Milli Onkologiya Mərkəzinin direktor müavini, Milli Məclisin deputatı Kəmaləddin Qafarovun şirkətlərinin fəaliyyətinə stop qoyulub.Bu barədə Qlobal.az-ın əldə etdiyi məlumatda bildirilir.
Deputatın şirkətlərinə "stop" qoyulmasının səbəbi külli miqdarda vəasiti vergidən yayındırması ilə izah edilir.
Kəmaləddin Qafarovun fəaliyyəti müvəqqəti dondurulan şirkətləri bunlardır:
1. Azərimed MMC. Bu şirkətin son illər Milli Onkologiya Mərkəzi və Səhiyyə nazirliyi ilə 10 milyon manatlarla dövriyyəsi olub.
"AZERİMED”in qanuni təmsilçisi Famil Rəhimli Vəli oğludur. Amma şirkətin hüquqi ünvanı Binəqədi rayonu, Mustafa Kamal Atatürk, ev 65 A, m. 155-dir. Məhz bu ünvanda Kəmaləddin Qafarov özü və uşaqları qeydiyyatdadır.
Şirkət ayrıca Əhməd Rəcəbli küçəsindəki "AZERİMED” adlı tibbi marketdə tibbi ləvazimatların və avadanlıqların satışını həyata keçirir, bütün ölkə boyu şəbəkələşmiş "Zəfəran" apteklərini və "Zəfəran" Hospitalı idarə edir.
Kəmaləddin Qafarovun qeydiyyatda olduğu Binəqədi rayonu, Mustafa Kamal Atatürk, ev 65 A, m. 155 ünvanında onun daha bir ailə şirkəti - "AZƏRİ MED-MNK" MMC hüquqi qeydiyyatdadır. Şirkət Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 10 manat nizamnamə kapitalı ilə 2008-ci il martın 11-də qeydiyyata alınıb. Qanuni təmsilçisi Kəmaləddin Qafarovun yaxın qohumu Canilya Qafarova Rəhim qızıdır.
2. Kanon MMC. MMC 2008-ci il mayın 1-də 10 manat nizamnamə kapitalı ilə Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində Səbuhi Abbasov Füqar oğlunun adına rəsmiləşdirilib. Bu şirkətin də hüquqi ünvanı Kəmaləddin Qafarovun qeydiyyatda olduğu Binəqədi rayonu, Mustafa Kamal Atatürk, ev 65 A, m. 155-dir. Səbuhi Abbasov əvvəllər Canilya Qafarovanın qanuni təmsilçisi olduğu "AZERİMED” MMC-nin idxal departamentinin direktoru olub. Bu şirkət üzərindən Qafarovlar ailəsi ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən, onlarla apteki özündə birləşdirən "Kanon” şəbəkəsinə sahibdir.
3. "AVESTAFARM" MMC. Bu şirkət 2009-cu il mayın 15-də 10 manat nizamnamə kapitalı ilə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdan keçib, qanuni təmsilçisi Elçin İbrahimov İsmayıl oğludur. Bu şirkətin də 2018-ci il dekabrın 19-da Canilya Qafarovanın şirkətinə - "Azəri Med" MMC-yə birləşdirildiyi barədə bir müddət əvvəl məlumat yayılıb.
"MEGA PHARMACY" MMC 2009-cu il aprelin 9-dan Qafarovların ailə şirkətlərinin sırasına daxil olub. 10 manat nizamnamə kapitalı ilə Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində qeydiyyata alınıb. Hüquqi ünvanı Kəmaləddin Qafarovun qeydiyyatda olduğu Binəqədi rayonu, Mustafa Kamal Atatürk, ev 65 A, m. 155, qanuni təmsilçisi isə Canilya Qafarovadır.
4. "NATURALİST" FƏRDİ FİRMASI. Bu şirkət 2001-ci il yanvarın 18-də Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdan keçib. Firmanın qanuni təmsilçisi Kəmaləddin Qafarovun qardaşı Cəlaləddin Qafarov Nəsrəddin oğludur. Əczaçılıq sahəsində fəaliyyət göstərir, ayrıca aptekləri var.
"HELİOS PHARMA LTD” qonşu Gürcüstanda əczaçılıq sahəsində fəaliyyət göstərir. 2009-cu il noyabrın 12-də 202463510 saylı lisenziya nömrəsi ilə Gürcüstan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Reyestri Milli Agentliyində qeydiyyatdan keçib. 2018-ci ilin may ayınadək şirkət Kəmaləddin Qafarovun qardaşı Hüsaməddin Qafarovun adına olub. 2018-ci ilin mayında təsisçi dəyişdirilib və şirkət Canilya Qafarovanın (sənədlərdə Cəmalə kimi qeyd olunub) adına rəsmiləşdirilib. Şirkət Tiflisin İsani-Samqor rayonu, Qorqasali küçəsi 41 ünvanında hüquqi qeydiyyatdadır, Tamara Qamzaşvili adlı gürcü qadın tərəfindən idarə olunur.
Qeyd edək ki, deputata məxsus bu şirkətlər ölkəyə dərman vasitələri və preparatları gətrən əsas şirkətlərdəndir. Bu şirkətlərin ətrafında deputata məxsus xeyli sayda "peyk" şirkətlərin də olduğu ehtimal edilir.
Məsələ ilə bağlı deputat Kəmaləddin Qafarovdan mövqe öyrənə bilmədik.
Qlobal.az