
İqtisadçı deyir ki, rəsmi işsizlik 5 faiz göstərilsə də, real vəziyyət fərqlidir
Dünya Bankı yaxın 10-15 ildə inkişaf etməkdə olan ölkələrdə ciddi işsizlik problemi yaşanacağını bildirir. Mütəxəssislər bir sıra səbəbləri fərqləndirir. Ən öndə gələnlərdən biri süni zəkanın inkişafıdır. Süni zəka xeyli iş yerlərini sıradan çıxaracaq.
Mütəxəssislər süni zəka, avtomatlaşma ilə yanaşı, əhali artımını, təhsillə əmək bazarı arasındakı uyğunsuzluğu da vacib amillər kimi qeyd edir. Bizimyol.info yazır ki, xüsusilə axırıncı nüans Azərbaycana aiddir: “Ali təhsil müəssisələrindən məzun olanların işlə təminatı çox aşağı səviyyədədir. Hətta buna xüsusi nəzarətin olmadığını qeyd etmək olar. Yəni ayrıca mexanizm yoxdur. Universiteti bitirən şəxslər iş tapmaq üçün dəridən-qabıqdan çıxmalı olur. Ümumiyyətlə, Azərbaycanda işsizliklə bağlı vəziyyət böhran həddindədir. Heç kim inanmır ki, ölkədə işsizliyin səviyyəsi 5 faizdir. Təsəvvür edin, bu göstərici Finlandiyada 11,1, İsveçdə 9,7, Avstriyada 7,5-dir. Dünya Bankının xəbərdarlığına ciddi yanaşmaq lazımdır”.
Dünya Bankının yaxın 10-15 ildə inkişaf etməkdə olan ölkələrdə işsizliyin artacağı ilə bağlı xəbərdarlığı təsadüfi deyil və bu, artıq qlobal iqtisadi transformasiyanın başlanğıc mərhələsi kimi qiymətləndirilməlidir. Xüsusilə süni zəka və avtomatlaşma proseslərinin sürətlənməsi əmək bazarında köklü dəyişikliklərə səbəb olur. Bu dəyişikliklər ən çox aşağı və orta ixtisas tələb edən peşələri hədəf alır və həmin sahələrdə çalışan milyonlarla insan üçün real risk yaradır.
Lakin məsələ təkcə texnologiya ilə məhdudlaşmır. Əhali artımı, urbanizasiya və ən əsası təhsil sistemi ilə əmək bazarı arasındakı ciddi uyğunsuzluq vəziyyəti daha da ağırlaşdırır. Bu baxımdan Azərbaycan kimi ölkələr xüsusi risk qrupuna daxildir. Ali təhsil müəssisələrinin məzunlarının böyük hissəsinin ixtisası üzrə iş tapa bilməməsi artıq sistemli problemə çevrilib. Təhsil müəssisələri ilə real sektor arasında əlaqələrin zəif olması, praktiki bacarıqların arxa plana keçməsi gənclərin əmək bazarına inteqrasiyasını çətinləşdirir.
Rəsmi statistikada işsizlik səviyyəsinin aşağı göstərilməsi isə cəmiyyətdə inamsızlıq yaradır. Müqayisə üçün Finlandiya, İsveç və Avstriya kimi inkişaf etmiş ölkələrdə daha yüksək işsizlik göstəricilərinin açıqlanması ilk baxışda paradoksal görünsə də, bu, həmin ölkələrdə statistikanın daha şəffaf və real metodologiya əsasında aparılması ilə bağlıdır. Azərbaycanda isə qeyri-formal məşğulluğun geniş yayılması real mənzərəni gizlədən əsas amillərdən biridir.
Nəticə etibarilə, Dünya Bankının xəbərdarlığı sadəcə qlobal tendensiyanın təsviri deyil, həm də inkişaf etməkdə olan ölkələr üçün ciddi siqnaldır. Əgər təhsil, əmək bazarı və iqtisadi siyasət arasında koordinasiya gücləndirilməzsə, texnoloji dəyişikliklər işsizlik problemini daha da dərinləşdirəcək və sosial-iqtisadi gərginliyi artıracaq.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Yeni Müsavat”a deyib ki, Azərbaycanın əmək bazarı süni zəka və avtomatlaşma dalğasına hələ zəif hazırdır və Dünya Bankının xəbərdarlığı bizim üçün xüsusilə aktualdır: “Hazırlıq səviyyəsi bir neçə istiqamətdə geri qalır. Birincisi, iqtisadiyyatın strukturu risklidir. Azərbaycanda məşğulluğun təxminən 36-38 faizi kənd təsərrüfatı, ticarət, taksi, kuryer, mühafizə, dövlət idarəçiliyi kimi aşağı ixtisaslı və asan avtomatlaşdırılan sahələrdədir. Banklarda kassir, çağrı mərkəzi operatoru, mühasib köməkçisi, sənəd işləri aparan məmurlar, marketlərdə kassirlər süni zəka və proqram təminatı ilə ilk əvəzlənəcək peşələrdir. Sənayedə də böyük hissə neft-qaz və tikintidir. Neft sektoru artıq özü avtomatlaşır, quyularda adam sayı azalır. Tikintidə də dron, 3D çap, modul tikinti gəldikcə fəhlə ehtiyacı düşəcək. Yəni iqtisadiyyatımız bilik tutumlu, yüksək texnologiyalı sahələrə yox, asan əvəzlənən işlərə söykənir”.
