“Qarabağda atəşkəsə nəzarətlə bağlı ixtilaf var” –"Reuters"


“Ankara və Moskvanın Dağlıq Qarabağ bölgəsindəki atəşkəsə nəzarət etməklə bağlı ciddi fikir ayrılığı var”.
Strateq.az “Reuters”-ə istinadla xəbər verir ki, bunu agentliyə anonim bir türk rəsmisi bildirib.
Rusiyanın vasitəçiliyi ilə Bakı və İrəvan arasında Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması haqqında üçtərəfli razılaşmadan sonra atəşkəsi izləmək üçün ortaq bir mərkəz yaradılmalıdır.
Dağlıq Qarabağ bölgəsində təxminən 2000 rus sülhməramlı qüvvəsinin göndərilməsindən sonra Türkiyə parlamenti də Azərbaycanda hərbi kontingentin mövcudluğuna dair qanunu təsdiqləyib. Onun tərkibi və sayı barədə prezident Ərdoğan qərar verməlidir.
Rusiya və Türkiyə rəsmiləri hələ monitorinq mexanizminin parametrləri barədə razılığa gəlməyiblər, lakin rəsmi Bakını dəstəkləyən Türkiyə vacib olan sahələrdə təsirini artırmaq üçün müstəqil nəzarət mərkəzinə sahib olmaq istəyir.
Adının açıqlanmasını istəməyən bir türk rəsmi mənbəyi bununla bağlı bildirib: “Ankara ilə Moskva arasındakı ən böyük fikir ayrılığının səbəbi Türkiyənin Azərbaycan Respublikası ərazilərində qurmağa çalışdığı müşahidə postudur. Rusiya bunun lüzumsuz olduğunu düşünür. Ancaq bu, Türkiyə üçün çox vacibdir”.
Məlumatlı mənbə Moskvada danışıqların davam etdiyini və Türkiyənin Rusiya ilə nəzəri bir razılığa gələ biləcəyini ehtimal edib.
Tarix: 24-11-2020, 14:02
Xəbəri paylaş



Xəbər lenti