Dünya bazarında qida xammalının qiymətləri yanvar ayında son 7 ilə yaxın müddətin ən yüksək həddinə çatıb.
Modern.az xəbər verir ki, BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatına görə, ərzaq məhsulları ardıcıl olaraq 8 aydır bahalaşır.
Başlıca qida xammal məhsullarının beynəlxalq qiymətlərindəki aylıq dəyişkənliyi əks etdirən FAO indeksi 2021-ci ilin yanvar ayında 4,3 faiz artaraq 113,3 bənd olub ki, bu da 2014-cü ilin iyul ayından bu yana ən yüksək həddir.
O cümlədən dənli bitkilərin ay ərzində 7,1 faiz bahalaşması daha çox qarğıdalının qiymətinin 11,2 faiz bahalaşaraq ötən ilin müvafiq dövrünə nisbətən 42.3 faiz yüksək həddə çatması ilə əlaqələndirilir. Buğda isə dünya bazarındakı böyük tələbat və mart ayından ixrac rüsumlarını ikiqat artırmağa hazırlaşan Rusiyadan ixracatın gözlənilən azalması ilə bağlı 6,8 faiz bahalaşıb. Bitki yağları da 5,8 faiz bahalaşaraq 2012-ci ilin may ayından bu yana ən yüksək həddə çatıb. Hesabata görə, bunun səbəbi İndoneziya və Malayziyada çoxlu yağıntı və əmək miqrantlarının az olmaları üzündən palma yağı istehsalının, Argentinada isə tətillər üzündən soya yağı ixracatının nisbətən azalmasıdır.
Həmçinin şəkər qiymətləri dekabr ayına nisbətən 8,1 faiz, ağartı qiymətləri 1,6 faiz, ət qiymətləri isə 1 faiz artıb.
Tarix: 4-02-2021, 21:53