslində ilk olaraq “Ermənistan” adlanan Qərbi Azərbaycandan soydaşlarımızı amansız zorakılıqla köçürdən, Qarabağda, Bakıda təxribatlar, terrorlar, qətllər törədən,  Qarabağ, ətraf rayonlar və Ermənistanla sərhədlərdə dinc sakinlərimizin başına od yağdıran ermənilər idi.. 

Odur ki, Moskvadan gələn rəsmilərin ermənilərin xeyrinə, birtərəfli danışıqları hamımızın səbrimizi daşdırır, ürəyimizi partlamaq dərəcəsinə gətirirdi. Amma o zaman da sözünü deyən vəzifəli kişilərimiz vardı... 

Gözlənilmədən ikinci yarusda əyləşmiş Qazax rayon milis şöbəsinin rəisi, polkovnik Əhəd Həsənov yerindən sıçrayaraq çox qəzəblə rus dilində ucadan dedi: “Yoldaş general, bəsdir birtərəfli danışdınız, ermənilərə tərəfkeşlik etdiniz!..”  Və general Truşin artıq kəkələyərək heç bir cavab verə bilmədi.  Hamımızın ürəyindən tikan çıxdı. Amma  o vaxtkı Daxili İşlər naziri mərhum Aydın Məmmədov məcbur olub Əhəd Həsənova zalı tərk etmək göstərişi verdi.  Və sanki bundan ruhlanan rus general yenə də əvvəlki templə erməniləri müdafiə etməyə, bizləri qınamağa başladı...

Bu gün  30 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızın böyük bir hissəsini, o cümlədən Qarabağın ürəyi olan Şuşanı tam azad etsək də,  bu cür  tarixi olaylardan dərs çıxarmalı, Kremlin yetirməsi olan istər Rusiya siyasətçi, dövlət rəsmisi, istərsə də, hərbçi, general, komandirləri ilə çox ehtiyat və ağılla davranmalı, onların bizə münasibətdə səhvlərini, təxribatlarını və s. vaxtında, yerindəcə diplomatik üslubda üzlərinə söyləməli və 1988-1990-cı illərdə olduğu kimi, ermənilərə dayaq durmasına imkan verməməliyik”- deyə  keçmiş polis polkovniki vurğulayıb.

Tarix: 6-01-2021, 15:32
Xəbəri paylaş



Xəbər lenti