“BU ŞƏBƏKƏNİN ƏLİ İLƏ DÖVLƏTƏ BÖYÜK ZİYANLAR VURULUB...” – “Banklardan, Fonddan ona böyük pullar verilib”



"Baku Steell Company" MMC-nin rəhbəri Rasim Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edildikdən sonra Azərbaycanın metallurgiya sektorundakı dəhşətli korrupsiya, inhisarçılıq və reketlik əməlləri yenidən gündəmə gəldi. Bu problemlərin kökü isə R.Məmmədovun ölkənin ən böyük dəmir istehsalçısı olan müəssisəsinin başına gətirilməsindən sonra qoyulmuşdu.
Bu sahədə çalışan sahibkarlar quldurluq yolu ilə işindən, gəlirindən, əmlakından məhrum edilsə də, onların hüquq-mühafizə orqanlarına müraciətləri heç bir nəticə verməmişdi. Rasim Məmmədovu hakimiyyət dairələrində himayə edən "güclü əl" onun arxasında möhkəm durmuşdu. Güc sahibi - Ramiz Mehdiyevin hökmranlığına son qoyulduqdan bir müddət sonra R.Məmmədovun da “qara günləri” başladı, DTX onun dələduzluq, saxtakarlıq, mənimsəmə və s. cinayətlərlə dövlətə 55 milyon manatdan çox zərər vurduğunu açıqladı və həbs etdi. İndi onun törətdiyi əməllər, dövlətə, sahibkarlara vurduğu ziyan istintaq tərəfindən araşdırılır. Rasim Məmmədovun fəaliyyəti dövründə törətdikləri qanunsuzluqları bir neçə hissəyə bölmək olar. Əvvəla, o, "Baku Steell Company" MMC-yə rəhbər gətirildikdən dərhal sonra metallurgiya sektorunda 20-dən artıq müəssisəni sözün əsl mənasında reket üsulları ilə bazardan çıxardı, onların əmlakını ələ keçirdi.
İkincisi, "Azərboru" ASC kimi nəhəng müəssisəni özəlləşdirərək ələ keçirdi və məhv etdi. Zavodun adına alınmış milyonlarla manat kreditlər isə mənimsənildi.
Üçüncüsü, Rasim Məmmədov fəaliyyətdə olduğu müddətdə metal sənayesində yaratdığı inhisarçılıq əksər dövlət qurumları tərəfindən aşkar və ya gizli şəkildə dəstəklənib. İndi həmin qurumlar məsuliyyətdən kənarda qalıb.
R.Məmmədovun əməlləri Azərbaycan iqtisadiyyatına ciddi zərbələr vurub, o cümlədən, ölkənin milli təhlükəsizlik maraqlarını da tapdalayıb. Çünki o, yerli şirkətləri məhv etdikdən sonra "Baku Steell Company" dəmirə olan daxili tələbatı ödəyə bilməyib. Nəticədə Azərbaycanda Rusiya şirkətləri üçün gəlirli bazar formalaşıb. 

R.Məmmədovun dərəbəyliyindən ciddi zərər çəkənlərdən biri tanınmış iqtisadçı, iş adamı Nazim Bəydəmirlidir. Onun müəssisəsi 2012-ci ildə "Baku Steell Company" şefinin qoçu dəstələri tərəfinən məhv edilərək, sahibkara ümumilikdə 5 milyon manat zərər vurulub. Bəydəmirlinin bütün şikayətləri səmərəsiz qalıb. R.Məmmədov həbs edildikdən sonra iş adamı DTX-ya müraciət edərək istintaqın onu zərərçəkən kimi tanımasını xahiş edib. İqtisadçı "AzPolitika.info"-ya bildirib ki, Rasim Məmmədovun ölkədə zor gücünə sıradan çıxardığı müəssisələrin istehsal gücü təqribən 150 min ton dəmir idi. "Baki Steell Company"yə gəldikdə, zavod rekonstruksiya olunmazdan əvvəl istehsal gücü 350 min civarında olub. N.Bəydəmirli R.Məmmədovun bu müəssisənin istehsal gücünü 1 milyon tona çatdıracaqlarını vəd etdiyini xatırladır: “"Baku Steell Company" qısa müddətdə bu istehsal həcmini doldura bilmədi. Amma 2012-2013-cü illərdə armaturun tonu 750-800 manata idisə, monopoliyadan heç 2 ay keçməmiş qiymətlər 1200 manata qədər artdı, təqribən 50 faiz bahalaşma oldu".
İş adamı istisna etmir ki, Rasim Məmmədov bəzi ölkələrin xüsusi xidmət orqanlarının təsiri altında, yaxud bilməyərəkdən bu işləri görüb, məsələyə strateji baxışı olmayıb. "Deyək ki, buna Rasim Məmmədovun qabiliyyəti çatmayıb, bəs hüquq-mühafizə orqanları niyə onun əməllərini araşdırmadılar? Belə çıxır, R.Məmmədov o qədər "vacib adam" olub ki, onun qanunsuz əməlləri ilə bu bazarın başqa ölkələrin nəzarətinə keçməsinə göz yumulub. R.Məmmədov nə özü daxili tələbatı təmin edə bilib, nə də bazardakı başqa istehsalçılara imkan verib. Nəticədə bazarın başqa ölkələlərin əlinə keçməsinə şərait yaradıb", - iqtisadçı vurğulayıb.
Nazim Bəydəmirli "Baku Steell Company"-nin "Azərboru" ASC-ni ələ keçirməsindən geniş bəhs edib. Xatırladaq ki, bu zavod 2013-cü ildə özəlləşdirilib. İş adamı qeyd edir ki, "Azərboru" kimi sovet dövründən qalmış, dəyəri yüz milyonlarla dollar olan zavodu sadəcə metallom kimi əridib istifadə etdilər: "Çox təəssüf ki, bununla həmin müəssisənin potensialına ağır zərbə vurdular. Bu zavodu rekonstruksiya edərək müasir standartlara çatdırmaq mümkün idi. Vaxtı ilə avtomobil xidməti ilə məşğul olmuş, hardan, necə bu sektora gəlməsi məlum olmayan Rasim Məmmədovun işi ancaq qısa müddətdə böyük gəlir əldə etmək idi. Ona görə də ASC-nin qiymətli dəzgahlarını, avadanlıqlarını əridərək ondan armatur və s. dəmir məmulatları istehsal edib satdılar".

