İlin ilk yarısı arxada qaldı: iqtisadçıların ikinci yarım il üçün gözləntiləri



Postpandemiya dövrünün başlanğıcı kimi dəyərləndirilən ilk yarım il Azərbaycan cəmiyyəti üçün karantin məhdudiyyətlərinin xeyli dərəcədə aradan qaldırılması, iqtisadiyyatı üçünsə bərpa və canlanmanın başlanması ilə yadda qalır. Pandemiyanın ağır təsirlərinə məruz qalan ölkə iqtisadiyyatında daralma may ayından etibarən genişlənmə ilə əvəz olunub. Eyni zamanda Azərbaycanda makroiqtisadi sabitliyin saxlanmasında əhəmiyyətli rolu olan neftin dünya bazar qiyməti hətta pandemiyadan əvvəlki həddən də yüksəkdir.
Belə ki, bu ilin yanvar-mayında Azərbaycanın dünya bazarına çıxardığı Azeri Light markalı neftin ortalama qiyməti 63,5 dollar təşkil edibb. Bu, 2020-ci ilin eyni dövründəki qiymətdən (42,95 dollar) 22,7 faiz, dövlət büdcəsində nəzərdə tutulan qiymətdən isə 37 faiz yüksəkdir. İndiki şərtlərlə ilin ikinci yarısında ölkə iqtisadiyyatını nələr gözləyir? Birinci yarımil nə qədər uğurlu oldu? İkinci yarımildə iqtisadiyyat üçün hansı risklər var?
Sualları cavablandıran iqtisadçı-ekspert Pərviz Heydərovun sözlərinə görə, ölkə iqtisadiyyatında müsbət meyllər maydan özünü göstərməyə başlayıb: “İl başlayandan isə tənəzzül var idi. Yəni keçənilki proses davam edirdi. May ayından tənəzzülün səngiməsini həm pandemiya şəraitinin sovuşmaq istəyi şərtləndirdi, həm neftin dünya bazar qiymətləri, həm qeyri-neft sektorunun inkişaf tempi, həm də iqtisadi aktivlikdə bərpa işartıları. Ümumiyyətlə, makroiqtisadi dayanıqlıq möhkəmləndikcə, iqtisadiyyatın tezliklə bərpa olunacağı gözlənilirdi. Və ilin ilk 5 ayının nəticələrinə əsasən, tənəzzül dayandı. 2021-ci ilin yanvar-may aylarında ölkədə 31 milyard 532,5 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olundu ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çox demək idi. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 6,7 faiz azaldığı halda, qeyri-neft-qaz sektorunda 4,5 faiz artdı. Lakin tənəzzülün dayanması fonunda bir cəhət diqqəti cəlb etdi ki, o da istehlak bazarında qiymətlərdə ilin əvvəlindən başlayan artımın davam etməsi və yanvar-may aylarının yekununa əsasən, məhsul və xidmətlərin dəyərinin ötən ilin eyni dövrü ilə müqayisədə 4 faizdən çox yüksəlməsi idi. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə bahalaşma 4,8 faiz, qeyri-ərzaq məhsulları üzrə 103,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,4 faiz təşkil edib”.
Yaranmış vəziyyətlə əlaqədar sahibkarlara hansı güzəştlər ediləcək?Pərviz  Heydərov yazır... » Sedanews.az
Pərviz Heydərov: “Yeganə risk pandemiyanın yenidən qayıda biləcəyidir”...
Ümumiyyətlə, may ayı ərzində qiymətlərin artım sürəti daha yüksək temp alıb ki, bunun da tənəzzülün qarşısının alınması və yaxud səngiməsi ilə üst-üstə düşdüyündən işgüzar fəallığın dirçəlməsi ilə əlaqədar baş verdiyi təəssüratı yaranır: “Halbuki belə deyil. Bahalaşmanın iki səbəbi var: birincisi, ən çox işlənilən enerjidaşıyıcısı olan Aİ-92 benzini və dizel yanacağının bu ilin yanvarında bahalaşması və fevralın 1-dən suyun tarifinin artırılması; ikincisi isə pandemiya şəraitinin təsirləri (istehsala zərbə dəyməsi)... Digər tərəfdən, neftin qiymətinin 70 ABŞ dolları ətrafına qalxması ilə tələbatın bərpa olması və s. kimi amillər səbəbindən ilin əvvəlindən dünya üzrə bahalaşmanın baş verməsi də az əhəmiyyətli sayılmır. Ancaq inflyasiyanın davam etməsinin başqa səbəbləri də var. Bu da ölkəyə idxalın genişlənməsidir. Özü də əsas ticarət tərəfdaşı olan ölkələr tərəfindən. Hansı ki, həmin ölkələrdə milli valyutalar həm də ABŞ dollarına nəzərən ucuzlaşmaqdadır. ABŞ dolları dünya üzrə də möhkəmlənir, manatsa bunun müqabilində eyni nöqtədə ”ilişib qalıb". Yəni bahalaşmağa meyllidir. Belə şəraitdə isə istehlak bazarında qiymətlərin yüksəlməsi qaçılmaz xarakter daşıyır və daşımalıdır da".
