Neft qiymətlərinin bu il yenidən artacağı gözlənilir.Çünki yoluxmanın azalması, peyvənd olunanların sayının artması ilə əlaqədar xəbərlərin yayılması ümidverici gözləntilər qlobal neft bazarları iştirakçılarına da müsbət impulslar ötürür. Sənaye sahəsindəki hərəkətlənmələr, iqtisadiyyatın nisbətən canlanması neft bazarına da müsbət təsir göstərir.
Doğrudur, hələlik Beynəlxalq Enerji Agentliyi (IEA) COVID-19 mutasiyalarının yayılma ehtimalını nəzərə alaraq, ilin ilk rübü üzrə neft tələbi proqnozlarını səsləndirməkdə səbrli davranır. Lakin qlobal neft tələbinin pandemiya səbəbilə itirdiyi həcmin 60%-ni geri qazanacağı və bu il keçən illə müqayisədə sutkada təxminən 5,4 milyon barrel (6%) artımla gündəlik 96 milyon 440 min barrel səviyyəsinə çatacağı təxmin edilir.
Beynəlxalq Enerji Agentliyinin hesabatına görə, qlobal neft təklifi, keçən ay dekabr ayı ilə müqayisədə sutkada təxminən 580 min barrel artımla gündəlik 93 milyon 630 min barrel olub.
Bu rəqəm, 2020-ci ilin aprel ayından bu yana ən yüksək səviyyədir. Təbii ki, bazarda neftə tələbat artdıqca qiymət artımı da gözləniləndir.
Maraqlıdır, neft ölkəsi olan Azərbaycan qiymət artımından qazanacağı vəsaiti hansı sahələrə sərf edəcək?"Altay" Sosial İqtisadi Araşdırmalar Mərkəzinin (ASAM) rəhbəri, iqtisadçı Elçin Bayramlı
Cebhe.info-ya deyib ki, nefdən gələn əlavə gəlir sosial sahəyə və daxili istehsalın inkişafına yönəldilməlidir:
“Büdcədə bir barel neftin qiyməti 40 dollar müəyyənləşdirilib. Bu da o deməkdir ki, biz təxminən 50 faiz artıq gəlir əldə edirik. Bunun özü çox böyük göstəricidir. Pandemiyanın səngiməsi ilə əlaqədar bir sıra ölkələrdə, xüsusən də Çində neftə tələbat artır. Yəni neftin qiyməti qalxacaq. Proqnozlar neftin bir barelinin 70 dollaradək bahalaşacağını göstərir.Üstəlik də Amerikada Bayden hakimiyyətədə gələndən sonra yürütdüyü siyasət neftin bahalaşmasını şərtləndirir. İndi məsələ bizim neftin bahalaşmasından sonra əldə etdiyimiz əlavə gəlirləri necə istifadə etməyimizdir. İlk növbədə sosial müdafiəyə vəsait ayrılmalıdır. Çünki bahalaşma gedir, əhalinin gəlirləri azalır və pandemiya ilə bağlı əhali çox ciddi zərər çəkib.Yəni faktiki inflyasiya gedir. İkincisi isə Qarabağda quruculuq proseslərinə vəsait yönəldilməlidir. Çünki orada böyük iş yerləri açmağa şərait var. Əgər bu ərazilərə investisiyalar yönəldilər və iş yerləri açılarsa, o zaman cəmiyyətin də sosial rifahı qaydasına düşər. Bu quruculuq işləri zamanı azad olunmuş ərazilərdə qalan evləri müəyyən qədər təmir edib, əhalinin bir qismini hələlik də olsa, o ərazilərə köçürmək lazımdır.Büdcə gəlirləri buna tam şəkildə çatmaz. Paralel olaraq, hökumət investisiya imkanlarından da istifadə etməlidir. Xarici investorlar da bu işlərə cəlb edilməlidir”.E.Bayramlı hesab edir ki, əlavə gəlirləri bahalı bina tikintisinə və vacib olmayan digər sahələrə xərcləyənlər bu işlərini iki il təxirə salsalar, daha yaxşı olar:
“Qaldı neftdən gələn nəzərdə tutulandan əlavə gəlirlərin büdcəyə transfertinə, bu pullar mənasız şeylərə xərclənməməlidir. Pandemiya dövründə 480 milyonluq binalar tikdirmək eşqinə düşənlər bu gəliri havaya sovurmamalıdır.Heç olmasa, qarşıdakı iki il ərzində bu bahalı binaların, 7 ulduzlu otellərin tikintisi, bəzək- düzək işləri dayandırılmalıdır. Bu, həm pandemiyadan çıxışımız üçün lazımdır, həm də işğaldan azad olunmuş Qarabağda nəhəng infrastruktur işləri görülür, həmin işlərə sərf olunmalıdır. Hökumət bu dəfə çalışmalıdır ki, daha az lazımlı olan istiqamətlərdə xərcləri azaldıb, bu iki ildə əlavə vəsaitləri sosial sahəyə və Qarabağda quruculuq işlərinə, əhalinin oraya köçürülməsinə sərf etsin”.Ekspert deyir ki, bundan başqa dövlət aqrar sektorun inkişafı üçün xüsusi subsidiyalar ayıra bilər:
