Bu qədər narazılıqdan sonra AZAL yenə dəyişmir“Ölkədə AZAL-ı tənqid etməyən təkcə Cahangir Əsgərov qalıb, amma yenə də heç bir dəyişiklik yoxdur. Biletlər bahadır, inhisarçılıq davam edir”. Bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib. Ekspert bildirib ki, heç olmasa, ölkə daxilində rəqabətli mühit yaradılmalıdır ki, AZAL qiymətləri endirməyə məcbur olsun: “Bunu necə etmək olar?! Çox sadə. Məsələn, Lənkəran Hava Limanının tikintisinə 51,5 milyon dollar pul xərclənib.
Hava limanı isə demək olar ki, çalışmır. Hər il hava limanının kommunal xərclərinə və işçilərin maaşına 5 milyon manata yaxın pul xərclənir. 2008-dən bəri limanın xərcləri az qala tikintiyə xərclənən qədər olub. Lənkəran Hava Limanın AZAL-ın idarəçiliyindən tam çıxarılaraq xarici şirkətlərdən birinə verilməlidir. Ən vacibi isə uçuşların təşkili və icazələrin verilməsi AZAL-dan alınmalıdır. Rəhbərliyin uçuş cədvəlinə və təşkilinə heç bir müdaxiləsi olmamalıdır. Nəticədə Lənkəran Hava Limanına bir neçə şirkət cəlb oluna bilər. İlkin mərhələdə Türkiyəyə, Rusiyaya, Ukraynaya uçuşlar təşkil edilər. Qiymətlər Bakı Hava Limanından ən azı iki dəfə ucuz olar.
Bundan sonra AZAL Bakıdan uçuşlarda müştərilərinin kəskin azaldığını görüb məcburən qiymətləri endirəcək”.
N.Cəfərli bəyan edib ki, eyni yanaşmanı Qəbələ, Gəncə, Zaqatala, payızda açılacaq Füzuli Hava Limanlarında da təşkil etmək olar:
“Bu yolla regionlarda tikilən, büdcədən ayrılan milyonlarla manata başa gələn, uzun illərdir boş, işsiz qalan hava limanlarını iqtisadiyyatımıza qazandırmış olarıq, çünki Azərbaycan hökumətinin “ağ fil” layihələri tək tikinti zamanı büdcəyə yük olmur, sonra da yük olmaqda, xərc aparmaqda davam edir”.
Tarix: 15-07-2021, 08:54