BNA xalqın əzrayılına çevrilib - cərimələr, işgəncə, korrupsiya tenderi...





Bakı Nəqliyyat Agentliyi Azərbaycanın son illərdə təsis olunan ən yarıtmaz qurumlarından birincisidir. Ona görə birincisidir ki, bu agentlikdə ən aşağı palatadan ən yüksək instansiyaya qədər heç kim işini yerinə yetirmək istəmir. 
BNA zaman keçdikcə idarə olunan xaotik gestapo rejiminə bənzəyir. Yəni, bu sahədə hər şey anarxiyadır, problemlər çiban kimi yetişib, kosmetik görüntü, imitasiya var, amma qurum rəhbərliyi rəsmi, boz və quru açıqlamalarla özünü haqlı çıxarmağa çalışır. 
Anaxeber.info bildirir ki, sonuncu belə hadisə şəhid ailəsinin üzvü olan Elnur adlı avtobus sürücüsünün timsalında - BNA tərəfindən ona edilən haqsızlıqda özünü göstərməkdədir. Elnurun “Daevo” markalı avtobusu var, lakin heç bir marşrut xəttinin sahibi onu işə götürmür ki, fəaliyyət göstərsin.
Bu məsələdə üç aydır get-gələ salınan şəhid ailəsi işsiz-gücsüz, çarəsiz vəziyyətdə saxlanılıb. BNA isə nə kömək edir, nə həlli yolunu tapır. Qurumun sözçüsü BNA qarşısına gələn Elnura və müxbirlərə moizə oxuyaraq izah etmək istəyir ki, guya bütün sahibkarlara müraciət ediblər, heç kim Elnuru xəttinə götürməyib. O da gülməlidir ki, 5 milyona yaxın insanın yaşadığı paytaxtda onlarla sahibkardan biri avtobusu olan şəhid ailəsini BNA-nın müraciəti ilə işə götürmür. Bu, nə inandırıcıdır, nə də ağlabatan...Necə oldu ki, BNA tapşırdı, kiməsə avtobuslu sürücü lazım olmadı?! Üstəgəl, Elnur bir qazinin marşrut xəttində çalışıb, amma qanunsuz fəaliyyət göstərdiyi bəhanə edilərək çörəyinə bais olublar, heç bir rəsmiləşdirmə, qeydiyyat işinə yardım etməyiblər. BNA bu məsələdə çox arqumentlər, qanunun tələblərini göstərə bilər, amma fakt budur ki, səbəbləri göstərmək asandır, əsas  vətəndaşın problemini yoluna qoymaq lazımdır. Onu BNA qarşısına gəlməyə məcbur edən işsiz qalmasıdır və qurum müxtəlif bütün cavabları tapır, həlli yolundan başqa...
Di gəl, BNA İdarə Heyətinin sədri Vüsal Kərimli təkcə şəhid ailəsinə münasibətdə yox, bu sistemin idarəçiliyində yarıtmaz sistem qurmaqla hamını narazı salmaqdadır. İstər Ziya Məmmədovun qoçularına oxşayan müfəttişlərin dayanma-durma cəriməsini oğrun-oğrun, xəlvətcə, nahaq yazması olsun istər bu günə qədər dayanacaqlarda intervalı göstərən monitorların işləməməsi, ödəmə aparatlarının heç də bütün dayanacaqlarda olmaması, istərsə də ictimai nəqliyyatda bərbad xidmət, parklanma probemində biabırçı vəziyyət olsun...
Sosial şəbəkə və mətbuatda yazılanlardan görünür ki, bir çox hallarda bu cərimələr qanunsuz yazılır. Eyni zamanda aydın olunur ki, BNA-nın əməkdaşları Ziya Məmmədovun nəqliyyat qoçularının əməllərini təkrarlamaqla məşğuldur. Qurumun əməkdaşlarının avtomobil sahibləri ilə kobud danışması, bəzi hallarda onlara fiziki zor tətbiq etməsi barədə faktlar var və bu barədə zaman-zaman yazılıb.
BNA həm də iri məbləğli büdcə vəsaitlərini “udan” qurum kimi tanınır. Qurumun həyata keçirdiyi tenderlərə həmişə şübhə ilə yanaşılıb. Məsələn, götürək yolların rənglənməsini. Mediada yazılanlara görə, BNA 3 il ərzində Bakı yollarının rəngləməsinə 22 milyon manata yaxın pul xərcləyib. Qurumun bununla bağlı elan etdiyi tenderlərin qalibi isə “Yol Xətt” MMC olub.
