“Bu, hətta absurd da deyil, artıq nəmənədirsə...” – Qiymət artımına etiraz



İqtisadçı: “Az qala desinlər ki, işıq və qazın bahalaşması əhalinin sosial-iqtisadi rifahını yüksəldəcək”
Partiya sədri: “Müharibədən sonra hökumətin xərcləri artıb və məcburdur ki, qiymətləri qaldırsın”
“Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şura təbii qazın tariflərinə yenidən baxılması ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Tarif Şurasının təbii qazın qiymətlərini artırmaqla bağlı qərarı cəmiyyətdə ciddi narazılıqla qarşılanıb. Bir il müddətində ikinci dəfə qiymətlərin artırılması və qış fəsli öncəsi belə bir addımın atılması əhalinin sosial-iqtisadi durumuna mənfi təsir göstərəcək”.
Xatırladaq ki, Tarif Şurası oktyabrın 16-da təbii qazın tarifinə dəyişikliyin edilməsi barədə qərar verib. Qərara əsasən, qazın illik ilkin 1200 kubmetrlik qiyməti 20 faiz qaldırılıb.
Eyni zamanda, Tarif Şurasının qərarı ilə elektrik enerjisinin də tarifləri artırılıb. Bu isə öz növbəsində cəmiyyətdə ciddi etirazla qarşılanıb. Ekspertlər hesab edirlər ki, bu qərar koronavirus pandemiyasından çıxmış əhalinin sosial durumunu daha da ağırlaşdıracaq, inflyasiyasını qaçılmaz edərək, növbəti bahalaşma dalğasına səbəb olacaq.

İqtisadçı ekspert Natiq Cəfərli AYNA-ya deyib ki, hökumət büdcənin yükünü əhalinin belinə yükləyir: “Bu, tamamilə absurd qərardır. Son bir ildə ikinci dəfədir ki, təbii yanacağın qiymətləri artırılır. Eyni zamanda elektrik enerjisinin tarifləri qaldırılır. Qarşıdan qış fəsli gəlir. Əhali ağır sınaqlardan çıxıb. Koronavirus pandemiyası hələ bitməyib. İndi bu qədər adam kommunal haqlarını necə ödəyəcək? Bunu hansı gəlirlər hesabına həyata keçirəcək? Qiymət artımlarının səbəbi nədir? Bununla bağlı bir tutarlı arqument olacaqmı? Göründüyü kimi, dövlət qurumları qiymət artımlarına müxtəlif bəhanələr gətirir - bütün bəhanələr də əsassız! Az qalıb desinlər ki, qiymət artımları əhalinin sosial-iqtisadi rifahını yüksəldəcək”.
“Hökumət rəsmiləri iddia edirlər ki, qiymət artımının səbəblərdən biri zərərlə işləyən və büdcəyə yük olan sahələri iqtisadi asılılıqdan çıxarmaqdır. Bəyan edirlər ki, dayanmadan istehlakçı sayının çoxalması dövlətin xərclərinin artmasını qaçılmaz edir. İqtisad elminin əlifbası deyir ki, zərərlə işləyən müəssisə varsa, ilk öncə xərclər azaldılır və optimallaşdırılır. Siz bunun üçün nə iş görmüsünüz?! Tenderlər və dövlət satınalmaları nədən şəffaf deyil?! Öncə korrupsiyanı, qiymətlərin şişirdilməsini ləğv edin, sonra qiymət artırın. Siz büdcənin dotasiyasını basıb-yeyirdiniz, indi büdcədən dotasiya azalır, bütün yük vətəndaşın çiyninə yüklənir. Belə absurd olmaz”, - deyə həmsöhbətimiz bildirib.
İqtisadçı Azərbaycanın idxalçı ölkə olmadığını xatırladıb: “Bununla bağlı arqumentlər kökündən yanlışdır. Biz, bəyəm, idxalçı ölkəyik?! Biz qazı xaricdən alırıq?! Yaxşı, BP sizə son 20 ildə 40 mlrd. m3 pulsuz səmt qazı verib, bu il də havayı qaz almısınız, bunu niyə hesaba qatmırsınız?! Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Xəzərin milli sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 2021-ci ilin birinci rübü ərzində Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) gündə orta hesabla 11,6 mln kubmetr səmt qazı verib – yəni, ümumən 1 mlrd. m3-dən çox qaz pulsuz olaraq dövlətə verilib. Bəs bu qaz hesab-kitabda niyə görünmür?! 2019-cu ildə pulsuz verilən qazın həcmi 2,1 mlrd. m3 olub – buna nə deyirsiniz?”.
“Vətəndaşın nə günahı var ki, arada bir yeni qurum - “Azərkontrakt” adlı mənasız təşkilat yaradıb, ona bina, ofis, müdir, müavinlər, katibələr, maşınlar təsis etmisiz? Onların funksiyası isə virtualdır. Qazın iyini, qoxusunu belə, bilməyən bu ara şirkət təbii qazı SOCAR-dan alıb, qazpaylayıcı şirkət olan “Azəriqaza” satır, yəni adamlar qazı SOCAR-dan alırlar, sonra da SOCAR-a satıb maaş alırlar, mükafat alırlar, kabinet təmir etdirirlər və nəticədə xərclər artır deyə qiyməti qaldırırlar. Bu, artıq absurd deyil ha - nəmənədirsə, ayrı “level”dir. Müvafiq qurumlar bununla bağlı açıqlama verməsəydi, daha yaxşı olardı. Çünki verdiyi açıqlamalar cəmiyyəti aldatmaq məqsədi daşıyır. Bu cür açıqlamadansa, sussalar, ayıblarına kor olsalar, daha yaxşıdır”, - deyə Cəfərli fikrini yekunlaşdırıb.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə AYNA-ya açıqlamasında söyləyib ki, qiymət artımlarını şərtləndirən müxtəlif amillər mövcuddur: “Bilirsiniz ki, 44 günlük Vətən müharibəsində Azərbaycan böyük iqtisadi itkilərə məruz qaldı. Ondan öncə isə koronavirus pandemiyası zamanı hökumətin xərcləri kəskin şəkildə artdı. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası məsələsi gündəmdədir. Bu məqsədlə dövlət büdcəsindən böyük məbləğdə vəsait ayrılır. Bütün bunlar hökumətin xərclərini artırıb və məcburdur ki, qiymətləri qaldırsın. Lakin bir məqam da var ki, enerji daşıyıcılarının da dünya bazarında qiymətləri artıb. Gərək hökumət müharibədən öncə bütün bunları nəzərə ala və vaxtında müvafiq tədbirlər görəydi”.
ADP sədrinin bildirdiyinə görə, korrupsiya və dövlət idarəetməsində olan qeyri-şəffaflıq da bu məsələyə təsirsiz ötüşmür: “Bir halda ki, dövlətin xərcləri artıb, dövlət qurumlarının saxlanılması zamanı da optimallaşdırma siyasəti yürüdülməlidir. Bu gün əksər dövlət müəssisələrinin saxlanılmasına, mənasız dövlət layihələrinə böyük pullar sərf olunur. Bu kimi hallara birmənalı son qoyulmalıdır. Eyni zamanda gözlənilən devalvasiyanı bu yolla önləmək də çıxış yolu deyil. Görünən odur ki, bu gedişlə Azərbaycanda növbəti devalvasiya qaçılmaz olacaq”.
Tarix: 18-10-2021, 22:11
Xəbəri paylaş



Xəbər lenti