TƏBİB-ə qarşı KORRUPSİYA İTTİHAMI - “Bu qurumun məsuliyyətsizliyi ölüm sayının artmasının əsas səbəbidir”

  


TƏBİB-ə qarşı KORRUPSİYA İTTİHAMI -
“Əgər TƏBİB fəaliyyət göstərə bilmirsə, bu cür alternativ tibbi strukturun yaradılmasına nə ehtiyac var idi?!”.

Bu sözləri son günlər ölkədə koronavirusa yoluxma və ölüm sayının sürətlə artmasında TƏBİB-in fəaliyyətinin təsirlərini dəyərləndirən politoloq Natiq Miri Yenicag.az-a açıqlamasında deyib.

Politoloq qeyd edib ki, islahat adı altında yaradılan alternativ tibb strukturu TƏBİB-in fəaliyyətsizliyi və “COVID-19″la mübarizə adı altında həyata keçirdiyi korrupsiya mənimsəmələri mövcud vəziyyətin kritikləşməsinə səbəb olub:

“Öncəliklə, TƏBİB-in yaradılmasının xalq üçün qayəsi müəyyən olunmalı idi. TƏBİB büdcədən ayrılan maliyyənin mənimsənilməsi üçün yaradılan ciddi struktur olmamalı idi. Əgər TƏBİB yaradılıbsa və xüsusilə COVID-19 pandemiyası ilə mübarizə məsələsi bu struktura tapşırılıbsa, burada mexanizmlərin müəyyənləşdirilməsi vacib idi. Bu gün insanlar virusa yoluxur və 10 günə kimi onun xəstəxanaya götürülməsi üçün heç bir mexanizm işləmir. Bütün tibbi strukturlarla əlaqə saxlansa da, “biz bu məsələyə baxmırıq, digər struktur baxır” oyunu ilə başqa quruma ötürülür və vaxt uzadılır. Bu, böhran vəziyyətinin yaranmasına səbəb olur. Xəstə xəstəxanaya götürüləndən sonra şəxsin orqanizmində virusa qarşı mübarizə aparmaq effektsiz olur. Fakt kimi deyə bilərəm ki, qohumum bir həftədən çoxdur virusa yoluxub və vəziyyəti kritikdir. Lakin birbaşa məsuliyyət daşıyan TƏBİB qohumum daxil olmaqla, virusa yoluxan insanların sağalmasına laqeyd münasibət göstərir. Bu gün “COVID-19”a yoluxan istənilən təcili tibbi yardımı çağıranda əməkdaşları koronavirusla bağlı evlərə getmədiklərini və bu məsələyə sahə həkiminin baxdığını bildirirlər. Sahə həkimləri isə bu barədə məlumat verdiklərini və cavabın axşama kimi gələcəyini deyirlər. Ancaq məsələnin həlli həftələrlə uzadılır”.

Natiq Miri qeyd edib ki, Azərbaycanın tibb strukturları pandemiya ilə mübarizədə çevik idarəetmə mexanizmindən istifadə etməlidir. Virusa yoluxan insanlardan dərhal analiz götürülməli və qısa zamanda müalicə olunmalıdırlar. Təəssüf ki, mövcud vəziyyətdə bu çeviklik müşahidə olunmur:

“Bu gün TƏBİB-ə nəzarət edəcək struktur hansıdır? TƏBİB-in fəaliyyətsizliyi ilə bağlı məsuliyyəti kim öz üzərinə götürür? Əgər TƏBİB fəaliyyət göstərə bilmirsə, bu cür alternativ tibbi strukturun yaradılmasına nə ehtiyac var idi?! Məqsəd yeni korrupsiya halı yaratmaqdır? Bu məsələyə ictimai nəzarətin edilməsi mütləqdir. Çünki indiki xəstəlik təkcə dövlət və idarəçilik məsələsi deyil. Xalqı bu məsələyə qoşmaq lazımdır. Təəssüf ki, hazırda xalqın səsi eşidilmir. Hiss olunur ki, “COVID-19” pandemiyası yaxın gələcəkdə ortalıqdan çıxmayacaq. Pandemiya ilə mübarizədə xüsusi həkimlər ayrılmalıdır. Bu gün heç bir mexanizm işləmir. Çox biabırçı vəziyyətdir.

Digər reallıq budur ki, hər gün verilən statistika yoluxmanın heç onda biri deyil. Evdə yoluxanların sayı kifayət qədər çox olsa da, onları xəstəxanaya yerləşdirən yoxdur. Ölkədə vaksinasiya prosesinin aparılması vacib olsa da, virusa yoluxanların müalicə edilməsinə ehtiyac var. Bu gün virusa yoluxanlar talenin hökmünə buraxılıb”.

www.yenicag.az
Tarix: 20-08-2021, 09:12
Xəbəri paylaş



Xəbər lenti