Anaxeber.info yazır ki, şəhərdə indiyə qədər normal parklanma təşkil olunmayıb, illər ötür, zaman keçir, şəhərin parklanma problemi getdikcə dərinləşir, acınacaqlı vəziyyət yaranır. Artıq Bakıda avtomobil saxlamağa yer tapmaq mümkün deyil. BNA tərəfindən “Tariflər müəyyən olunana qədər parklanma pulsuzdur” lövhəsi yazılmış istənilən ərazini göstərə bilərik ki, orada qanunsuz pul yığılır. Lakin BNA tərəfindən həmin şəxslərlə bağlı heç bir mübarizə aparılmır. Əgər tədbir görülsəydi, bir gün içində hamın adamları uzaqlaşdırardılar. Həmin ünvanları BNA rəhbərliyi və əməkdaşları gözəl tanıyır. Deməli, bu işdə maraqlı deyillər. Bu da azmış kimi, parklanma fəlakəti yaşandığı halda digər tərəfdən V.Kərimlinin “quldurları” gizli şəkildə gəlib maşınları çəkir, cərimə yazırlar. Məsələn, “Memar Əcəmi” metrosu ətrafındakı mağazalarla əhatələnmiş küçədə hər axşam, işdən sonra, qaranlıqda BNA müfəttişləri gizlicə dayanma-durma cərimə yazıb aradan çıxırlar. Bu da onların evinə çörək aparmağının “kişi” yolu...
Ümumiyyətlə, hansı istiqamətlərdə desən, vətəndaşların, sürücülərin BNA-dan narazılığı var. Misal üçün pik saatlarda paytaxt dayanacaqlarında yüzlərlə sərnişin avtobus gözləyir, marşrut isə tapılmır. Eyni zamanda, cərimələr nəqliyyat sistemini tənzimləmək üçün çıxış yolu deyil. Bunu Nəqliyyat Nazirliyinin timsalında hər kəs görmüşdü. Nəqliyyat Nazirliyinin saxladığı “qoçu” dəstələrinin taksi sürücülərini hədəfə alması acı nəticələr doğurmuşdu. BNA-nın bu istiqamətdə gördüyü işlər də inkişafa aparmır, bu sahəni Nəqliyyat Nazirliyinin zamanındakı duruma qaytarır.
Yeri gəlmişkən, BNA-dan tək vətəndaşlar və sürücülər yox, iş adamları da zərər görməkdədir. 2017-ci ildə Bakı şəhərinin inzibati ərazisində piyada səkiləri və eynisəviyyəli piyada keçidlərində pandusların təşkili işləri üçün tender keçirilib. 
Tenderin qalibi Elçin Mustafayevin faktiki sahibi olduğu “Econ” şirkəti olub. Həmin işlər görülüb. Dövlət büdcəsindən 2 milyondan artıq vəsait bu məqsədə sərf olunub, amma iş icraçısı Ricat Arif oğlu Şeyxəliyevin pulu verilməyib. 
BNA İdarə Heyəti sədrinin müavini  Elçin Mustafayevin adı bu işdə milyonluq korrupsiyada hallanır. İş icraçısı deyib ki, Elçin Mustafayev müxtəlif şəxslərin arxasında gizlənməklə onun pulunu ödəməkdən yayınır.
Həmçinin, bu illər ərzində BNA İdarə Heyətinin sədri Vüsal Kərimli NİİM-in fəaliyyətinin stimullaşdırılması üçün heç bir addım atmayıb. Həmin qurumun dayanacaqlarda quraşdırılmış monitorlar, naviqatorlarla bağlı hər hansı işlək mexanizmi yoxdur.
Həmin monitorlar indiyə qədər işləmir və dövlətin bu cihazların alınmasına ayırdığı maliyyə havaya sovrulub. BNA isə ilk vaxtlardan gur-gur guruldayırdı ki, dayanacaqlar intellektual idarəetmə sistemini yenidən quracaq. Amma bunun söz olaraq qaldığı göz qabağındadır.
Ümumiyyətlə, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi niyə saxlanır, hansı işi görür, əməkdaşları nəyə görə maaş alır, çox qəribədir.
Bu “ölü qurum” V.Kərimlinin əlində bir maxinasiya alətinə çevrilməkdən ayrı funksiyanı yerinə yetirmir. BNA-da baş daha çox hansısa marşurtların ləğvi və yenidən “satılmasına” qarışılıb.
Anaxeber.info
Turan
Tarix: 5-07-2021, 10:09
Xəbəri paylaş



Xəbər lenti