Un və çörək bahalaşacaq: "Hökumət iqtisadiyyatın başına müsibət gətirib"


Nazirlər KabinetiNazirlər Kabineti

Hökumət unun və çörəyin bahalaşmasının qarşısını almaq üçün qərar imzalayıb.

Nazirlər Kabineti “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə" qərar verib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, un istehsalı ilə məşğul olan şəxslərə satılan unun hər tonuna görə bu Qərarın 2-ci hissəsi ilə müəyyən edilmiş qaydada 2021-ci il fevralın 1-dən mayın 1-dək olan dövrdə 35 (otuz beş) manat məbləğində subsidiya veriləcək.
Bizimyol.info-ya açıqlamasında iqtisadçı Nemət Əliyev bildirib ki, 35 manat çox kiçik rəqəmdir. Onun sözlərinə görə, hökümət istəyir ki, 35 manatla həmin xərcləri qapada bilsin. Bu qətiyyən mümkün deyil.
Nemət Əliyev Nemət Əliyev
“Hökumətin 35 manat məbləğində subsidiya ayırması ona hesablanıb ki, çörəyin qiymətinin bahalaşmasının qarşısını alsın. Buradan dərhal çıxarış etmək lazımdır ki, indiki dövrdə  qiymətlər daha da sürətlə artıbsa, o zaman 1 ton una görə 35 manat nəyə yarayacaq? 1 ton unun qiyməti üçün 35 manat təklif edirlər və bu məbləğ yetincə azdır.
Yalnız idxal mallarının qiyməti 23 faizə yaxın bahalaşıb. Yəqin ki, yerli malların qiymətində də bu qədər bahalaşma var. Bu ilin əvvəlindən bahalaşmanın daha da sürətlənməsini nəzərə alsaq, çörək və un istehsalçılarının xərcləri kifayət qədər artıb. 35 manat çox kiçik rəqəmdir. Hökümətin 35 manatla həmin xərcləri qapatması mümkün deyil.
Taxılın istehsalında əsasən dizel yanacağından istifadə olunur. Dizel yanacağının isə qiymətini hər litrində 33,3 faiz bahalaşdırıblar. Dizelin sıxlığını nəzərə almasaq, sadə dillə desək, 1 ton dizeldə 300 manat fərq yaranır. Bu qədər xərc artımını hökümət istəyir ki, 35 manatla əvəz etsin. Bu istehsalçıların itirdiklərini kompensasiya etməyə yetmir. Bu yalnız gözdən pərdə asmaqdır”.
İqtisadçının sözlərinə görə, hökumət əmək haqlarını və pensiyaları artırmalıdır ki, kənd təsərrüfatında min cür əzab-əziyyət çəkən kəndlilərin bahalaşma səbəbi ilə vəziyyəti ağırlaşmasın.
“Məsələnin başqa bir tərəfi də var. Ümumiyyətlə, hökümət subsidiya sistemindən istifadə etməklə nə qədər bahalaşmanın qabağını almağa və yaxud bahalaşmanın əhalinin həyat səviyyəsinə vurduğu zərbələri kompensasiya etməyə çalışacaq?
Dünya subsidiya sistemindən imtina edir. Biz də elan etmişik ki, bazar iqtisadiyyatına keçirik. Əgər bazar iqtisadiyyatına keçiriksə, belə bir şəraitdə qiymətləri bazar tənzimləməlidir. Əgər bahalaşma baş verərsə, hökumətin bir nömrəli vəzifəsi bahalaşmanın həyat səviyyəsinə vurduğu zərbəni, ağırlaşdırıcı təsirləri aradan qaldırmaq üçün əhalinin gəlirlərini çox sürətlə artırmaqdır. Məsələn, əmək haqlarını və pensiyaları artırmalıdır ki, kənd təsərrüfatında əziyyət çəkən kəndlilərin vəziyyəti ağırlaşmasın. Hökumətin yürütdüyü siyasət bundan ibarət olmalıdır.
Əvvəlki illərdə bahalaşmanın vurduğu zərərləri kompensasiya etmək üçün idxal olunan unu, taxılı əlavə dəyər vergisindən azad etdilər. İndi də  deyirlər ki, 35 manat subsidiya verəcəyik. Məsələnin bu variantla həlli çıxış yolu deyil. Tutaq ki, 3-4 ay sonra yenidən bahalaşma dalğası baş verdi, o zaman hökumət nə edəcək?
İndiki şəraitdə məsələni ayıq başla, iqitisadi proseslərin məntiqinə uyğun, uzlaşan şəkildə həll etmək lazımdır. Mənim kənardan müşahidələrim bu qənaətə gəlməyə əsas verir ki, hökumət belə vəziyyətə hazır deyildi. Belə situasiyalarda nə etmək lazımdır? Hansı intellektual idarəetmə mexanizmini tədbiq etmək lazımdır? Bu məsələnin çözümünü tapmaqda hökumət sanki dalana dirənib. Bu da ondan irəli gəlir ki, ölkənin kadrları yerində deyil. Atın qabağına ət, itin də qabağına ot atıblar. Belə bir vəziyyət yarandığına görə də, vəziyyətdən çıxış yolları görünmür.
Bu formada vəziyyətdən çıxış yolu yaxşı tənzimləmə mexanizmi deyil. Bundan əl çəkmək lazımdır. Ümumiyyətlə, yersiz bahalaşma sevdasına düşənlərin qabağını almaq lazımdır. Birdən-birə suyun qiymətini 2 dəfə qaldırmaq, dizel yanacağının qiymətini 33 faiz bahalaşdırmaq normal məntiqə sığan hal deyil. Yaxud da idxal olunnan malları Gömrük Komitəsində sıxışdırıb, üzərinə yeriyib, özlərinin tutduğu vəzifə səlahiyyətlərindən istifadə  edib, adamlara deməzlər ki, 800 manata idxal etdiyin mala bu gün sən üç min dollar ödəməlisən. Ölkədə anormal vəziyyətin yaranmasının, yəni bu dərəcədə bahalaşmanın və bunun əhalinin sosial həyatına vurduğu zərbənin çox da iqtisadi əsasları yoxdur. Bunlar əsasən süni şəkildə yaradılır. Süni müdaxilələrin qabağını alsalar, normal idarəetmə sistemi təqbiq etsələr, hökümət bu qədər dalana düşməz.
Ölkə iqtisadiyyatının başına belə bir müsibət gətirib dalana dirəyiblər. Ona görə də, problemlər çıxanda onu aradan qaldırmağın çox anormal yollarını təklif edirlər. Açığı düşünmürəm ki, bu yolla əhaliyə dəyən zərbəni kompensasiya etmək mümkün olsun”,- deyə bildirib.
Tarix: 19-02-2021, 23:02
Xəbəri paylaş



Xəbər lenti