Ekspert dedi ki, təhsillə əmək bazarı arasında uçurum var: “Ali məktəblər hər il on minlərlə hüquqşünas, iqtisadçı, menecer, müəllim buraxır, amma bazarda data analitik, süni zəka mühəndisi, kibertəhlükəsizlik mütəxəssisi, robotexnik, biotexnoloq çatışmır. Universitet proqramları 10-15 il əvvəlin tələblərinə uyğundur. Kodlaşdırma, maşın öyrənməsi, böyük verilənlər, bulud texnologiyaları az sayda yerdə tədris olunur. Peşə təhsili isə nüfuzdan düşüb. Nəticədə diplom var, bacarıq yoxdur. İşəgötürən "təzə məzun heç nə bacarmır" deyir, məzun “iş yoxdur” deyir. Bu uyğunsuzluq süni zəka dövründə daha da dərinləşəcək, çünki süni zəka məhz orta ixtisaslı ofis işlərini yeyir. Üçüncüsü, yenidənöyrənmə mexanizmi yoxdur. Finlandiyada, İsveçdə işini itirən adamı dövlət 6 ay ərzində pulsuz yeni peşəyə öyrədir və işə düzəldir. Bizdə belə sistem qurulmayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kursları formal xarakter daşıyır, bazarın real tələbinə cavab vermir. Özəl kurslar bahadır və keyfiyyəti bilinmir. 35-45 yaşlı mühasib, bank işçisi, məmur işini itirəndə hara getsin, nəyi öyrənsin bilmir. Nəticədə ya taksiyə, ya alverə gedir, ya da gizli işsizə çevrilir".
İqtisadçı rəqəmsal bacarıqların da ümumi əhali səviyyəsində aşağı olduğunu bildirib: “Statistika Komitəsinin məlumatına görə əhalinin yalnız 25-30 faizi kompüterdə sərbəst işləyə bilir, excel, data ilə işləmək bacarığı 10 faizi keçmir. Kənd yerlərində, 40 yaşdan yuxarı əhali arasında vəziyyət daha pisdir. Süni zəka gələndə heç olmasa onunla işləməyi bacarmaq lazımdır. Prompt yazmaq, nəticəni yoxlamaq, süni zəkanı alət kimi istifadə etmək yeni savadlılıq olacaq. Bizdə isə hələ kompüter savadlılığı problemi həll olunmayıb.
Beşincisi, rəsmi işsizlik 5 faiz göstərilsə də, real vəziyyət fərqlidir. Gizli işsizlik, natamam məşğulluq, mövsümi işlər, qeyri-rəsmi məşğulluq çox yüksəkdir. Gənclər arasında işsizlik 15 faizin üstündədir. Ali təhsilli gənclərin 40 faizdən çoxu ixtisası üzrə işləmir. Bu, bazarın indidən xəstə olduğunu göstərir. Süni zəka gələndə bu xəstə bazar daha da yüklənəcək".
Ekspertə görə, bunun yaxşı tərəfi də var: “Azərbaycan kiçik ölkədir, qərarları tez vermək olur. İT sektoru son 3-4 ildə canlanır. Startaplar, proqramlaşdırma məktəbləri, dövlətin "Technest" təqaüd proqramı, ASAN xidmətin rəqəmsallaşması müsbət siqnallardır. Neft pulu hələ var və onu insan kapitalına yönəltmək imkanı qalır. Əgər növbəti 5 ildə təhsil sistemi köklü dəyişsə, peşə təhsili nüfuz qazansa, dövlət-özəl tərəfdaşlığı ilə kütləvi yenidənöyrənmə proqramları başlasa, zərbəni yüngülləşdirmək olar. Amma indiki templə getsək, 10-15 ildən sonra vəziyyət ağır olacaq. Süni zəka çağrı mərkəzlərini, bank filiallarını, mühasibatlığı, sənəd dövriyyəsini, dizaynı, tərcüməni, hətta hüquq məsləhətini böyük ölçüdə əvəz edəcək. Hazırda bu sahələrdə yüz minlərlə adam çalışır. Onların yerinə yeni iş yeri açılmasa, sosial partlayış riski yaranır. Nə etməli? Universitetləri bağlamaq yox, ixtisasları dəyişmək lazımdır. Hüquq fakültəsində “hüquqi süni zəka”, iqtisadiyyatda “data iqtisadiyyatı”, tibdə “rəqəmsal səhiyyə” tədris olunmalıdır. Məktəbdən kodlaşdırma və tənqidi düşüncə keçirilməlidir. Dövlət işlədiyi sahələri özü avtomatlaşdırıb boşalan adamları özəl sektora yönəltmək üçün subsidiya verməlidir. Ən əsası isə əhaliyə açıq demək lazımdır ki, 5 ildən sonra bugünkü peşələrin yarısı olmayacaq. Kim öyrənməsə, kənarda qalacaq. Qısası, Azərbaycan əmək bazarı süni zəka dalğasına hazır deyil. Hazırlıq üçün 10 il vaxtımız var, amma hərəkətə indi başlamaq lazımdır. Yoxsa Dünya Bankının dediyi işsizlik böhranı bizdə Finlandiyadan da ağır formada baş verəcək, amma onların sosial müdafiə sistemi bizdə yoxdur".
Afaq MİRAYİQ
Tarix: Bu gün, 10:18