Dünya koronavirus pandemiyasından sonra necə toparlanacaq?.. - ekspertdən maraqlı təkliflər
Dünyada 174 749 068 nəfərdə koronavirus aşkarlanıb. Virusdan 3 762 883 xəstə ölüb, 158 157 982 nəfər sağalıb. Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (34 242 866 nəfər), Hindistan (29 089 069 nəfər), Braziliya (17 038 260 nəfər), Fransa (5 719 937 nəfər) və Türkiyədir (5 300 236 nəfər).Azərbaycanda isə koronavirusa yoluxan 334 849 nəfərin 4 947-si ölüb, 327 387 xəstə sağalıb.
Hazırda dünyada, eləcə də Azərbaycanda koronavirusa qarşı mübarizə tədbirləri davam etdirilməkdədir. Yoluxma sayının və ölənlərin sayı azalsa da, pandemiyanın tamamilə bitməsi barədə müsbət proqnozlar verilmir. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun heç bir yerdə yox olmayacağını xəbərdar edib. ÜST-dən bildirilib ki, İngiltərədə qapanmanın tamamilə ləğv edilməsi sual altındadır, bu, virusun digər ştammlarından 40 faiz daha çox yoluxucu olan “Hindistan” stammının yayılması səbəbindəndir. Bu arada keçmiş ABŞ prezidenti Donald Tramp, Çindən koronavirusun vurduğu zərərə görə 10 trilyon dollar təzminat ödəməli olduqlarını deyib. Ümumiyyətlə, dünya koronovirus pandemiyasından sonra necə toparlanacaq? Hansı sahələr birdəfəlik batacaq, hansı sahələr daha da inkişaf edəcək?
Qeyd edək ki, hələ ötən il ABŞ dövlət katibi Michael Pompeo bildirmişdi ki, mart ayından bəri 36 milyondan çox amerikalı işini itirib. O, dünyaya 9 trilyon dollara qədər ziyan dəydiyini açıqlamışdı.
Bir müddət əvvəl isə Yeni Zelandiyanın keçmiş baş naziri Helen Clark və onun üzv olduğu Dünya Səhiyyə Təşkilatının qrup üzvləri pandemiyanın dünya iqtisadiyyatına vurduğu zərər barədə açıqlama veriblər: "COVİD-19 pandemiyası nəticəsində iqtisadiyyata böyük miqdarda ziyan dəyib. Amma bu, gələcək illərdə özünü daha qabarıq şəkildə göstərəcək. Belə ki, mövcud böhran səbəbi ilə zərərin 2025-ci ilədək 22 trilyon dollara çatacağı proqnozlaşdırılır".
Bu arada koronavirus pandemiyası ilə əlaqəli böhran Almaniya iqtisadiyyatına 300 milyard avroya başa gəlib. Kölndə yerləşən İqtisadiyyat İnstitutunun rəhbəri Mihael Huther müsahibəsində deyib ki, pandemiyanın vurduğu zərərin kompensasiya edilməsi illərlə sürə bilər: "Peyvəndləmə prosesi sürətlə gedir, bu, iqtisadiyyatın inkişafı üçün yaxşı göstəricidir. Ancaq böhranın artıq heç bir iz qoymayacağı illüziyasında da olmamalıyıq. Koronavirus olmasaydı, iqtisadiyyat əhəmiyyətli dərəcədə böyüyərdi".