İş adamı xatırladır ki, R.Məmmədov bu müəssisələrin adına Beynəlxalq Bankdan və başqa kommersiya qurumlarından, o cümlədən, Sahibkarlığa Kömək Milli Fondundan iri məbləğli vəsaitlər alıb: "Məlumdur ki, belə iri maliyyə vəsaitlərini hər adama vermirlər. Banklara göstəriş vermək gücü olan şəxslər Rasim Məmmədova patronajlıq edirdilər. Nəticədə Rasim Məmmədov 60-ci illərdə Çin sənayesində istifadə olunmuş qövs sobalarını və s. dəzgahları rəngləyərək yeni avadanlıq kimi rəsmiləşdirib. Onun əlindəki vəsaitlərin bir hissəsi sözügedən bank pulları, bir hissəsi də məmur oliqarxiyasının ona ötürdüyü oğurluq, qara pullar idi. R.Məmmədov fırıldaqçılıqla bankların pullarını mənimsədi, eyni zamanda patronlarına qarşı dələduzluq etdi. Beləliklə, həm dövlət vəsaitlərini, həm də oliqarxların pullarını mənimsədi. Onu məhz bu əməllərinə görə tutublar".
N.Bəydəmirli daha sonra bildirib ki, Rasim Məmmədovun rəhbərlik etdiyi "Baku Steell Company" üçün böyük imtiyazlar mövcud idi. "Məsələn, metallurgiyada ən çox istifadə olunan elektrik enerjisi bu MMC-yə iki dəfə ucuz verilirdi. Eyni zamanda qazı da güzəştli qiymətə alırdı. Nazirlər Kabinetinin xüsusi qərarı vardı ki, ölkədən metal məmulatlarının kənara çıxarılması qadağandır. Nəticədə iri dövlət müəssisələri, o cümlədən Xəzər Dəniz Gəmiçiliyi, SOCAR və s. qurumlar metallomları bu şirkətə verməyə məcbur edilirdi. Qiymətləri də "Baku Steell Company" özü müəyyən edirdi, çünki bazarda başqa alıcı yoxdur. Beləliklə, bazarda hökmran mövqe yaratmışdı, çünki bu dəstəklər sayəsində istehsal etdiyi məhsulun maya dəyəri çox kiçik idi", - deyə iş adamı vurğulayıb.
İqtisadçı bildirir ki, inhisarçılıq həm qiymətləri bahalaşdırmaqla, həm də keyfiyyəti pisləşdirməklə ölkəyə ziyan vurur. Onun sözlərinə görə, belə metallomdan istehsal olunan məhsulların bazara asan çıxışının olmasına baxmayaraq, başqa qurumların vasitəçiliyi ilə ölkəyə gətirilən məhsulları bazara buraxmırdılar: "Məsələn, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev mətbuata açıqlama vermişdi ki, İrandan ölkəyə gətirilən armaturların qarşısını kəsdik. Baxmayaraq ki, bu ölkədən idxal edilən armaturlar keyfiyyətcə yerli istehsaldan daha yaxşı idi. Çünki onlar əsasən dəmir filizindən istehsal olunur. Rasim Məmmədov İran armaturlarına qarşı mətbuatdakı muzdlularından istifadə etməklə kampaniya aparırdı. FHN-nin iştirakı ilə monopoliya yaradılmışdı, tikinti şirkətlərinə hədə-qorxu gəlirdilər ki, tikintidə İran istehsallı armatur istifadə etsəniz, qəbul aktı verilməyəcək. Beləliklə, ölkənin içərisində FHN, Gömrük Komitəsi, o zamankı Standartlaşdırma və Patent Agentliyi, hüquq-mühafizə orqanları və yoxlayıcı qurumların əli ilə nəhəng şəbəkə yaradılmışdı. Bu şəbəkənin əli ilə dövlətə böyük ziyanlar vurulub. Hesab edirəm ki, DTX gec də olsa Rasim Məmmədov və onun arxasında duran şəbəkənin ölkəyə vurduğu ziyanları araşdırırsa, biz onlara təşəkkür etməliyik. Hesab edirəm ki, R.Məmmədovun 9 il əvvəl törətdiyi bütün cinayət əməlləri tam araşdırılmalıdır və o, məsuliyyətə cəlb edilməlidir. Gələcəkdə bu kimi halların təkrarlanmaması üçün proses ictimaiyyətə açıq olmalıdır".
E.Rüstəmli 
"AzPolitika.info"
Tarix: 11-02-2021, 16:33
Xəbəri paylaş



Xəbər lenti