"İşlər çox ciddi şəkildə həyata keçirilir"


Vüqar Bayramov: "2021-2022-ci illərdə Qarabağda aparılan bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 4,7 milyard manat vəsait ayrılacaq"

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

Hazırda işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri həyata keçirilir, infrastruktur layihələri reallaşdırılır. Aparılan işlərə nəzər yetirməklə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bərpa işlərinin necə uzaq perspektivlərə hesablandığını, islahatların ən müasir dünya təcrübəsi və yeni texnologoyalar üzərində qurulduğunun şahidi olarıq. İşğaldan azad edilmiş ərazilərimizdə post-konflikt quruculuğu Azərbaycanın ümumi inkişaf strategiyası çərçivəsində həyata keçirilir. 

Qarabağ BMT-nin qəbul etdiyi davamlı inkişaf məqsədləri və 4-cü sənaye inqilabı prinsiplərinə uyğun olaraq, yerli xüsusiyyətlər, resurslar və perspektivlər nəzərə alınmaqla inkişaf etdirilir. Qarabağ iqtisadiyyatının prioritet olduğunu ötən gün Milli Məclisdə büdcə müzakirələrində çıxış edən Maliyyə naziri Samir Şərifov da deyib. 

Nazir bəyan edib ki, cari ildə olduğu kimi 2022-ci ildə də işğaldan azad olunmuş ərazilərin bərpası əsas prioritet olaraq qalacaq.

 S.Şərifov qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin tarixi simalarının qaytarılması, mədəni tarixi abidələrin bərpası, elektrik, su və yol xətlərinin çəkilməsi ilə bağlı başlanılan işlər böyük sürətlə davam edir: “Bərpa prosesi sürətli və əzəmətlidir. Dövlət başçısının tapşırığından irəli gələn bu ümdə vəzifələrin növbəti ildə də davam etdirilməsi üçün 2,2 milyard vəsait ayrılması nəzərdə tutulub. 2025-ci ilədək büdcə layihələrinin əsasını Böyük Qayıdışı təmin etmək üçün görüləcək işlər təşkil edəcək”. 

Xarici işlər naziri Ceyhun Bayramov da dost ölkələri azad edilmiş ərazilərin bərpasında iştirak etməyə çağırıb. Nazir vurğulayıb ki, ölkəmizin işğaldan azad edilmiş ərazilərində irimiqyaslı tikinti işləri həyata keçirilməkdədir. Onun sözlərinə görə, Azərbaycan müasir şəhərsalma üsulları, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarını tətbiq edərək, sıfırdan yeni şəhərlər və kəndlər inşa edir, bütün bu işləri öz maddi imkanları hesabına görür: 

"Dost ölkələrin şirkətlərinin qeyd olunan yenidənqurma işlərində iştirakı bizim üçün önəm kəsb edir. Bu kontekstdə, cari ilin sentyabrında Bakıda, eləcə də Budapeştdə baş tutmuş Türk Şurasının biznes forumları əhəmiyyət kəsb edir”. 

Ekspertlərin sözlərinə görə, Qarabağın inkişaf strategiyası qısa, orta və uzunmüddətli dövrü əhatə etməklə, yerli, regional, milli və beynəlxalq səviyyələrdə olan fəaliyyətləri özündə ehtiva edə bilər. Strategiyanın həyata keçirilməsi üçün idarəetmənin təşkili və dövlətin makroiqtisadi, fiskal, monetar, sosial və digər siyasət alətlərindən istifadə zəruridir. Prezidentin tapşırığı əsasında Azərbaycanda yaradılan iqtisadi siyasətin yeni strateji idarəetmə çərçivəsinə uyğun olaraq Qarabağ bölgəsi davamlı inkişaf etdirilərək ölkə həyatına qısa zamanda reinteqrasiya olunacaq. Mütəxəssislərin fikrincə, Qarabağın inkişaf strategiyası vaxt ardıcıllığı və bölgələr nəzərə alınmaqla aşağıdakı prioritetlər üzrə həyata keçirilə bilər. İlk etapda Qarabağda yol, meliorasiya, elektrik, qaz, su, kanalizasiya və s. sistemlərinin yaradılması, bərpası və inkişafı zəruridir. 

