Qubad İbadoğlu: “SOCAR özü ilə bərabər dövləti də batıracaq”


İbrahim Əhmədov: "Onlar şirkətin keçmişdə sərmayə qoyduğu sahələrə baxıblar"
Azərbaycan Demokratik Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu özünün “Feysbuk” səhifəsində Təbii Resursların İdarəedilməsi İnstitutunun (NRGİ) "Riskli mərc: Dövlət neft şirkətləri (DNŞ) enerji keçidində" adlı hesabatını şərh edib.
O deyib ki, xarici analitiklərin qiymətləndirmələrinə əsasən, SOCAR ölkə iqtisadiyyatı üçün ciddi risk yaradıb: “NRGİ SOCAR-ın Azərbaycan dövləti üçün əhəmiyyətli risk yaratdığını bildirir. Mən deyirdim ki, SOCAR batacaq, inanmadılar, vaxtında tədbir görmədilər, indi əl-ayağa düşüblər”. 
Fevralın 1-də yayılan hesabatda qeyd olunur ki, borcları dövlət gəlirlərinin 20 faizindən az olmayan DNŞ-lər ölkələri üçün əhəmiyyətli risklər yaradır. 
Bu kateqoriyada 49 şirkət arasında  SOCAR (Azərbaycan) da ön sırada yer alıb.
İbrahim Əhmədov AZƏRTAC 
İbrahim Əhmədov: “Xəbərdarlığa görə təşəkkürlər, amma SOCAR bunu bilirdi” 
SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov “Toplum TV”-yə bildirib ki, şirkət gələcək planlarını hələ açıqlamayıb: “Hesabatda bütün şirkətlərin investisiya strategiyası barəsində danışılır. Biz planlarımızı açıqlamadığımız halda, onlar buna necə fikir bildirə bilərlər?”
Onun fikrincə, hesabatda şirkətin gələcək planları dəyərləndirilmir, bu, sadəcə, xəbərdarlıq xarakteri daşıyır: “Onlar şirkətin keçmişdə sərmayə qoyduğu sahələrə baxıblar, fərz ediblər ki, şirkət yenə eyni sahələrə investisiya qoyacaq və ziyan edəcək. Hesabatda “əvvəlki qaydada işləsəniz riskli olar, çünki bazar dəyişib” deməyə çalışırlar. Xəbərdarlığa görə təşəkkürlər, amma SOCAR bunu bilirdi. Buna görə də artıq 2019-cu ildə yeni strategiyanı hazırlamağa başladı”. 
İ. Əhmədov qeyd edib ki,  SOCAR-ın  maliyyə hesabatları şirkətin rəsmi saytında qeyd olunub. 
Uzunmüddətli borclar 11 milyon manatdan bir az çoxdur. Borcların 90 faizi dövlət zəmanəti olmadan, layihələr üzrə götürülüb, yəni borclar qaytarılmasa, dövlət buna cavabdeh deyil. 
Qubad İbadoğlunun fikrinə münasibət bildirən mətbuat katibi deyir ki, SOCAR ekspertlərin tənqidinə şərait yaradıb: “İqtisadçılar, təhlilçilər bizim maliyyə hesabatlarımızı açsınlar, fikir və təkliflərini bildirsinlər. SOCAR, əlbətdə, bunları nəzərə almalıdır”. 
Təbii Resursların İdarəedilməsi İnstitutu analitiklərinin proqnozlarına görə, yaxın 10 ildə özünü doğrultmayan kapital xərclərinə görə, dünyada ən pis vəziyyət Mozambikin ENH və Azərbaycanın SOCAR şirkətlərində olacaq.
İnstitutun baş analitiki və hesabatın müəlliflərindən biri David Manley isə deyib ki, dövlət neft şirkətlərinin borcları qeyri-müəyyən bir qumardır: “ Bu, inkişaf etməkdə olan ölkələrdə iqtisadi böhranlara yol aça və xalqa baha başa gələ bilər”. 


Tarix: 14-02-2021, 11:09
Xəbəri paylaş



Xəbər lenti