“Veysəloğlu” MMC-yə inzibati protokol yazılıb. Pravda.az-ın xəbərinə görə, Mərkəzi Bank protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib. İş Nizami Rayon Məhkəməsinin hakimi Mətanət Hacıyevanın icraatındadır.
Qeyd edək ki, “Veysəloğlu” MMC Bakı şəhəri Nizami rayonu 2-ci eninə, ev 2 ünvanında qeydiyyatdadır və nizamnamə kapitalı 8 milyon 826 min 172 manatdır. 2006-cı ilin may ayının 22-də dövlət qeydiyyatına alınan “Veysəloğlu” MMC-nin qanuni təmsilçisi Bəxtiyar Allahverdi Adil oğludur. Bəxtiyar Allahverdi eyni zamanda “Veysəloğlu” şirkətinin baş direktorudur. Onu da bildirək ki, Bakı şəhəri Nizami rayonu 2-ci eninə, ev 2 ünvanında bənzər adda daha 2 şirkət – “Veysəloğlu-Yaycılı Qardaşlar” MMC və “Veysəloğlu Grup” MMC-də qeydə alınıb. 2004-cü ildə dövlət qeydiyyatına alınan və 1 milyon manat nizamnamə kapitalı olan “Veysəloğlu-Yaycılı Qardaşlae” MMC-nin qanuni təmsilçisi Sərdarov Vüqar Ziyatxan oğludur. 2017-ci ilin aprel ayının 5-də dövlət qeydiyyatına alınan və nizamnamə kapitalı 100 manat olan “Veysəloğlu Grup” MMC-nin qanuni təmsilçisi isə Talıbov Aydın Veysəl oğludur. Məlumat üçün cumhuriyyet.az bildirir ki, mətbuatda “Veysəloğlu” şirkəti və ona məxsus olan “Araz”, OBA və SPAR supermarketərinin sahibinin də məhz Aydın Talıbov olduğu bildirilir. Ehtimal etmək olar ki, şirkətin adı da Aydın Talıbovun atasının adına görə bu cür adlandırılıb. Qeyd edək ki, Aydın Talıbov 1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonun Siyaqut kəndində anadan olub. Aydın Talıbov Naxçıvan MR-nin Ali Məclisinin sabiq sədri Vasif Talıbovun da məzun olduğu Siyaqut kənd orta məktəbini bitirərək ali təhsilini İqtisadyyat Universitetində davam etdirib. 1994-cü ildən biznes fəaliyyətinə başlayıb.
Azərbaycanda qida, ərzaq sektorunda inhisarçılardan biri, müxtəlif şəhər və rayonlarda marketlərinin sayı 300-ü keçən “Veysəloğlu Grup” MMC onlarla supermarketlər, minimarketlər, böyük satış anbarları, bir sözlə, biznes imperatoprluğuna malikdir. “Araz”, “Oba”, “SPAR” marketlər şəbəkəsi, “Ulduz” şokolad fabriki, Naxçıvanda “Sirab” mineral sular zavodu, “Favorit”, “Xonça”, “AVT Logistics”, cürbəcür KAFE-lər, hətta KİA avtomobillərinin satışı və daha nələr… Üstəlik Gürcüstanda “VG” (Veyseloglu Georgia) distribüsiya şirkətləri, Türkiyədə şirkətləri…. Bu boyda biznes imperiyasının sahibinin Şərurlu bir kənd müəlliminin, “prorab” oğlu Aydın Talıbov olduğu inandırıcı görünmür. Mənbələrin iddiasına əsasən cumhuriyyet.az bildirir ki, bu boyda biznes şəbəkəsinin arxasında PA-nın sabiq rəhbəri Ramiz Mehdiyev, Naxçıvanın sabiq şefi Vasif Talıbov, sabiq baş prokuror, hazırda həbsxanada olan Eldar Həsənov və digərləri dayanması haqda ciddi iddialar var. Vasif Talıbovun icazəsi olmadan Aydın Talıbov Naxçıvanda nəinki SİRAB mineral sular zavodu, heç su köşkü də aça bilməzdi. Veysəloğlu Şirkətlər Qrupuna məxsus marketlərdə kiflənmiş pendir, qurdlu şokolad, içindən bolt-qayka çıxan tumlar satılmasından, yaxud “Araz” marketlərində köhnələn, vaxtı keçən qida məhsullarının OBA-da kasıb camaata satılmasından, vitrindəki qiymətlərlə kassadakı qiymətlər arasındakı xeyli fərqdən, Əmək Müfəttişliyinin, Qida Agentliyinin ortaya qoyduğu faktlardan və s bəhs etməyə ehtiyac görmürük. Heç Ramiz Mehdiyevin, Vasif Talıbovun əli ilə “Ulduz” şokolad fabrikini Aydın Talıbovun necə ələ keçirməsinə də toxunmuruq. Çünki daha ciddi məqam Veysəloğlu Şirkətlər Qrupunun Ramiz Mehdiyevin, Vasif Talıbovun şərikli biznes şəbəkəsi olmasıdır. Ramiz Mehdiyevin, Vasif Talıbovun aqibəti bəllidirsə Veysəloğlunun gələcək talehi də bəllidir. Veysəloğlu şirkətlər qrupunun tərkibində fəaliyyət göstərən bütün marketlər şəbəkəsində yoxlamalara başlanılsa milyardlarla yeyintilər üzə çıxacaq. Veysəloğlu Şirkətlər Qrupundan əldə etdiyimiz məlumata görə, Aydın Talıbov bu yoxlamaları önləmək üçün, şirkətlər qrupuna başqa rəhbər, qrupda fəaliyyət göstərən şəbəkələrə isə, yeni rəhbərlər təyin edib. Amma Ramiz Mehdiyev AMEA-nın prezidenti olanda onunla hansı iş birliyi ilə “MEH”-in satışından əldə olunan milyardlar, Mehdiyevin köməkliyi ilə elmi dərəcələrin kimlərə verilməsi Aydın Talıbovu daha çox narahat etməlidir. Çünki ortada Rasim Məmmədov nümunəsi var…