Eyni zamanda ərazidə sosial infrastrukturun, o cümlədən, təhsil və səhiyyənin inkişafı da vacibdir. İşğaldan azad olunmuş ərazilərdə dövlət və bələdiyyə idarəetmə orqanlarının fəaliyyətinin tam təmin olunması, rəqabət qabiliyyətli iqtisadi sahələrin inkişaf etdirilməsi və məşğulluğun, o cümlədən, özünüməşğulluğun təmin olunması da prioritet olmalıdır. Məcburi köçkünlərin mərhələlərlə iqtisadi və sosial məsələlər nəzərə alınmaqla öz yerlərinə qayıtması, insan kapitalının inkişafı, dövlət sərmayələri ilə yanaşı xarici və yerli sərmayənin cəlb olunması da önəmli faktorlardır. Qeyd edək ki, işğaldan azad olunan ərazilərdə dağ-mədən sənayesi, metallurgiya, yeyinti sənayesi, emal sənayesi, turizm-rekreasiya, yaradıcı sənaye, əczaçılıq, taxılçılıq, tərəvəzçilik, üzümçülük, pambıqçılıq, meyvəçilik, heyvandarlıq, quşçuluq, arıçılıq, tikini materialları kimi sahələr inkişaf potensialına malikdir. Bu sahələrə yatırılan sərmayələr həm qeyri-neft ixracının artması və idxalın əvəzlənməsi, həm də dəyər zəncirlərinə qoşulmaq nöqteyi-nəzərindən əhəmiyyət kəsb edəcək. Qarabağda investorların maraqlarına səbəb ola biləcək resurslar, strateji aktivlər, səmərəlilik və bazarlar mövcuddur. Regionun həm 80 milyonluq İran, həm də Naxçıvan üzərindən 83 milyonluq Türkiyə bazarlarına çıxış imkanları ixrac yönümlü sərmayələr üçün cəlbedicidir. Ümumiyyətlə, Qarabağ bölgəsi Azərbaycanda iqtisadi inkişafın yeni coğrafi drayveri olacaq. Bu bölgədə sərmayə qoyuluşu və quruculuq işləri Azərbaycanda Ümumi Daxili Məhsulun artımını sürətləndirəcək. 

Millət vəkili Vüqar Bayramov “Şərq”ə açıqlamasında bildirib ki, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işləri qarşıdakı dönəmdə prioritet olaraq qalacaq. Deputat deyib ki, bu istiqamətdə ilkin mərhələdə 2,5 milyard manat vəsait ayrılıb. 2022-ci ilin dövlət büdcəsində isə 2,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur: 

“2021-2022-ci illərdə Qarabağda aparılan bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 4,7 milyard manat vəsait ayrılacaq. İşlər çox intensiv şəkildə həyata keçirilir. Nəqliyyat və logistik infrastrukturun formalaşması, kommunal xidmətlərlə bağlı şəbəkənin qurulması istiqamətində sürətli işlər görülür. Qısa müddət ərzində Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi də mühüm addımdır. Qarabağda yenidənqurma işlərinin sürətli həyata keçməsi insanlarımızın da öz doğma yurdlarına nəzərdə tutulandan daha tez zamanda geri dönməsi deməkdir. Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialı kifayət qədər böyükdür. Artıq Ağdam və Cəbrayılda sənaye parklarının yaradılması istiqamətində işlər gedir. Bu ərazilər ölkə iqtisadiyyatının inkişafına xüsusi töhfə verəcək. Bərpa işlərindən sonra Qarabağ iqtisadiyyatının ümumi Azərbaycan iqtisadiyyatına reinteqrasiyası da reallaşacaq. Bütün bunlar deməyə imkan verir ki, qarşıdakı dönəmdə Azərbaycan iqtisadiyyatında davamlı və sürətli artımı müşahidə edəcəyik”. 

V.Bayramov vurğulayıb ki, Qarabağ iqtisadi rayonunun mövcud potensialını, xammal və təbii ehtiyatlarını, məhsuldar torpaq sahələrini nəzərə alsaq, bərpa mərhələsindən sonra qısa zamanda həmin ərazilərdə məhsul istehsalının artacağı proqnozlaşdırılır: 

“Çox qısa zamanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yeni iş yerlərinin yaradılmasını və güclü iqtisadi inkişafı müşahidə edəcəyik. Şərqi Zəngəzur iqtisadi rayonu strateji, iqtisadi və ən əsası tarixi baxımdan xüsusi əhəmiyyət daşıyır. 

Şərqi Zəngəzur həmin bölgənin iqtisadi potensialının istifadə edilməsi və genişləndirilməsi aspektindən də vacibdir. Qarabağ iqtisadi rayonunun həm sənaye, həm turizm, həm də aqrar sektorda böyük potensialı var. 

Şərqi Zəngəzur da həm aqrar sahədə, həm də təbii ehtiyatlar baxımından kifayət qədər böyük potensiala malik iqtisadi rayondur”. 
Tarix: 12-11-2021, 09:03
Xəbəri paylaş



Xəbər lenti