44 günlük Vətən müharibəsinin noyabrın 10-da üçtərəfli müqavilə ilə sonlanmasına baxmayaraq, separatçı qüvvələr hələ də silahı yerə qoymurlar. Onlar ayrı-ayrı dəstələr halında Azərbaycan Ordusuna qarşı hücumlar təşkil edirlər.Son olaraq dekabrın 27-də saat 15.30 radələrində Azərbaycanın Xocavənd rayonunun (Akaku) Ağdam kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib. Nəticədə bir nəfər hərbi qulluqçumuz, əsgər Qənbərov Elmir Rayil oğlu şəhid olub, əsgər Əliyev Emin Süleyman oğlu isə yaralanıb. Görülən tədbirlər nəticəsində isə qanunsuz erməni hərbi dəstəsinin altı üzvü məhv edilib.
Hərbi ekspert Şair Ramaldanov məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında bildirib ki, Azərbaycan müharibədə qələbə çaldıqdan sonra azad edilən ərazilərdə ayrı-ayrı terrorçulara qarşı əməliyyata başlayıb:
“Çünki biz bilirik ki, beynəlxalq terrorçu qrupların üzvləri bizim işğal olunmuş ərazilərimizə hələ döyüş başlamadan əvvəl də gətirilmişdi. Lakin qələbədən sonra Ermənistanda gedən proseslər nəticəsində o qruplar nəzarətdən çıxdılar. Çünki hərbi-siyasi rəhbərliyin başı özlərinə qarışıb. Terrorçular dövlət yox, ayrı-ayrı şəxslər, erməni diasporları tərəfindən maliyyələşdirilir”.
Ekspert vurğulayıb ki, separatçıların maliyyələşdirilməsi davam etdikcə bu terrorçu fəaliyyətlə üzləşəcəyik:
“Digər tərəfdən ermənilər hələ müharibə başlamadan əvvəl partizan hərəkatına keçəcəklərini deyirdilər, sığınacaqlar hazırlayırdılar, kurs keçirdilər. Onu qeyd edim ki, burada təəccüblü heç nə yoxdur. Heç kim demirdi ki, biz qələbə çaldıqdan sonra bunlar dinc duracaqlar. Biz qələbə çalmaqla Ermənistan Silahlı Qüvvələrini Azərbaycan torpaqlarından qovduq və bununla da ərazi bütövlüyümüz bərpa olundu. Kim deyirdi ki, bu baş verdikdən sonra quldurlar olmayacaq? Biz bunu gözləyirdik və hətta bununla bağlı lazımi tədbirlər də əvvəlcədən planlaşdırılıb. Hazırda həmin planlar üzrə o qrupların, ayrı-ayrı şəxslərin izlənməsi, tərksilah edilməsi prosesi gedir və bu proses çox aktiv, səmərəli həyata keçirilir. Biz onların qarşısını almasaydıq, daha ağır nəticələrlə qarşılaşa bilərdik. Quldur qrupları həmişə olub”.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, işğaldan azad edilən ərazilərimizin tam şəkildə terrorçulardan təmizlənməsi üçün müəyyən vaxt lazımdır:
“Bir az vaxt keçməlidir ki, digər ərazilərdə olduğu kimi işğaldan azad olunan torpaqlarda da biz yaşaya bilək. O ərazilərdə giriş məhduddur, çünki mina sahələri çoxdur. Onlar təmizlənməli, infrastruktur bərpa olunmalıdır. Bu, müvəqqəti boşluqdur və həmin quldurlar partizan hərəkatı adı altında hadisə törətməyə cəhd edirlər. Qələbədən sonra onsuz da anti-terror əməliyyatına başlanılıb və bu əməliyyatla güc strukturları həmin terrorçuları məhv etməyə çalışır. Bunu nəzarətdə saxlamaq üçün Azərbaycanda sülhməramlı qüvvələr də yerləşdirilib. Hazırda monitorinq qrupunun tam fəaliyyəti başlamasa da, qısa zamanda bu mümkün olacaq. Onlar tam şəkildə möhkəmlənməyiblər, bütün marşrutları müəyyənləşdirməyiblər, əraziləri tam tanımırlar. Sülhməramlılar postlar qurublar, zəncirvari şəkildə ərazinin hər metrində durmayıblar, indi texniki vasitələrlə təmin olunurlar və PUA-larla ərazini nəzarətdə saxlayacaqlar. Nəzarət çox olduqca, həmin qüvvələrin terrorçu fəaliyyəti də məhdudlaşacaq. Prosesin üzərindən cəmi bir ay keçib. Axı biz düşmənin xislətinə bələd idik. Mina sahələri yeraltı təhlükədirsə, yerüstü təhlükə də o terrorçulardır. Bir şeyə köklənməliyik ki, Azərbaycan qələbə çalıb və təhlükəsizlik tədbirləri görür. Silahlı bölmələr hesabına atəşkəsə əməl olunub. Xırda terrorçulara qarşı atəşkəs yoxdur, ona görə də bizim güc strukturlarımız daima fəaliyyətdədirlər. Rayonlarda komendatlar təyin olunub və onların özlərinin də terrorçuluğa qarşı müəyyən tədbirləri var. Sadəcə zaman lazımdır. Azad olunan ərazi hələ ki təhlükəli ərazidir. Bunu nəzərə almalıyıq”.
Tarix: 28-12-2020, 13:56