Vüqar Bayramov: “Ödəniş qəbul etmədiklərinə görə əhalinin plastik kartlara olan inamı azalıb” Nazim Bəydəmirli: “Bankların xidmət haqları çox yüksəkdir, sahibkarları yayındıran səbəblərdən biri də budur” Müasir dünyada insanlar demək olar, nağd puldan istifadə etmirlər. Hər kəsin şəxsi ödəniş kartı var və alış-veriş, o cümlədən xidmət zamanı həmin kartlardan istifadə edirlər. Azərbaycanda da ödəniş kartlarının sayı az deyil. Bu ilin yanvar ayına olan rəsmi statistikaya görə, dövriyyədə olan ödəniş kartlarının ümumi sayı 9,6 milyon ədəddir.
Lakin əksər satış və xidmət müəssisələri kartla ödəniş qəbul etməkdən imtina edir. Xüsusən, ictimai iaşə müəssisələri, kafe və restoranlar, o cümlədən orta və kiçik marketlər birmənalı şəkildə kartla ödəniş qəbul etmir.
AYNA-nın əməkdaşı Xətai rayonu ərazisində monitorinq aparıb. Üz tutduğumuz 10 kafedən heç biri “Ödənişi kartla edəcəyik” xəbərdarlığından sonra bizi qəbul etmədi. Gah aparatın işləmədiyini, təmir mərhələsində olduğunu söylədilər, gah da dedilər ki, buna görə, həm vergi ödəməli, həm də pullarını bankda saxlamalı olacaqlar. Bu isə onlara sərf etmir.
“Bolt”, “Uber”, “Maxim taxi” şirkətləri kartla sifariş qəbul etsə də, sürücülər kartla ödəniş edəcəyimizi əsas gətirib sifarişi geri çevirməyimizi istədilər. Onların bildirdiyinə görə, kartla ödəniş zamanı qət etdikləri yolu havayı getmiş olurlar. Çünki kartda qalan vəsaitlərini bəzən aylarla çıxara bilmirlər.
Bəs, görəsən Azərbaycanda kartla ödəniş mədəniyyəti nə zaman formalaşacaq? Sahibkarlıq subyektlərini kartla ödəniş qəbul etməkdən çəkindirən səbəblər nədir: vergi dərəcələrinin yüksək olması, vəsaitlərin banklarda yatıb qalması, yoxsa daha çox qazanmaq və vergidən yayınmaq istəyi?
AYNA mövzunu ekspetlərlə müzakirə edib.Milli Məclisin üzvü Vüqar Bayramovun sözlərinə görə, baş verənlər əhalidə ödəniş kartlarına olan inamı sarsıdır: “Plastik kartlar daha təhlükəsizdir. Ona görə ki, nağd pulu itirmək, oğurlatmaq təhlükəsi var. Plastik kartı oğurlasalar da, ondan istifadə etmək mümkün deyil. İtəndə banka gedib yenisini çıxara bilirsən. Digər yandan bütün dünyada bundan geniş istifadə edilir. Biz bu vərdişləri əxz etməliyik. Onsuz da başqa seçimimiz yoxdur. Lakin sizin də qeyd etdiyiniz kimi, ictimai iaşə obyektləri, o cümlədən kiçik müəssisələr satış və xidmət zamanı kartla ödəniş qəbul etməkdən imtina edir”.
“Kartla ödənişi qəbul etməyən sahibkarlar maliyyə sanksiyalarına məruz qalırlar. Bununla bağlı qanunda müddəalar var. İlk dəfə olduqda 1000 AZN, ikinci dəfə 3000 AZN, üçüncü dəfə isə 6000 AZN məbləğində cərimə nəzərdə tutulub. “195 telefon çağrı mərkəzi”nə zəng etməklə vətəndaş bununla bağlı öz şikayətini bildirə bilər. Bu müraciətlər dərhal nəzarətə götürülür və əksər hallarda plastik kartla ödənişdən imtina edən sahibkarlar cərimələnirlər”, - deyə deputat bildirib.
Əlavə edib ki, bununla bağlı müvafiq addımlar atılmalıdır: “Gözləmək ki, vətəndaşlar şikayət etsin, bundan sonra məsələ araşdırılsın - bu, yolverilməzdir. Bununla bağlı ciddi monitorinqlər aparılmalıdır. Eyni zamanda stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir. “ƏDV geri al” layihəsi vətəndaşlar arasında xüsusi maraq yaradıb. Demək olar ki, hər kəs daxil olan çekləri qeydiyyatdan keçirir və bu yolla gəlir əldə edir”.
“Bu sahədə də oxşar texnologiyalar tətbiq edilməlidir. Nəzərə alanda ki, bu yolla külli miqdarda vəsait vergidən yayındırılır və nəticədə dövlət büdcəsinə böyük zərər dəyir, bu addımlar qaçılmazdır. Onsuz da stimullaşdırıcı aksiyalarda geri qaytarılan vəsaitlər ümumi itkinin cüzi hissəsini təşkil edəcək. Bununla da plastik kartlardan istifadə mədəniyyətini formalaşdıra biləcəyik. Digər yandan, banklarda olan vəsaitlərin nağdlaşdırılması prosesi sadələşdirilməlidir. Belə olarsa, zamanla bu sahədə olan hərc-mərcliyi, özbaşınalığı aradan qaldırmış olarıq”, - deyə Bayramov vurğulayıb.
Sabiq deputat, iqtisadçı ekspert Nazim Bəydəmirlinin dediyinə görə, bankların xidmət haqları çox yüksəkdir: “İlk növbədə banklar komissiya tariflərini endirməli və vətəndaşlar üçün əlçatan etməlidir. Çox təəssüf ki, bir bankın POS-terminalından istifadə edib, digər banka ödəniş yönəldəndə xidmət haqları çox baha olur. Təbii ki, sahibkarlar ortaya çıxan çətinlikləri görüb daha çox nağd ödənişə üstünlük verirlər”.
“Şübhəsiz, burada vergidən yayınmaq elementləri də var. Nağdsız ödənişləri təşviq etməyin üsulları tapılmalıdır. Bunun üçün ilk növbədə banklar əlavə rüsum tutmamalıdır. O cümlədən bir bankdan digər banka ödəniş yönləndirərkən heç bir rüsum tutulmamalıdır”, - deyə həmsöhbətimiz söyləyib.
Bəydəmirli hesab edir ki, sahibkarları cərimələmək yox, onları təşviq etmək lazımdır: “Buna qədər müəyyən stimullaşdırıcı layihələr həyata keçirilir. ƏDV-lərin geri qaytarılması, POS-terminallardan istifadə edənlərə vergi güzəştlərinin tətbiqi və s. Əgər sahibkara plastik kart ödənişi qəbul etdiyi zaman vergi güzəştləri tətbiq edilərsə, bir müddət sonra onları buna təşviq etmək mümkün olacaq. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bununla bağlı müvafiq addımlar atmalıdır. Bundan öncə hökumət portalı vasitəsilə müəyyən ödənişlər edən zaman komissiya tutulmurdu. Artıq bir faiz komissiya tutulur. Bütün bunlara son qoyulmalıdır”.
Tarix: 4-08-2021, 22:13