Azərbaycana milyardların yolunu kəsən qanun:“Əgər qəbul olunmasa...”


Azərbaycana milyardların yolunu kəsən qanun:“Əgər qəbul olunmasa...”

Azərbaycana xarici investisiyalar 12 faizdən çox azalıb.
Belə ki, cari ilin yanvar-avqust aylarında Azərbaycandakı xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 2 924,4 mln. manat vəsait yönəldilib ki, bu da illik ifadədə 12,1% azdır. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir. Qeyd edək ki, ötən ilin analoji dövründə xarici müәssisә vә tәşkilatlar tәrәfindәn әsas kapitala 3 326,4 mln. manat vәsait yönәldilib. Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 2 732,0 mln. manatı və ya 93,4%-i Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Norveç, Virgin adaları, Malayziya, Fransa, Rusiya və İran sərmayədarlarına məxsus olub.
Azərbaycan hökumətinin proqnozlarına görə, 2021-ci ildə əsas kapitala yönələn xarici investisiyaların həcmi 0,2% artaraq 5 924,9 mln. manat təşkil edəcək. Xarici investisiyaların 2022-ci ildə 4,6% azalaraq 5 772,5 mln. manata, 2023-cü ildə 16,1% azalaraq 4 950 mln. manata, 2024-cü ildə isə yenidən artaraq (+10%) 5 562 mln. manata bərabər olacağı gözlənilir.
Göründüyü kimi, növbəti 4 ildə Azərbaycanda əsas kapitala yönələn xarici investisiyaların ümumi həcminin 22 209,4 mln. manat təşkil edəcəyi proqnozlaşdırılır. Mütəxəssislər cari ildə ötən ilin müvafiq dövrü ilə müqayisədə xarici investisiyaların azalmasını nə ilə əlaqələndirirlər?
İqtisadçı-ekspert Pərviz Heydərov Cebhe.info-ya bununla bağlı bildirib ki, ümumiyyətlə, pandemiya şəraitində ölkə iqtisadiyyatına istər daxili, istərsə də xarici investisiya qoyuluşu azalıb:

“Bilavasitə xarici investisiyalara gəldikdə isə pandemiyaya qədər də ümumi investisiya həcmində azalması qeydə alınırdı. Bu, xüsusi diqqət tələb edən bir məsələ hesab edilir. Bir neçə dəfə qeyd etmişəm ki, xarici investiyaların azalması neqativ tendensiyadır. Xarici investisiyaların azalmasının əsas səbəblərindən biri neft və qaz sektorunda artıq əvvəlcədən qoyulan investisiyaların dayandıırlması prosesi idi. Əgər bir vaxtlar neft və qaz sektoruna xarici investisiyaların axını müşahidə edilirdisə, təbii ki, o proses nə vaxtsa dayanmalı idi. Əvəzində qeyri-neft sektorunda biz bunu müşahidə etmirik. İndi hökumətin qarşısında duran əsas məsələlərdən biri qeyri-neft sektorunu inkişaf etdirməkdir və güman etmək olar ki, xarici investisiyaların həcmi bundan sonra yəqin ki, artacaq”.

Ekspertin fikrincə, investisiyalar sabit ölkəyə cəlb olunduğu faktdır:
“Heç bir investor siyasi cəhətdən qeyri-sabit, müharibə şəraitində olan ölkəyə vəsait yatırmaz. Qeyd edilən investisiya enişində bunun da rolu var. Ancaq indi regionda vəziyyət dəyişib. Ümid edirik ki, Azərbaycan sabit ölkəyə çevriləcəyindən, ölkəyə xarici investisiya axınının şahidi olacağıq”.
Ekspert deyib ki, əgər söhbət qeyri-neft sektoruna investisiya cəlbindən gedirsə, burada bilavasitə monopoliyanın da rolu var:
“Ölkədə Rəqabət Məcəlləsi haqqında müvafiq qanunun qəbul edilməsi hələ də yubanır. Hər bir investor getdiyi ölkədə ilk olaraq məhkəmə sisteminə diqqət edir. Həmçinin istəyir ki, rəqabət sistemi haqqında müvafiq qanun olsun və inhisarçılıq amili olmasın. Təbii ki, xarici investisiya cəlbində bu da böyük faktordur”.
Tarix: 15-09-2021, 21:35
Xəbəri paylaş



Xəbər lenti