Türkiyə hərbçilərinin gəlişini tezləşdirmək lazımdır
Rusların qoruduğu dəhlizdən Qarabağda gizlənmiş terrorçuların təminatı üçün istifadə olunurHadrut rayonunda erməni hərbçilərinin mühasirəyə düşdüyünü əks etdirən videokadrlar həqiqəti əks etdirir. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı bəyanatda bidirilib. Vurğulanıb ki, Xocavəndin Köhnə Tağlar və Çaylaqqala kəndləri ərazisində mühasirəyə düşən erməni hərbçiləri, Rusiya sülhməramlıların qornizon komandanı, general-leytenant Rüstəm Muradovun şəxsən vasitəçilik etməsindən sonra ərazidən çıxarılıblar. Rusiya sülhməramlılarına təhvil verilən erməni silahlılarından birinin qardaşı deyib ki, 30-dan çox erməni silahlısı Çaylaqqala və Köhnə Tağlara sızdırılıb.
Lakin Azərbaycan Ordusu tərəfindən mühasirəyə alınan erməni silahlıları tərkisilah edildikdən sonra, Rusiya sülhməramlılarının postlarına təhvil veriliblər: “Təxminən 20 gün əvvəl könüllülərdən ibarət qrupu Qarabağın Hadrut rayonundakı Köhnə Tağlar və Çaylaqala kəndləri ətrafındakı postlarda yerləşdirdilər. İki gün öncə Azərbaycan Silahlı Qüvvələri hücum etdi və könüllülərdən bir qrupu mühasirəyə düşdü. Azərbaycanlılardan biri bizimkilərə yaxınlaşıb deyib ki, sayınız az olduğu üçün sizi öldürmək istəmirik. Ya döyüşü davam etdirin, ya da sizi sülhməramlılara təhvil verək”.
Göründüyü kimi, erməni silahlıları ikinci variantı seçiblər və Azərbaycan əsgərləri onları tərksilah edərək Rusiya sülhməramlılarına təhvil verib.
Bu açıqlamalardan da məlum olur ki, hərbi əməliyyatların dayandırılmasından sonra Ermənistan tərəfi razılaşmanın şərtlərini pozaraq azad edilmiş Azərbaycan torpaqlarına terrorçu dəstələr göndərib. Həm də bu terrorçu qruplar Rusiya sülhməramlılarının nəzarətindəki Laçın dəhlizindən bölgəyə sızdırılıb. Halbuki, Rusiya sülhməramlılarının bölgəyə yerləşməsi ilə bütün erməni silahlıları oranı təkr etməliydi.
Qarabağda baş verən narahatedici məqamlarla bağlı “Şərq”ə danışan millət vəkili Elman Məmmədov deyib ki, 10 noyabr anlaşmasından sonra Ağdam, Kəlbəcər və Laçından erməni silahlı qüvvələri çıxarıldı. Ancaq Xocavənd rayonunun hələlik Azərbaycanın nəzarətində olmayan bölgəsində, keçmiş Ağdərənin və Xocalının böyük hissəsində, o cümlədən Xankəndində silahlı ermənilər qalmaqdadır. Deputatın sözlərinə görə, erməni quldurlarının tör-töküntüləri hələ də Dağlıq Qarabağdadır:
“Bu fakt hamıya məlumdur. Erməni terrorçuları ərazini tərk etmək, təslim olmaq, silahı yerə qoymaq fikrində deyillər. Onlar Azərbaycan Ordusuna müqavimət göstərirlər. Hadrutun iki kəndində baş verən təxribat vəziyyətin mürəkkəb olduğunu göstərdi. Rusiya sülhməramlılarının komandanı bölgəyə ayaq basdığı ilk gündən üçtərəfli Bəyannaməni ciddi şəkildə pozaraq, tanınmamış qondarma rejimin “başçısı” ilə görüşdü, onunla əməkdaşlığa başladı. Xocalı soyqırımının ən qəddar simalarından olan Vitali Balasanyanla ünsiyyət saxladı. Erməni silahlıları sülhməramlıların gözü qabağında sərbəst gəzirlər. Halbuki, onları silahsızlaşdırmaq Rusiya sülhməramlılarının üzərinə götürdüyü öhdəlik idi. Müxtəlif ölkələrdən gələn erməni terrorçular dərhal ərazimizdən uzaqlaşdırılmalı, yerli ermənilər isə heç olmasa silahsızlaşdırılmalıdır. Sülhməramlılar öz işinin öhdəsindən gəlmədiyi üçün Azərbaycan tərəfi özü əməliyyat keçirməyə məcbur oldu və terrorçu qruplaşmaları zərərsizləşdirdi, sağ qalanlar əsir götürüldü. Əslində həmin ermənilər Yerevanın iddia etdiyi kimi “hərbi əsir” sayılmırlar. Çünki müharibə dayandırılıb. Ordumuzun mövqelərinə hücum edənlər silahlı quldur dəstələri, terrorçulardır və hamısı məhv edilməlidir”.
Parlament üzvü Laçın dəhlizi ilə bağlı narahatlığını da dilə gətirib: “Ağdam və Əsgəran rayonlarından başlamış düz Ermənistana kimi sülhməramlıların fəaliyyət göstərdiyi 5 kilometrlik dəhliz yaradılıb. Məyusedici fakt odur ki, dəhlizin Azərbaycanla Ermənistanın dövlət sərhədinə aid olan hissəsində bizim hərbçilərimiz dayanmır, ora nəzarət edə bilmirik. Ona görə də istənilən silahlı şəxs, quldur, hansısa terrorçu, yaxud silahsız erməni dəhliz vasitəsi ilə rahat şəkildə Dağlıq Qarabağa girib-çıxa bilər. Özləri ilə istədiklərini də aparıb-gətirirlər. Ən təhlükəli məqam odur ki, həmin dəhlizdən Dağlıq Qarabağda gizlənmiş terrorçuların təminatı üçün istifadə olunur. Ermənistanla bütün sərhəd xəttində hökmən postlarımız qurulmalıdır. Torpaqlarımıza girib-çıxanlara özümüz nəzarət etməliyik”.
E.Məmmədov vurğulayıb ki, Türkiyə hərbçilərinin Azərbaycana gəlişini tezləşdirmək lazımdır: “Türkiyə-Rusiya birgə monitorinq mərkəzi Ağdamda yerləşəcək. Arzumuz odur ki, bu mərkəz birbaşa Xankəndində fəaliyyət göstərsin. Görünür, müəyyən güclər, beynəlxalq dairələr Türkiyənin Dağlıq Qarabağ adlandırılan bölgənin içinə girməsinə heç cür imkan vermirlər. Lakin Azərbaycan hökuməti heç kimin istəyi ilə oturub-durmur. Əminik ki, bütün ərazilərimiz yaxın günlərdə düşmən ünsürlərdən təmizlənəcək. Prezidentimizin polad iradəsi, dəmir yumruğu sayəsində bütün zəruri tədbirlər görüləcək. Beynəlxalq hüquqla yanaşı güc də bizim tərəfimizdədir”.
Tarix: 21-12-2020, 21:02