Azərbaycanda dünən, martın 11-də keçirilən sonuncu valyuta hərracında 62.3 mln. dollar satılıb. Ondan iki gün əvvəl gerçəkləşən hərracda (həftədə iki dəfə keçirilir) valyuta satişi 41.9 mln. ABŞ dollar (təqribən 48 faiz az) təşkil etmişdi. Neftin son vaxtlar bahalaşdığı halda ölkədə dollara tələbatın artması nəylə bağlıdır? Bu hal davam edə bilərmi?
“İşğaldan azad olunmuş ərazilərdə müəyyən işlər başlayıb”
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov “Turan” agentliyinə bildirib ki, valyuta hərracında dollara tələbatın kəskin artması manat kütləsinin həcmi ilə bağlı ola bilər: “Dollara tələbatın artımı ona görə ola bilər ki, müəyyən qədər manat kütləsi böyükdür və onu müəyyən qədər yığışdırmaq istəyirlər”. Deputat qeyd edib ki, bu, həm də işğaldan azad olunmuş ərazilərdə işlərin başlanması ilə də əlaqədar ola bilər: “Çünki artıq işğaldan azad olunmuş ərazilərdə müəyyən işlər başlayıb. Bu işlərdə dollardan istifadə edirlər, çünki xaricdən müəyyən materiallar alıb gətirirlər və sair”. V.Əhmədovun fikrincə, dollara tələbat həmçinin, insanların ona marağın artmasına görə arta bilər: “Ola bilsin ki, insanlar özləri də müəyyən qədər böyük vəsaitləri dollarda saxlamağa üstünlük verirlər”.
“İnanmıram devalvasiya olsun”
Amma komitə üzvü hesab edir ki, bu hal manatın ucuzlaşmasına səbəb olmayacaq: “Mən inanmıram devalvasiya olsun. Çünki devalvasiya üçün müəyyən şərtlər var və onlardan biri neftin qiymətidir. Hazırda neftin qiyməti 65 dollardan yuxarıdır. İkincisi isə, Azərbaycan daxilində dövriyyə vəsaitinin həcmi yüksək səviyyədədir”. Deputata görə, bu il devalvasiya olmayacağının digər səbəbləri də mövcuddur: “Bizim şəhid ailələrimiz, qazilərimiz var və dövlət onlara vəsait ayırır. Devalvasiya olsa, bu vəsait dəyərdən düşəcək. İkincisi də, xarici şirkətlər işğaldan azad olunmuş ərazilərdə tikinti işləri aparırlar və belə olan halda devalvasiyaya getmək Azərbaycan dövlətinə sərf etməyəcək”. Azadlıq radiosu