İlin ikinci yarısında ölkə iqtisadiyyatı üçün yarana biləcək risklərə gəlincə, ekspert hesab edir ki, əslində təbii olaraq, heç bir risk yoxdur: “Məsələn, neftin dünya bazar qiymətlərinin düşəcəyi kimi bir təhlükə yoxdur, yəni gözlənilmir. Yeganə risk pandemiyanın yenidən qayıda biləcəyidir ki, bu baş verərsə, təkrarən durğunluq yaranacaq. Amma bunun baş verəcəyi də kifayət qədər şübhəli ehtimaldır”.
P.Heydərov Tarif Şurasının son qərarlarının inflyasiyayaradıcı effektini yüksək qiymətləndirmir: “Sonuncu qiymət artımları Aİ-92 benzinilə dizel yanacağının və suyun tarifinin artırılması ilə müqayisədə az təsirli əhəmiyyət daşıyacaq. Sənaye və kənd təsərrüfatı sahələrinə verilən təbii qazın tarifi dəyişdirilməyib və hazırkı 20 qəpik səviyyəsində saxlanılıb. Elektrik enerjisi üzrə artıma yol verməmək üçün elektrik stansiyalarına verilən təbii qazın tarifi cəmi 1 qəpik artırılıb, yəni 12 qəpikdən 13 qəpiyə dəyişdirilib. Əhali üzrə təbii qazın illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün tarif dəyişdirilməyib və hazırkı 1 kub metr üçün 10 qəpik səviyyəsində saxlanılıb. Odur ki, inflyasiyaya təkan verəcək heç nə yoxdur ortada”...
Onu da qeyd edək ki, Azərbaycan hökuməti koronavirus pandemiyası ilə əlaqədar maliyyə sektoruna əlavə dəstəkləyici tədbirlər paketinin vaxtını növbəti dəfə uzadıb. Mərkəzi Bankdan bununla bağlı verilən məlumata görə, iqtisadiyyatın müxtəlif sahələri üzrə məhdud rejimin yumşaldılması fonunda iqtisadi aktivliyin tədricən bərpa edilməsi şəraitində Mərkəzi Bankın İdarə Heyətinin 30 iyun 2021-ci il tarixli 19 nömrəli qərarına əsasən pandemiyadan təsirlənmiş fiziki şəxslər və sahibkarlıq subyektlərinin maraqlarının qorunması və dəstəklənməsi davam etdirilərək cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmamasına, borcalanların kredit öhdəlikləri üzrə gecikmələrlə bağlı onların kredit tarixçələrinin pisləşməməsinə dair kredit təşkilatlarına verilmiş tövsiyələrin müddəti 1 oktyabr 2021-ci il tarixinədək uzadılıb. Eyni zamanda kredit və sığorta təşkilatlarının kapital mövqeyinin daha da möhkəmləndirilməsi, onların sərbəst maliyyə vəsaitlərinin kapitala yönəldilməsinin təmin edilməsi məqsədilə dividend ödənişlərinə tətbiq edilmiş məhdudiyyətlər həmin tarixədək qüvvədə saxlanılıb.
Qasımlı: “Azərbaycanın Türkiyə ilə birbaşa əlaqəsi regional inkişaf üçün  əlverişlidir”
Vüsal Qasımlı: “Azərbaycan üçün dünya bazarlarında inflyasiya diqqəti daha çox cəlb edir”
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlının sözlərinə görə, dünya iqtisadiyyatında bərpa prosesi sürətlənsə də, borc problemi, maliyyə bazarlarında dalğalanmalar və inflyasiya kimi narahatlıqlar var: "“Bank of America"nın sorğuları göstərir ki, investorlar bazarlarda 37 faiz təhdidi inflyasiyanın sürətlənməsindən və 33 faiz isə FED-in monetar siyasəti sərtləşdirməsindən sonra bazarlarda mümkün isterikada görürlər. FAO-nun Ərzaq Qiyməti İndeksi bu ilin mayında ötən illə müqayisədə 39,7 faiz yüksəkdir. Ərzaq səbətini təşkil edən bitki yağı, taxıl, şəkər, ət və süd də dünya bazarlarında bahalaşır. Enerji qiymətləri də yüksəlməkdə davam edir. Azərbaycanın ixracında enerji və ərzaq məhsulları üstünlük təşkil etdiyindən, bu məhsulların qiymətinin bahalaşması ixrac gəlirlərini artırır. Məsələn, bu ilin ilk dörd ayında müqayisəli qiymətlərlə Azərbaycanın ixracı 8,3 faiz azalsa da, faktiki qiymətlərlə 25,1 faiz artıb. Yəni bizim ixracın fiziki həcminin azalmasına rəğmən, ixrac məhsullarının bahalaşmasına görə dəyəri artıb. Eyni şəkildə qeyri-neft ixracı müqayisəli qiymətlərlə 10,7 faiz, amma faktiki qiymətlərlə 27 faiz artıb. Maraqlıdır ki, Azərbaycanın idxal etdiyi məhsulların da qiyməti bahalaşıb. Məsələn, biz bu ilin ilk dörd ayında 18,9 faiz az idxal etsək də, faktiki qiymətlərlə idxal 4,3 faiz artıb.
