Son günlər onlarla iş adamını, xaricə satdıqları məhsulun pulunu geri qaytarmadıqlarına görı həbs ediblər, saxlayıblar. Əsas da, aqrar sektorda fəaliyyət göstərən insanlara qarşı belə cinayət işləri açılıb. İşin məğzi haqqında çox az məlumat yayırlar, amma ciddi suallar yaranır, bu yanaşma zəif olan aqrar sektorun, kənd təsərrüfatı məhsullarının ixaracının daha da azaldacaq.
Əgər söhbət maxinasilalardan, pul yumaqdan gedirsə, bunu fermer etmir, arxasında məmur olmayan belə işlərə girişməz, hələ ki, hansısa iri məmurun adı hallanmır.
Yox əgər söhbər əsl fermerlərdən gedirsə, öz malını satıb pulu ilə istədiyi kimi davranmağa icazəsi niyə olmamalıdır ki?! Bu mülkiyyət hüququnun pozulması deyilmi?! Məsələn, Əhməd dayı Şəmkirdə pomidor yetişdirir, 2 maşın pomidorunu satır Moskvaya, tutalım, 80 min dollar pul əldə edir – onu da deyim ki, 80 min qazanc deyil, satılan məhsulun dəyəridir. Bu vəsaitdən pomidorun yetişdirilmə, istixana, yol xərclərini çıxanda, maksimum, 20-30% qazancı olur. Hə, tutalım, Əhməd dayı bu 2 maşından 20 min dollar qazanıb, bunu niyə mütləq ölkəyə gətirməlidir ki, məgər bu onun özəl mülkiyyəti deyil?! Bəlkə Moskvada qohumu var, ona verir, ya da, “dünya 5 günlükdür”, deyib Rusiyada dincəlir, xərcləyir, bunun dövlətə, nəzarətedici orqanlara nə aidiyyatı var?! Nə haqla o vəsaiti tələb edirlər?! Hə, deyəcəklər ki, qanun belədir – o zaman bu mənasız, Konstitusiyanın özəl mülkiyyət toxunulmazlığı maddəsinə zidd qaydanı dəyişin.
Hələ bunun başqa tərəfləri də var – aqrar məhsulları birbaşa xaricə satan fermerlər azdır, çünki, bir çoxlarının kiçicik əraziləri var, hər 5-6 günə, tutalım, 20 yeşik pomidor yığırlar, hər dəfə bu 20 yeşik pomidoru xaricə təkbaşına göndərə bilməzlər axı, bu sərfəli olmaz. Ona görə də, 15-20 fermer yığışır, hər həftə yığdıqları məhsulu bir nəfərin adına rəsmiləşdirir, o da, məsələn, 1 TIR pomidoru “ursetə” aparıb satır, pulunu da “cibdən-cibə” o pomidor sahiblərinə ödəyir. Amma, rəsmi sənədlərdə 15-20 nəfərin yox, 1 nəfərin adı keçir, sonra da gəlib onu həbs edirlər ki, sən pulu niyə ölkəyə gətirməmisən – belə də yanaşma olar?!
Bir daha – ola bilər ki, burada milyonlarla dollarlıq fırıldaq, kağız üzərində pul yumaq üçün əməliyyatlar olub, bu heç, dediyim kimi, belə əməliyyatlar məmurlarsız olmur, onlarla özünüz bilərsiniz, həbs də edin, divara da dırmaşdırın, amma xəbərlərdə artıq 50-100 min arası məbləğlərə görə həbs olunanların olduğu deyilir, bu absurddur, olmaz belə, zatən ölkədə biznes mühiti yarımcandır, heç olmasa, tam öldürməyın...
Natiq Cəfərli,