BNA-nın “çoxprofilli” şirkəti – Daha bir şübhəli tenderin izi ilə



BNA-nın “çoxprofilli” şirkəti – Daha bir şübhəli tenderin izi ilə
Bakı Nəqliyyat Agentliyinin (BNA) tabeliyində fəaliyyət göstərən “BakuBus” MMC “Sear Supply” MMC ilə maliyyə dəyəri 85 868 AZN təşkil edən müqavilə imzalayıb. Reportyor.info xəbər verir ki, müqaviləyə əsasən şirkət “BakuBus” MMC-nin balansında olan xidməti avtomobillərin sürtkü materialları ilə təminatını, dövri texniki baxışı və təmir xidmətlərini həyata keçirəcək.
İqtisadi İnkişaf Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında qeyd edilir ki, “Sear Supply” MMC 22 yanvar 2016-cı ildə qeydiyyata alınıb.

Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Haqverdiyev küçəsi, ev 1, mənzil 23-də yerləşir. MMC-nin qanuni təmsilçisi Səlimli Rəşad Fərman oğludur.

Açıq mənbələrdə sözügdən şirkət və sahibi barədə hər hansı məlumat yoxdur.
Bircə o məlumdur ki, “Sear Supply” MMC BNA-nın sevimli şirkətlərindədir. MMC vaxtaşırı adıçəkilən dövlət qurumunun keçirdiyi tenderlərin qalibi olur.
“Sear Supply”nin şübhəli şirkət olması onun mal və xidmətlərindən də görünür.
Məsələn indi “BakuBus”u sürtkü yağı və texniki baxışla təmin edən şirkət ötən ilin sentyabrında bu quruma xüsusi geyim formaları satıb. Bunu müqabilində “BakuBus”MMC şirkətə 505 686 AZN ödəyib.
Ötən ilin dekabrında isə BNA ilə “Sear Supply” MMC arasında “Piyadalar üçün təhlükəsizlik dirəklərinin (tumbaların) satın alınması, quraşdırılması və 1 (bir) illik texniki xidmət”in həyata keçirilməsi ilə əlaqədar müqavilə imzalanıb. Müvaviləyə əsasən qeyd olunan xidmətlərin həyata keçirilməsi üçün BNA şirkətə 441 084 AZN ödəyəcək.

“Sear Supply”MMC-nin həm geyim formaları, həm sürtkü materialları, həm təhlükəsizlik dirəkləri satması, üstəgəl avtomobillərə texniki baxış həyata keçirməsi maraqlıdır. Ola bilər ki, şirkət çoxprofillidir. Amma belə bir şirkət haqqında hər hansı məlumatın olmaması onun fəaliyyətində qaranlıq məqamların olmasına şübhələri artırır.
Digər tərəfdən, BNA-nın tenderləri barədə mediada çox yazılıb. Materiallara diqqət etdikdə qurumun dövlət satınalmalarını əsasən 10 manatlıq şübhəli şirkətlərlə həyata keçirdiyi məlum olur.
Tarix: 26-01-2021, 09:34
Xəbəri paylaş



Xəbər lenti