Sosial siyasət və ideologiya
Dövlətin, adətən öz pulu, öz qazandığı pul olmur, hökumətin isə heç olmur, dövlətin büdcəsində olan pullar vətəndaşların qazandığı və bir hissəsini büdcəyə ödədiyi vəsaitdir.
Resurs ölkələrində bir az fərqli situasiya yaranır – büdcə həm də ölkənin təbii resursları hesabına formalaşır. Bəzi resurs ölkələrində təbii sərvətlər özəl şirkətlərə məxsus olur, onlar hökumətin qoyduğu qaydalarla, məsələn, neft-qaz hasil edir, satır, qazanır, həm gəlir vergisi, həm də resurs vergisi verir. Məsələn, Rusiya resurs ölkəsidir, amma neft sahəsində onlarla özəl şirkətlər var, həmin şirkətlər həm mənfəət vergisi verirlər, həm də ixrac etdikləri hər barel (əslində ton) neft üçün, obrazlı desək, resurs rüsumu (vergisi) ödəyirlər.
Bir də ərəb ölkələri var, onlar mütləq monarxiyadır, qanun-qaydanı monarx təcəssüm etdirir. Çox mənasız sistemdir, amma legitimliyi var, ona görə də monarxın cibi ilə büdcə eynidir. Monarx da öz təəbələrinə zaman-zaman pul paylayır, əvəzində isə bütün siyasi, ictimai hüquqları, seçki hüququnu təəbələrin əlindən alır. Yəni, paylanan sosial yardımlar siyasi hüquqları tam məhdudlaşdırır. Bir daha, mənasız, insan təbiətinə zidd, çağdaş dünyaya tərs bir sistemlərdir.
Bir də Norveç kimi resusr ölkəsi var, büdcə vergilərlə formalaşır, amma büdcədən kənar Neft Fondu (rəsmi adı, NMIB - Norveç Dövlət Təqaüd Fondu) var, orada toplanan vəsait (artıq 1 trilyon dollardan çox vəsaiti var) ölkənin “təhlükəsizlik yastığı” hesab olunur, hər kəsin dolayı payı var, amma hökumətlər tez-tez dəyişdiyi üçün qaydalar müəyyən edilib, hökumətlərə Fonddan istifadəyə ciddi məhdudiyyətlər qoyulub, yəni heç bir hökumət kefi istədiyi qədər Fonddan pul görütüb büdcəyə ötürə, ya da xərcləyə bilməz. Norveç sosial dövlətdir, amma əvəzində çox böyük vergi yükü olan bir ölkədir. İnsanlar vergi verir, əvəzində dövlətdən sosial xidmətlər alır, insanlar seçkiyə gedir, ödədiyi verginin necə xərclənməsinə seçki yolu ilə qərar verir. Amma heç vaxt Norveçdə seçki zamanı (belə siyasi təşkilatlar olub) xalqa havayı pul paylayacaqlarını vəd edən siyasətçilərə səs verməyiblər.
Bir də Azərbaycan var – sistemi, idarəetməsi, ideolojisi bəlli olmayan hibrid bir ölkə. Qanunlarla təbii resuslar xalqa məxsusdur, neft-qaz (qızıl, filizlər və s.) dövlət mülkiyyəti sayılır. Dövlət Neft Fondu var ki, təbii sərvətlərdən qazanılan vəsait o Fonda yığılır, sonra isə büdcəyə transfert olunur, həm də büdcədən kənar layihələrə (məsələn, xaricdə təhsil, məcburu köçkünlərə yardım, su layihələrinin icrası və s.) xərclənir. Ölkə büdcəsinin 50%-i birbaşa Neft Fondundan köçürülür, yəni büdcədə olan hər 10 manatın 5 mantı Neft Fonduna görədir. Büdcənin, təqribən, 10%-i isə neft-qaz sektorundan gələn vergilərdən formalaşır. Deməli, cibimizdə olan hər 10 manatın 6 manatı resurslara görədir. Ölkə ixracının 90%-ə yaxını yenə resurslara görədir, deməli, ölkənin qazandığı hər 10 manatdan 9-u neft-qaz puludur. Paralel olaraq da vergi-gömrükdən vəsait büdcəyə daxil olur, amma burada bir önəmli məqam var, dərinə gedib, elmi tezislərlə sizi yormadan sadə dillə desəm, büdcədə neft-qazdan kənar görünən 40%-in də içində yenə neft-qaz pulu var. Məsələn, büdcədən maliyyələşənlər maaş alırlar, 14% vergi ödəyirlər, o vəsaitin mənbəyi neft-qaz pulu olduğundan maaş kimi aldıqları hər 100 manatın 14 manatını vergi şəklində büdcəyə qaytarırlar. Daha bir məsələ odur ki, büdcədən ayrılan investisiya xərcləri var, bu il 5,1 milyard manat birbaşa investisiya xərcləri olacaq, deməli, bu layihələrdə iştirak edən şirkətlər qazanc əldə edəcəklər, ondan vergi verəcəklər, bu vəsaitin ən az 15%-ə yaxını yenidən büdcəyə qayıdacaq. Başqa sözlə desək, Azərbaycan büdcəsinin 75%-ə yaxını birbaşa neft-qazdan asılıdır ki, bu da faciəvi asılılıqdır.
