Qarabağdakı qeyri-qanuni silahlı birləşmələrin və qondarma rejimin rəhbəri Araik Arutyunyan cəzalandırılmadığından istifadə edib avantürist addımlarını davam etdirir.Belə ki, o, 4 yanvarda cinayət ortaqlarından biri Masis Mailyanı “Dağlıq Qarabağın xarici işlər naziri” vəzifəsindən azad etməklə bağlı “fərman” imzalayıb. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Qarabağ terrorçularının boşboğaz nümayəndəsi David Babayan onun yerinə “təyin olunub”. O indiyədək “prezidentin məsləhətçisi” adlı qondarma vəzifəni daşıyırdı. Vaqram Baqdasaryan “maliyyə naziri” vəzifəsindən azad edilib. Qriqoriy Martirosyan “dövlət naziri-maliyyə naziri” oyuncaq postuna təyinat alıb.
Bütün bu adları yazmaqda məqsədimiz bir daha Azərbaycan Konstitusiyasına zidd fəaliyyətlə məşğul olan terrorçu rejim təmsilçilərinin bəzilərini xatırlatmaqdır. Görünür, bir gün əvvəl İrəvandakı toplantıda Nikol Paşinyanla yanaşı sədarətdə oturması baş terrorçu A.Arutyunyanı şirnikləndirib. Əks təqdirdə Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən barəsində cinayət işi açılması və İnterpol axtarışına verilməsinin qarşılığında növbəti özbaşınalıqlara yol verməzdi.
Tarix: 5-01-2021, 08:31