“Çünki aqrar sektorumuz sıradan çıxır. Kiçik və orta sahibkarlıq real şəkildə inkişaf etdirilməli, özünüməşğulluq proqramlarının əhatə dairəsi genişləndirilməlidir. Bizim vəsaitimiz və bütün imkanlarımız olduğu halda Dünya Bankı gəlib burada özünüməşğulluq proqramları təşkil edir. Bu, bizə yaxşı imic qazandırmır. Axı bizim xaricdə 50 milyardlıq strateji ehtiyatlarımız var və 1 faiz gəlirlə orada yatır.Bəzən dünyada baş verən məzənnə dəyişikliyi ilə bağlı bu 1 faizi də əldə edə bilmirik. Əgər həmin vəsaitin bir hissəsi yerli iqtisadiyyatın dirçəldilməsinə sərf edilsəydi, 1 yox, 5 faiz gəlir gətirərdi. Nəticədə yerli iqtisadiyyat güclənər, idxaldan asılılığımız azalar, gəlirlər artar və s. Bunun 20-dən çox müsbət tərəflərini saymaq olar. Demirəm ki, 50 milyardın hamısı ölkəyə gətirilsin.Təbii ki, ölkənin müəyyən qədər strateji ehtiyatı olmalıdır. Amma 50 milyarddan bir neçə milyard gətirib iqtisadiyyata qoymaq olar. Biz xammal satıcısından istehsalçıya çevrilərik. Qarabağın özündə tekstil sənayesinin qurulması üçün kifayət qədər imkanlar mövcuddur. Eyni zamanda, oranın ərzaq sənayesi üçün də imkanları genişdir. Dünyada vəziyyət getdikcə gərginləşir”.Ekspert qeyd edib ki, əgər pandemiyanın növbəti dalğası ilə əlaqədar əlaqələr kəsilərsə, ölkəmiz çox çətin vəziyyətə düşəcək:
“Çünki yerli istehsal yoxdur. Diş çöpünü belə xaricdən idxal edirik. Deməli, hökumət bu vəsaiti real iqtisadiyyata yönəltməldir. İndi 500 milyona bina tikmək vaxtı deyil. On görə də hökumət gəlirlərlə xərclədiyi vəsait haqqında hesabat verməlidir ki, nə qədər gəlir gəlib, nəyə xərclənib və hansı nəticə əldə edilib. Heç olmasa əlavə gəlirləri istehsal sahələrinə, iş yerlərinin yaradılmasına yönəltmək lazımdır.İllərdir ki, bu məsələ danışılsa da, heç bir nəticəsi olmur. Bu məsələlər Milli Məclisdə də qaldırılmalıdır. Əgər hər kəsin işi olsa, insanların bahalaşma ilə bağlı narazılığı da olmaz. Əgər neftin qiyməti artırsa, bu, daşınma xərclərinə də sözsüz təsir edir. Nəticədə idxal məhsulları bahalaşır. Bu da son nəticədə əhalinin üzərində qalır. İmkan verilsin ki, xaricdən istehsal dəzgahları gətirilsin. Gömrük orqanları bu məhsullara problem yaratmasın. Həmin avadanlığın sorğusuz- sualsız ölkəyə gətirilməsinə şərait yaradılmalıdır. Əgər eyni məhsul ölkədə istehsal olunursa, xaricdən idxal olunan eyni məhsullara əlavə rüsum qoyula bilər. Amma bizdə həmin məhsulların istehsalı yoxdu. Ölkədə sadələşdirilmiş vergi dərəcəsi biabırçı vəziyyətdədir. Məsələn, Bakı ilə hansısa ucqar bir kəndin sadələşdirilmiş vergi dərəcəsi eyni ola bilməz. Əgər şəhərdə 2 faizdirsə, rayon üçün 1 faiz olmalıdır.Digər tərəfdən, manat güclü olanda da dövriyyə 200 min dollar və ya avro idi, indi də elədir. Halbuki manat ucuzlaşıb. Yeni dövriyyə limiti ikiqat artırılmalıdır ki, sahibkar biznesini inkişaf elədirə bilsin. Əgər bütün bunlar olmasa, bu il bizi ağır vəziyyət gözləyir. Çünki enerji daşıyıcılarının və digər məhsulların qiyməti qalxır, bu da bütün məhsullara təsirsiz ötüşməyəcək. Qeyri- əhalinin “Milli Ön” aparından istifadə etməsi üçün 1 manat vəsait tutulacağı bildirilir. Mən başa düşmürəm, hökumət nağdsız ödənişlərə səsləyərkən, bunlar nəyə çalışır? Nəyə görə nağd ödənişlərin artmasına şərait yaradıb rüşvətxorluğa yol açılır? Nağdsız ödənişləri stimullaşdırmaq yerinə belə biabırçı vəziyyətin yaranması heç kimə lazım deyil”.
Tarix: 12-02-2021, 22:14