Hesablamalar göstərir ki, Azərbaycanda ixrac məhsulları idxal məhsularına nisbətən daha çox bahalaşıb ki, bu da cari əməliyyatlar hesabına müsbət təsir göstərir. Bu həm də manatın real effektiv məzənnəsinin yüksəlməsinə təsir deməkdir".
V.Qasımlı bildirib ki, illik təqribən 10 milyard dollarlıq idxal həyata keçirən Azərbaycan üçün dünya bazarlarında inflyasiya diqqəti daha çox cəlb edir: “Mərkəzi Bankın məlumatına əsasən, qeyri-monetar xarakter daşıyan xarici və daxili xərc amilləri, eləcə də təxirə salınmış tələbin fəallaşması fonunda faktiki inflyasiya artıb mayda 4,9 faizə çatmaqla hədəf dəhlizində olmuşdur. Azərbaycanda cari əməliyyatlar hesabının bu ilin ilk rübündə ÜDM-in 5,6 faizi səviyyəsində yaranmış profisiti, ikirəqəmli artan qeyri-neft ixracı və 70 dolları aşan neft qiymətləri, habelə qaz ixracının böyüməsi hesabına yerli bazarda valyuta tələbi lazımi səviyyədə ödənilir. Eyni zamanda dövlət büdcəsinin profisiti bu ilin 5 ayında 368,9 milyon manata, və ya büdcə xərclərinin 4 faizinə çatıb. Beləliklə, cari əməliyyatlar hesabı və dövlət büdcəsinin eyni vaxtda yaranmış profisiti - manatın məzənnəsini saxlamaqla, inflyasiyanı da cilovlayır.
Azərbaycanda dövlət və özəl sektorun, habelə bank sektorunun aşağı hədlərdə xarici borcunun olması da manata təzyiq imkanı vermir. Əhalinin əmanətlərinin ilk dörd ayda 7,7 faiz artması və qeyri-nəqd dövriyyənin böyüməsi də manatın məzənnəsi və qiymətlərin sabitliyi üçün arqumentlər sayıla bilər. Hələlik iqtisadi artımın kövrək bərpası da inflyasiya təzyiqi yaratmaqdan uzaqdır".
V.Qasımlı hesab edir ki, neftin qiymətlərinin son iki ildə ən yüksək həddə çataraq 70 dolları ötməsi Azərbaycanın gəlirlərini də artırır. Mərkəz rəhbərinin sözlərinə görə, bütövlükdə dünya iqtisadiyyatının bərpası onun ahəngdar hissəsi olan Azərbaycan iqtisadiyyatına da müsbət təsir göstərir: “COVİD-19 pandemiyası rəqəmsal transformasiyanı sürətləndirdi. Gələcəyi proqnozlaşdırmağın ən yaxşı yolu onu yaratmaqdır. Dünya iqtisadiyyatı üçün bir neçə trendi qeyd edə bilərik. Dünya iqtisadiyyatı məhsul və sahə əsaslı yanaşmadan müştəri və ya insan əsaslı yanaşmaya keçir. Yeni ”norma"lardan biri də ondan ibarətdir ki, dövlətin rolu böhrandan əvvəlki həddə qayıtmayacaq və daha da güclənəcək. Virtual və real dünyanın yaxınlaşması, xidmətlərin rəqəmsallaşması, xüsusən təhsil və səhiyyə sahəsində dərin transformasiya proqnozlaşdırılır. Texnologiyanın ən əsas komponenti insan kapitalı əsas drayver rolunu qoruyacaqdır. Dövlət və biznes innovasiya mədəniyyətinə keçir. İnnovasiya mədəniyyətinin məğzi ondan ibarətdir ki, komandada hamıdan innovativ təklif gözləmək və səhvlərdən nəticə çıxarıb irəli getmək lazımdır. Texno-kommunizm fəlsəfi-futuroloji konsepsiya olub eqalitar cəmiyyətə keçidi nəzərdə tutur və qəbul edilir ki, insanların istifadə etdiyi elmi və texnoloji nailiyyətlər bütün cəmiyyətə aiddir. Azərbaycan məhz postcovid arxitekturanı müəyyənləşdirən trendləri nəzərə almaqla Prezident İlham Əliyevin müəyyənləşdirdiyi milli prioritetlər əsasında iqtisadi inkişafı təmin edə bilər".
Tarix: 2-07-2021, 08:58
Xəbəri paylaş



Xəbər lenti