SOCAR-ın inkişaf sənədinin ancaq adı var




İqtisadçı Samir Əliyev
Marja.az saytında SOCAR-ın hökumətə yeni strategiya təqdim etməsi ilə bağlı məlumatı oxudum. Məlumatdan aydın olur ki, şirkətin bu vaxtadək iki strateji sənədi olub. İlk strategiya 2005-2010-cu illəri, növbətisi isə 2011-2025-ci illəri əhatə edib. Hətta dünyanın inkişaf sürətinə uyğunlaşmaq üçün 2035-ci ilə qədər olan 3-cü Strategiya sənədinin hazırlandığı məlum olur.
SOCAR-ın İctimaiyyətlə Əlaqələr və Tədbirlərin Təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov açıqlamasında bildirib ki, SOCAR-ın inkişaf strategiyasının olmaması ilə bağlı iddialar əsassızdır və bu cür iddiaları irəli sürməkdən əvvəl SOCAR-ın ictimaiyyətə açıq olan hesabatları və digər açıqlamaları ilə tanış olmaq məqsədəuyğun olardı.
Açığını deyim ki, Strategiya sənədinin olması xəbəri məni sevindirdi. Onu da etiraf edim ki, SOCAR-ın Strateji planının olmaması iddiasını irəli sürənlərdən biri də mənəm. SOCAR rəsmisinin fikri ilə razıyam ki, həqiqətən də şirkət hesabatlarında belə bir sənədin olduğunu qeyd edir. Şirkət rəhbəri Rövnəq Abdullayev də ən azı 2 dəfə bu fikri açıqlayıb. Mən də neçə ildir şirkətin saytını ələk-vələk edirəm amma hər hansı sənədə rast gəlməmişəm. Rast gəldiyim ancaq sənədin olması xəbəridir. Sənədi adı var, ancaq özü yoxdur. Və yaxud da ictimaiyyətə açıqlanmır. Niyə başqa ölkələrin, o cümlədən Rusiya, Qazaxıstan şirkətlərinin Strateji sənədlərini tapmaq olur, bp kimi transmilli şirkət bunu hətta dünyaya təqdim edir, ancaq SOCAR-da tapa bilmirik?
Mənə maraqlıdır ki, SOCAR yaxın 20 ili necə görür? Bərpaolunn enerjinin payını artması fonunda hansı qabaqlayıcı addımları atır? bp kimi iri neft şirkəti profilini dəyişərək yaşıl enerjiyə konsentrasiya olub. Bəs SOCAR hansı addımı atıb? Son illər SOCAR-ın əsas fəaliyyəti neft emalı zavodunun tikintisinə, qazlaşdırma fəaliyyətinə, yanacaqdoldurma məntəqələrini tikintisinə yönəlib. Ən yaxşı halda Azərbaycanda qeyri-neft sektoruna daxil olaraq ölkənin ən böyük qeyri-neft ixracatçısına çevrilib. İsveçrədə yaratdığı və gəlirlərini 70%-dən çoxunu formalaşdırdığı SOCAR-Traiding şirkət isə neft məhsulları satır. Sabah neft-qaza tələbat kəskin azalsa, ölkənin ən böyük şirkətinin taleyi necə olacaq? Suallar çoxdur, onlara cavab tapmaq üçün bir vətəndaş kimi şirkətin strateji sənədini görməliyik. Həmin sənədin isə ancaq adı var.
Tarix: 4-02-2021, 21:53
Xəbəri paylaş



Xəbər lenti