Nəzərə alsaq ki, pandemiya bütün dünya iqtisadiyyatını çökdürüb və bundan sonra da fəsadlar törətməkdə davam edəcəyi deyilir, bəs ölkələr bunun qarşısını almaq üçün nə etməlidir? Nə kimi qabaqlayıcı tədbirlər görülməlidir? Ruslan Atakişiyev Mövzu ilə bağlı bu və digər suallarınızı İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev cavablandırıb: “Dünya iqtisadiyyatına nəzər saldıqda üç dairəni cızmaq olar. Birinci dairə ondan ibarətdir ki, koronavirusun ən çox təsir etdiyi sahə, ikinci sahə qismən təsiri olan, üçüncü isə o sahənin inkişafına səbəb olan istiqamətlərdi. İnkişafına səbəb olan istiqamət demək olar ki, tibbi xidmətlərin göstərilməsi, tibbi ləvazimatların satılmasıdır. Özümüz də şahidi olduq ki, onlayn satışlarda artımlar oldu. Eyni zamanda informasiya-kommunikasiya texnologiyalarının (İKT) daha da inkişafına gətirib çıxarıb. Dördüncü proses isə sənaye inqilabına keçidin sürətlənməsidir. Yəni sənaye inqilabının qarşısında duran hədəflərin əldə olunmasını daha sürətləndirdi. Belə deyək ki, sənaye inqilabından irəli gələn iqtisadi məsələlər daha çox ön plana keçəcək. Görünən odur ki, proses ona doğru gedir. Burada birbaşa zərər görən sahələr yenə də turizm sektorudur, idman oyunları, kütləvi mədəni tədbirlər, kitabxanalardır. Post-pandemiya dövründə bu sahələr o halda inkişaf edə bilər ki, onlar da öz fəaliyyət istiqamətlərini, o cümlədən işlərinin təşkilini COVİD-19 üçün hazırlanmış biznesin tələblərinə uyğun plan əsasında həyata keçirsinlər”.
R.Atakişiyev əlavə edib ki, pandemiya ilə bağlı Azərbaycanda da dünyada yaşanan eyni vəziyyət müşahidə olunur: “Beynəlxalq proseslərin yerli səviyyədə gedişi oxşardır. O cümlədən bizim ölkəmizdə də ən çox zərərçəkən sektor turizmdir. Eləcə də mədəni-incəsənət tədbirləridir, kütləvi idman tədbirləridir. Onlar da COVİD-19 tələblərinə uyğun işlərini qurduqları zaman fəaliyyət göstərə bilərlər. İnformasiya-kommunikasiya texnologiyalarının daha çox tətbiq olunduğu sahələr bizdə də inkişaf edən sahə oldu. Xüsusilə də İKT-nin yüksək tətbiqi nəticəsində buna xidmət göstərən İT şirkətlərinə ehtiyac artdı, onların bazarının genişlənməsinə gətirib çıxardı”.
İqtisadçı “yeni pandemiyalar, yenidən qapanmalara qarşı dünya ölkələri nə kimi qabaqlayıcı tədbirlər görməlidir” sualına da cavab verib: “Dünyada bununla bağlı çoxlu proqramlar var. Məsələn, Avropa Birliyi tərəfindən 5 illik Proqram var. Azərbaycanın 2025-ci ilə qədər iqtisadi inkişaf konsepsiyası hazırlanıb. ”Qlobal Beynəlxalq Maliyyə Korporasiyası", “Dünya Bankı”, “Avropa Yenidənqurma və İnkişaf Bankı” kimi təşkilatlar tərəfindən də müxtəlif proqramlar, planlar işlənib hazırlanır. Mahiyyət bundan ibarətdir ki, inkişaf strategiyalarında təklif olunan budur ki, onlar “elastik” olmalıdır, daha çox təhlükələrə reaksiya verən şəkildə tərtib olunmalıdır. Yalnız koronavirus deyil, hazırda qloballaşma səviyyəsində regional, beynəlxalq münaqişələr, iqtisadi müharibələr və bir çox bu kimi məsələlər var ki, iqtisadiyyata təsir edir. Bunun ən effektiv yolu risklərin düzgün təyin olunması, onların təhlükəli olması baxımından düzgün sistemləşdirilməsi və qiymətləndirilməsi və risklərin idarə olunması ilə bağlı effektiv tədbirlərin seçilib hazırlanmasıdır".
Afaq MİRAYİQ,“Yeni Müsavat”
Tarix: 10-06-2021, 08:41