Azercell-in tarif və danışıq qiymətləri dünyanın heç bir ölkəsində yoxdur...
Dünyada analoqu olmayan Azercell mobil operatoru
Azercell online dərslərdə heç şagirdlərə də güzəşt etmir..
Hər abonentdən 10 qəpik tutanda, 100 min manat edir ( 1 milyon x 10 qəp = 100 min manat )Azərbaycanda 2 çox ciddi problem var.
Biri bank sistemi ilə bağlıdır, digəri isə mobil operator sistemi ilə.
Onu da mütləq nəzərə almaq lazımdır ki, hər 2 sistemin müştəriləri 5-10 nəfər, yaxud 5-10 min nəfər deyil.
Təkcə bank sisteminə yüz minlərlə vətəndaş istehlak kreditləri üçün müraciət edir. Minlərlə iş adamı, fərdi sahibkar banklarla əməkdaşlıq edir.
Mobil operator sistemlərinin isə müştəriləri milyonlardır.
Yəni oxucuda təsəvvür yarandı ki, söhbət yüz minlərdən, milyonlardan gedir.
İndi isə problemin ən dəhşətli hissəsinə nəzər salaq.
Azərbaycanda mövcud olan bank faizləri dünyanın heç bir ölkəsində, hətta imkanlı, zəngin ölkələrdə yoxdur.
Azərbaycandakı bank faizləri qonşu ölkələrdən, hətta qardaş Türkiyədən dəfələrlə, ən azı 3-4 dəfə yüksəkdir.
Bu əslində bankçılıq deyil, insanların dərisini soymaqdır.
Bu barədə hətta dəfələrlə Milli Məclisin tribunasından kəskin fikirlər səsləndirilib. Amma nəticə yoxdur.
Görəsən, banklar kimlərə məxsusdur ?
Əlbəttə, məmurlara, nazirlərə, komitə sədrlərinə.
İndi isə keçək mobil operator sistemlərinə. Müştəriləri milyonlarla insan. Və ən dəhşətlisi nədir ?
Vətəndaş ömründə 1-2, lap 3-4 dəfə banka müraciəıt edə bilər.
Amma mobil operatorlar hər gün, hər saat, hər dəqiqə bizimlədir. Mobil operatorlar artıq nəinki böyüklərin, hətta uşaqların da həyatına daxil olub. Koronavirusdan sonra isə, lap bağçalar da, məktəblər də online fəaliyyət göstərir. Deməli, vəziyyət dəhşətli dərəcədə dözülməzdir.
Bəli, Azərbaycanda mövcud olan mobil operator tarifləri, qiymətləri dünyanın heç bir yerində ola bilməz. Bu bahalıq deyil, əsl istismardır.
Görəsən imkanı olmayan şagird, yaxud tələbə haradan pul alıb online dərslərə qoşulmalıdır.
Bu biabırçılığın əsasını Azərbaycanın İLK MOBİL sistemi olan Azercell qoyub. Və o biri operatorlar da davam etdirir.
Bir daha deyirik ki, belə danışıq qiymətləri analoqu olmayan haldır.
Bəli, Azercell Azərbaycana ilk dəfə gələndə hamımız sevinirdik. Ancaq bu gün müştərilər Azercell-dən şikayət etməkdən beziblər. Şikayətçilər mətbuata, saytlara çıxıb öz şikayətlərini bildirir.
Azercell isə şikayətləri dinləmək, problemi aradan qaldırmaqdan çox mediada, saytlarda gedən şikayət yazılarını sildirməklə məşğuldur.
Görəsən, yazı sildirməklə problem həll olunur ?
“Azercell” mobil operatorunun müştərilərini aldatması adi hala çevrilib.
Abonentlərin şikayətlərinə görə “Azercell” mobil operatoru yeni nömrə alan müştərilərinin icazəsi olmadan və xəbərdarlıq edilmədən onları ödənişli kampaniyaya cəlb edir.
Ödənişli kampaniya olan bu xidmət qarşılığında isə abonentin balansından əlavə məbləğ tutulur. Bu isə müştərilərin haqlı narazılığına səbəb olub.
Kimsə düşünə bilər ki, söhbət 10-15 qəpikdən gedir.
Xeyir, elə deyil, 1 milyon müştəridən 10 qəpik tutanda, bu məbləğ 100 min manat edir.
Gördünüzmü, söhbət qəpik-quruşdan deyil, 100 minlərdən gedir.
Təsəvvür edirsiniz, şirkətin 4,5 milyon abunəçisi var.
Bütün bunlar azmış kimi Azercell “zerkalni” nömrəni 70 min manata satır ( 051-777-77-77 )
Kimin şübhəsi varsa, buyurub elanlar saytına baxa bilər.
Bundan əlavə, Azercell-in 050-211-288 nömrələri 8-10 min manatdır.
Abunəçi sahib olduğu bu nömrələri kiminsə adına köçürmək üçün şirkətə 5 min ödəməlidir.
Azercell Telekom MMC-in Milli Ön-lə məhkəmə çəkişməsi də manşetləri bəzəyir.
8-10 min manata, hətta 70 min manata nömrə satan şirkət görəsən, hər ay nə qədər vergi ödəyir ?
Vətəndaş ona məxsus bahalı nömrəni sonra istəsə də ən doğma adamına hədiyyə edə bilməz.
Vallah, lap absurd teatrdır.
Niyə 10 milyonluq əmlak hədiyyə etmək olar, amma Azercell-in nömrəsini bağışlamaq olmaz ?
Düzdür, Azercell bunun da yolunu tapıb. Bunun üçün 5 min manat ödəməlisən.
Necə deyərlər, yoğurmadı, yapmadı, hazırca…5 min qazandı.
Bir sözlə, Azercell-in əməlləri bir yazılıq və medialıq deyil.
Bununla bağlı dövlət orqanları konkret sözünü deməlidir.
Əks təqdirdə, bu maxinasiyalar davam edəcək.
gundelik baki
Tarix: 19-08-2021, 08:26