Elman Rüstəmov Prezidentin bu Fərmanını icra etmir - ÇÖKÜŞ BAŞLAYIR


Azərbaycan Beynəlxalq Bankının (ABB) mənfəəti təxminən 2 dəfə azalıb. Belə ki, bankın gəlirləri 374.8 milyon manatdan 182.8 milyon manata enib. Bu azalmada həm gəlirlərin azalması, həm də xərclərin artımı rol oynayıb. Amma xərclərin artımının təsiri daha çox olub. Belə ki, bankın faiz və qeyri-faiz gəlirlərinin cəmi  55.7 (10.5%) milyon manat azaldığı halda, faiz və qeyri-faiz xərcləri ümumilikdə 64.5 milyon manat (24.5%) artıb. Göründüyü kimi, xərclər gəliri ən azı 2 dəfə üstələyir.
Mənfəətin azalmasının digər bir səbəbi aktivlərin keyfiyyətinin pisləşməsindən qaynaqlanır. Belə ki, 2019-cu ildə aktivlərin keyfiyyətinin yaxşılaşması 53.3 milyon manat gəlir kimi mənfəətin artımına yönəltməyə imkan vermişdisə, 2020-ci ildə əks-proses baş verib. Aktivlərin keyfiyyətinin pisləşməsi 20.4 milyon manatı xərc qismində mənfəətdən zərərin azaldılmasına yönəldilməsinə səbəb olub. Nəticədə xalis mənfəət (vergidən sonrakı) daha çox (2.3 dəfə) azalıb – 302.3 milyon manatdan 129.4 milyon manata enib.
ABB-nin gəlirlərinin birdən-birə bu qədər azalması xeyli sual doğurur. Çünki bu bank ölkə iqtisadiyyatına, ölkənin beynəlxalq imicinə və büdcəyə xeyli ziyan vurub. Məlum olduğu kimi, 2015-ci ildə baş verən qanunsuzluqlara, dövlət əmlakının talanmasına görə Azərbaycan Beynəlxalq Bankı ətrafında qalmaqallı proses başlandı.
Bu prosesin sonucunda bankın İdarə Heyətinin rəhbəri Cahangir Hacıyev həbs olundu. Bundan sonra dövlət bankının sağlamlaşdırılması üçün müəyyən addımlar atıldı. İki il ərzində mərhələli şəkildə dövlət Beynəlxalq Banka 10 milyard dollar civarında vəsait verdi. Ancaq sonradan məlum oldu ki, bu da yetərli deyil. Növbəti addım kimi daxili resurslar hesabına daha 4 milyarda yaxın kredit silindi. Bunlar geri dönüşü mümkün olmayan kreditlər idi. Bütövlükdə Azərbaycan hökuməti Beynəlxalq Bankı ayağa qaldırmaq üçün 14 milyarda yaxın vəsait sərf etdi. Bu, təxminən o vaxtkı ölkə büdcəsinin yarısından çox məbləğ idi.
Lakin dövlətin bütün cəhdləri müqabilində ABB əvvəlki nüfuzunu özünə qaytara bilmədi. Bankın normal müştəri tapmasında və dövlət büdcəsinə xeyir olacaq özəlləşdirməyə getməsində müəyyən çətinliklər ortaya çıxdı. Beynəlxalq Bank dövlətin nəzarətində olan ən güclü banklardan biri idi. Beynəlxalq Bank bu amildən istifadə edərək insanlarda bir güvən yaratmağa çalışırdı. Bu güvən sayəsində digər kommersiya bankları da xarici kreditlər əldə etmək imkanı əldə edirdi. Baş verən hadisədən sonra isə digər banklar da bu imkandan məhrum oldular. Bu isə ölkənin bank sektorunun iflas olunması ehtimalını da gücləndirdi. Çünki xaricdən ucuz vəsait cəlb edib, yüksək faizlə kredit vermək ölkənin bank sisteminin əsas prioriteti olub. Amma indi xaricdən borc almaq mümkünsüz və ya daha çətindir. Təsadüfi deyil ki, ABB-də baş verən xoşagəlməz olaydan sonra digər banklar ciddi itkilərlə üzləşdi. Son 5 ildə Azərbaycanda 20-dən artıq bank iflas etdi.
Təkcə ötən il 4 bankın lisenziyası Mərkəzi Bank tərəfindən ləğv edildi. Əmanətlərin Sığortalanması Fondu (ADİF) 2020-ci ilin aprel-may aylarında müflis elan olunan “Atabank”, “Amrah Bank”, “AGBank” və “NBC Bank” ASC-lərin 24 min 265 qorunan əmanətçisinə bu günədək 619,4 milyon manat kompensasiya ödəyib. Həmin məbləğ banklar üzrə qorunan əmanətçilərə ödəniləcək ümumi kompensasiyanın 92,4 faizini təşkil edir.
Ümumilikdə, son 5 ildə bankların müflis olması səbəbindən Azərbaycan dövlət büdcəsi bu və ya digər şəkildə 20 milyard manata yaxın ziyan görüb. Çox təəssüf ki, bu qorxulu tendensiya bu gün də davam etməkdədir. İndi də Beynəlxalq Bankın başı üzərini yenidən qara buludlar alıb. Halbuki Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin (ABB) dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında 15 iyul 2015-ci il tarixli Fərmanı var. Çox təəssüf ki, bu fərman Maliyyə Nazirliyi və Mərkəzi Bank tərəfindən lazımsız kağız parçası kimi bir kənara atılıb. Təsadüfi deyil ki, 10 gün əvvəl Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmov bildirdi ki, “Beynəlxalq Bankın özəlləşdirilməsiylə bağlı plan yoxdur”.

