Neft və qazın bahalaşmasının Azərbaycana təhlükəsi var


Neft və qazın bahalaşmasının Azərbaycana təhlükəsi var

Bu ilin 9 ayı geridə qaldı. Statistik məlumatlara görə, 2021-ci ilin 8 ayı ərzində Ümumi Daxili Məhsulda artım müşahidə olunub.
Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə artım 3,6 faiz təşkil edib. “Fitch Solutions” şirkətinin hesabatında bildirilir ki, Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) bu il 2,5 %, gələn ildə isə 3,3% böyüyəcək. Şirkətin məlumatına görə, kontinental Avropada davam edən iqtisadi canlanma, neft və qaza davamlı tələbatı nəzərə alsaq, 2021-2022-ci illərdə Azərbaycanın xarici sektoruna dəstək verməyə kömək edəcək. İqtisadçılar dünya bazarlarında neftin qiymətinin kəskin artmasını xüsusi qeyd edirlər. Bu da neftdən gələn gəlirlərin artması deməkdir. Maraqlıdır, Azərbaycnada bu sahədə gəlirlərin artması qeyri-neft sektorunu arxa plana salmayacaq ki?
Mövzu ilə bağlı Cebhe.info-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli ölkədə büdcənin formalaşmasında və ümumi daxili məhsulun artmasında neft-qaz sektorunun əsas rol oynadığını deyib:

“Azərbaycanda ümumi daxili məhsulun artımı, iqtisadi aktivlik uzun illərdir ki, təbii və orqanik olaraq, neft-qaz sektoru ilə bağlıdır. İndiki artım gözləntiləri də dünya bazarlarında neftin qiymətinin kəskin artımı ilə əlaqəlidir. Neftin qiymətinin artıq 84-85 dollara yaxınlaşması Azərbaycanda da iqtisadi aktivliyə - valyuta gəlirlərinin artmasına, ümumi daxili məhsulun yüksəlməsinə müsbət təsir göstərən əsas amildir”.
İqtisadçı hesab edir ki, qeyri-neft sektoru uzun illərdir ümumi daxili məhsulun və büdcənin formalaşmasında ciddi dəyişikliyə səbəb olmur:
“Təəssüf ki, qeyri-neft sektorunun iqtisadiyyatda mütləq rəqəmlərdə artımı müşahidə olunsa da, faiz nisbətində həm büdcənin, həm ümumi daxili məhsulun formalaşmasında, təəssüf ki, hələ çox kiçik rəqəmlərlə, çox kiçik faizlərlə özünü ifadə edib. Yəni xarici ticarətdə 15 il bundan qabaq da qaz sektoru, enerji sektoru 90 % təşkil edirdi, bugün də 90 % təşkil edir. Neft-qaz qiymətlərinin qalxması valyuta gəlirlərini artıran, iqtisadi aktivliyə və ümumi daxili məhsulun artımına müsbət təsir edən amil olsa da, onun əks- effekti ondan ibarətdir ki, eneri daşıyıcılarının qiyməti artdıqca, struktur və köklü islahatlar həmişə arxa plana keçib. Bu hal Azərbaycanda bir neçə dəfə təkraralanıb. Təəssüf ki, burada təhlükə var. Neft və qazın qiymətləri artdıqca, hökumət arxayınlaşır, rahatlaşır və o struktur və köklü islahatlarda atılacaq addımları arxa plana atır. Açığı, indi də belə bir təhlükə mövcuddur”.
Qeyd edək ki, bu ilin 8 ayında iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,2 faiz azalıb, qeyri-neft sektorunda isə 5,7 faiz artıb.
Tarix: 11-10-2021, 23:25
Xəbəri paylaş



Xəbər lenti