Prezidentin vəd etdiyi əlavə pul əvəzinə izahat verilir
Bakıda dünən, mayın 6-da, gecə saatlarında çağırışların pik vaxtında Biləcəri Təcili Tibbi Yardım stansiyasının işçiləri xəstə üstünə getməkdən imtina etmişdilər. Onlar əmək haqlarından narazı idilər. İş artıq bərpa olunub. Bu haqda həkimlərdən biri Nərgiz Sultanzadə məlumat verib. Dünənki tətildə tibb işçiləri deyirdilər ki, vəd olunan artımı ala bilmirlər. İcbari Tibbi Sıgorta Üzrə Dövlət Agentliyindən də “Turan”a deyiblər ki, fevral ayına aid maaş əlavələri Maliyyə Nazirliyindən yalnız mayın əvvəlində ayrılıb, buna görə gecikmələr yaranıb. Məsələyə, hələlik, Maliyyə Nazirliyindən münasibət almaq mümkün olmayıb. Cığallıq, yoxsa anlaşılmazlıq? Prezident İlham Əliyevin keçən ilin martında verdiyi sərəncama görə, koronavirusla mübarizədə iştirak edən tibb işçilərinin əmək haqqına əlavələr edilir. Təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə bu, aylıq vəzifə maaşının 4 misli məbləğində tətbiq olunur. Biləcəri Təcili Tibbi Yardım stansiyasının həkimi Nərgiz Sultanzadə deyir ki, onlara bu qədər artım heç vaxt verilmədi: “Dörd misli deyəndə ki, biz heç vaxt dörd misli almamışıq. Yanvar ayından artıq bizə onun yarısını verdilər. Biz hələ fevralınkını alırıq. Fevral ayından da saat hesabı hesablanacaq. Saat hesabı isə çoxusunda heç 50 manat da eləmir. 90, 80, 20 manat da alan həkimlər var. Bu heç bir misli də deyil bizim əmək haqqımızın”. ABŞ -da iqtisadiyyat professoru Qubad İbadoğlu öz Facebook səhifəsində yazır ki, tibb işçilərinin əməkhaqqının baza hissəsi 440 manat olduğu üçün artım 50 manat yox, təqribən 1300 manat olmalı idi. Nazirlik pul yox, izahat verir Dünən gecə tibb işçiləri ilə görüşə gələn Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev onlara deyib ki, indi durum dəyişib, həm tibb işçiləri vaksin olunublar, həm də ki, hər çağırış koronavirus xəstəsi deyil və ümumilikdə riskləri azalıb. Tibb işçiləri isə bildirir ki, onlar hələ də risklə üz-üzədirlər: “Çağırış vaxtı deyir qızdırmam yoxdur, amma əslində gedirik ki, var. Biz daim koronaviruslu xəstələrlə ünsiyyətdəyik, bu, bizim qanpulumuzdur, niyə əlimizdən alırlar”. Azalma ilə bağlı İcbari Tibbi Sığorta Agentliyindən məlumat almaq mümkün olmayınb. Prezident sərəncamına niyə əməl olunmur? Keçən ilin mayında Lənkəranda əmək haqqından narazı həkimlər aksiya edəndə Agentlik bildirimişdi ki, prezidentin sərəncamında əmək haqqının 3-5 misli nəzərdə tutulsa da, əlavələrin ödənilmə müddətini Nazirlər Kabineti müəyyən edir. Nazirlər Kabineti isə tibb işçilərinin əməkhaqlarını onların işdə olduqları günlərin sayı ilə hesablayır. Tibb professoru Adil Qeybulla deyir ki, təcili yardım həkimlər həssas qrupdur: “Bütün yük onların çiynindədir. Onlar COVİD-li xəstələrlə işləyirlər deyə, onlara prezident sərəncamı birbaşa şamil olunmalıdır”. Dövlət Statistika Komitəsinin məlumatına görə ümumlikdə Azərbaycanda həkimlərin sayı son 10 ildə 4 faizə qədər azalıb. Bunun fonunda isə əhalinin sayı artıb. Ötən bir ildə koronavirus və 44 günlük müharibə dönəmində onlarla həkim həyatını itirib. Azadlıq radiosu