Qəribədir niyə?

Yoxsa cənab Rüstəmov ABB-ni digər müflis olan bankların gününə salmaq istəyir? Mənə elə gəlir ki, nə qədər ki, Beynəlxalq Bank ayaq üstədir, həmən özəlləşməyə gedilməlidir. Əks təqdirdə dövlət ağlagəlməyən ziyanlarla üz-üzə qala bilər.
  • Amma neyləyəsən ki, bu istiqamətdə durğunluq davam etməkdədir. İstər Maliyyə  Nazirliyindən, istərsə də Mərkəzi Bank tərəfindən hansısa təşəbbüsün olacağı gözlənilmir. Çünki bizim cəmiyyətdə proseslərə cərrahi müdaxilə daha məqbul sayılır. Baxmayaraq ki, terapiya ucuz başa gələn müalicə üsuludur. Cərrahiyyə isə müalicədən daha çox nəticəni aradan qaldıran bir yöntəmdir.
Amma bəzi həkimlər üçün bu üsul daha sərfəlidir (xəstələr üçün yox). Bu gün bank-maliyyə sektorunda da Mərkəzi Bank cərrahiyyə üsuluna daha çox üstünlük verir. Son 5 ildə 20 bankın ləğv edilməsi (öldürülməsi) fikrimin əyani sübutudur. Ən pisi də odur ki, Mərkəzi Bank xəstə düşən bankı müalicə yolu (yəni  maddi və hüquqi yardım yolu ilə) ilə sağaltmaq imkanı olan zamanlarda dayanıb-durur. Elə bil bankların qəsdən ölümcül vəziyyətə düşməsini istəyir. Gecikən müdaxilə isə heç də hər zaman uğurlu olmur. Çünki cərrahiyyə yolu çox zaman son ümid kimi qəbul edilir.
Üstəlik gecikmiş müdaxilə digər orqanları da sıradan çıxarır. Necə ki, bağlanan banklar əhaliyə və sahibkarlara yüz milyonlarla manat ziyan vurdu. Nəticədə Mərkəzi Bankın bank-maliyyə sektoruna qarşı tutduğu cərrah mövqeyi həm ölkə iqtisadiyyatını çökdürür, həm də əhalini çətin duruma salır.
Tarix: 9-02-2021, 22:30
Xəbəri paylaş



Xəbər lenti