Gələk sosial siyasətə - sistemin özünün qeyri-rassional olması sosial siyasətə də mənfi təsir edir. Toplamda büdcənin 40%-ə yaxını sosial istiqamətlidir, amma idarəetmə sistemi bərbad olduğu üçün bunun cəmiyyətə pozitiv təsirləri azdır.
Bu həftə kiçicik bir sorğu keçirdim və rica etdim ki, istifadəçilər tək səs verməsinlər, şərhlərdə suala cavab da yazsınlar, sual belə idi: Siz nə seçərdiniz, yüksək vergilər-rüsumlar və paralel olaraq da yüksək sosial təminat və ya kiçik hökumət, az vergi-rüsum siyasəti, biznesi təşviqedici idarəçilik, amma daha az sosial yardımlar paketi. Bir daha sorğuda fikirlərini yazanlara təşəkkür edirəm, 100-dən çox cavab aldım, təqribən 80% az vergi-rüsum, az sosial yardımı seçdilər. Məntiqə və öz təcrübəmə əsaslanaraq deyə bilərəm ki, bizim toplumun böyük əksəriyyəti fərdiçi və “sağ” yönümlüdür, təqribən 20-30% arası isə “sol”, “sosial-demokrat” fikirli insanlar var. Sadəcə, onların da böyük əksəriyyəti bu məsələyə ideoloji deyil də, situativ və instinktiv yanaşırlar.
Bizim hökumətin ideoloji boşluqda sallanması açıq görünür, insanları qıcıq edən odur ki, nə “sağ” kimi sağdılar, nə “sol” kimi sol, eybəcər hibrid modeldir. Vergi-rüsum, cərimə siyasəti “soldur”, çox yüksək vergilər, rüsumlar var, daha betəri, bu vergi-rüsum siyasəti günümüzə adekvat deyil (hələ mən korrupsiyanı bir kənara qoyuram), təşviqedici deyil, amma sosial siyasətdə isə “sağdılar”, verən əlləri yoxdur. Belə olmur, ola bilməz, belə bir sistem yürüməz. Biz – ölkənin gələcək idarəçiləri, siyasi səhnədə olan oyunçular bu məsələni ideoloji və elmi platformada müzakirə etməyə borcluyuq ki, gələcəkdə ideoloji seçim yetişsin, pafosun və populizmin qarşısı kəsilsin.
Bir çox müxalif təşkilatlar da eyni “tələnin” içindədilər – gah deyirlər ki, biz liberal iqtisadiyyatın tərəfdarıyıq, gah da deyirlər ki, biz gəlib hamıya pul paylayacağıq. Olmur belə, normal sitemdə, hansını ki, qurmağa çalışırıq sxem belədir: Yüksək vergi-rüsum = daha çox sosial yardım = cəmiyyətin təşəbbüskarlığının azalması = dövlətin iqtisadiyyatda lokomotiv rolu, ya da tam tərsi: Çox az vergi-rüsum siyasəti + təşviqedici sistem + effektiv və kiçik hökumət modeli + təşəbbüskarlığın artması + əhalinin öz əməyi hesabına maddi vəziyyətinin çoxalması = Liberal Rəqabətli İqtisadi Model və dövlətin iqtisadiyyata minimum müdaxiləsi.
Sosial siyasət məhz ideolojidir, situativ və populistik deyil və elə etməliyik ki, cəmiyyət özü seçə bilsin, ən vacibi budur. Hansı ölkədə ki, hər 5-10 ildən bir seçki yolu ilə “sağ-mərkəz” “sol-mərkəz”i əvəz edir, o ölkələr daha dayanıqlı inkişaf edir, çünki, hər ikisinin zəif nöqtələri var, əvəzlənmə olanda zəif nöqtələr azalır, hamı dərs çıxarır, nəticədə ideala yaxın sistem formalaşır.
Hökumətimiz anlamalıdır ki, vergi birbaşa seçkiyə bağlıdır, seçki yoxdursa, vergidən hamı yayınacaq. Dövlət vergi istəyirsə, seçkiyə də imkan verməlidir. Klassik bir deyim var: Ölkələrdə ən vacib iki nazir olmalıdır: Ədliyyə Naziri və Maliyyə naziri. Ədliyyə naziri hökumətlərin istənilən təşəbbüsünə, “bu qanunidir, ya yox” rəyini verməli, Maliyyə naziri isə “bu təşəbbüsə pul var, ya yox”, sualına aydın cavabı olmalıdır.
Natiq Cəfərli
Ekspert
Tarix: 11-04-2021, 23:47