Buğda istehsalı ilə bağlı daha pozitiv bir məqam işğaldan azad olunmuş ərazilərin tezliklə əkin dövriyyəsinə cəlb edilməsidir
Yanvar ayının əvvəlindən etibarən dünya bazarında strateji ərzaq məhsullarından birincisi hesab olunan buğdanın qiymətində artım sürətlənib. Ötən ilin dekabrından başlanan proses yanvarın ikinci ongünlüyündə daha da sürətlənib. Dekabrın 9-da bir buşel (27,21 kq) buğdanın qiyməti 5,75 dollar olduğu halda, hazırda 6,58 dollardır. Qısa müddətdə buğdanın dəyəri 14,4 faiz artıb. Metrik hesablama ilə ifadə etsək, buğdanın bir tonunun qiyməti 211 dollardan 242 dollara qədər yüksəlib. Mövcud qiymət son 7 ilin ən yüksək qiymətidir. Sonuncu dəfə 2014-cü ilin martında buğda mövcud qiymətə satılıb.Halbuki ötən mövsümdə dünyada buğda istehsalında ciddi artım qeydə alınıb. Belə ki, əsas ixracatçılardan biri olan Rusiyada ötən il 2019-cu illə müqayisədə 15 faiz çox buğda istehsal olunub. Eyni zamanda Avstraliya noyabr ayında açıqlayıb ki, buğda istehsalı proqnozdan 8 faiz yüksək olmaqla 31,2 milyon ton təşkil edib. Qazaxıstanda da buğda istehsalında 1 milyon tona yaxın artım qeydə alınıb.
Lakin koronavirus pandemiyasının təsiri ilə dünyada bütün növ ərzaq məhsullarının qiymətində 7-8 aydır ardıcıl olaraq bahalaşma qeydə alınır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, qlobal ərzaq qiymətləri indeksi 2020-ci ildə 97.9 bəndə çatıb və bu, son üç ilin ən yüksək göstəricisidir. Qurum xəbər verir ki, dünya ərzaq qiymətləri dekabr ayında süd məhsulları və bitki mənşəli yağlar başda olmaqla ardıcıl yeddinci ayda da artıb. Dekabr ayında orta hesabla 107,5 olan indeks noyabra nisbətən 2,2 faiz artıb.
Bizim əsas idxal ölkəmiz olan Rusiyada buğdanın fyuçerslərinin dəyəri 2014-cü ilin aprel ayından bəri ilk dəfə 1 tona görə 300 dollar həddini keçib. Rusiya mətbuatının yazdığına görə, fiziki olaraq bazarda kotirovkalar həmin səviyyədə olmasa da, burada da qiymətlər artıq 290 dollara çatıb. Qiymət artımının əsas səbəbi kimi Rusiya hökumətinin fevralın 15-dən etibarən buğda ixracına tətbiq edəcəyi kvota göstərilir.Federal Gömrük Xidmətinin məlumatına görə, Rusiyadan buğda və meslin ixracı 2020-ci ilin yanvar-noyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,2 faiz artaraq 33 milyon 685 min ton təşkil edib. Dəyər ifadəsində ixrac 20 faiz artmaqla 7 milyard 42 milyon dollara çatıb. 2019-cu ildə isə Rusiya 35,8 milyon ton buğda ixracından 8,4 milyard dollar gəlir əldə etmişdi. Çox maraqlıdır ki, buğda istehsalında məhsuldarlıq səviyyəsinə görə dünyanın ilk 15-liyinə belə düşməyən Rusiya istehsal həcminə görə Çin və Hindistandan sonra üçüncü, ixrac həcminə görə isə birinci yerdə gəlir.
Rusiya hökuməti bu ilin 15 fevralından 30 iyununadək Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatından kənar ölkələr üçün buğda, arpa, çovdar və qarğıdalı ixracı üzrə 17,5 milyon tonluq kvota müəyyənləşdirib. Bu kvotadan artıq satışın hər tonuna 50 faiz (amma 100 avrodan əskik olmamaq şərtilə) gömrük rüsumu tətbiq olunacaq. Kvota daxilində arpa,çovdar və qarğıdalı ixracı gömrük rüsumundan azaddır, buğdaya isə 1 ton üçün 25 avro rüsum müəyyənləşdirilib.
Kvotanın tətbiqində məqsəd qeyd olunan məhsullar üzrə daxildəki qiymətləri sabit saxlamaqdır. Xatırladaq ki, ixraca kvota 2020-ci ilin aprelində - pandemiya səbəbindən daxili bazarda yaranmış ajiotajı aradan qaldırmaq, ilk növbədə daxili tələbatı təmin etmək məqsədilə tətbiq olunmuşdu. O zaman kvota 15 milyon ton idi. Ötən ilin noyabrında Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi taxıl ixracına 2021-ci ilin fevral-iyun aylarında tətbiq olunacaq kvotanın 15 milyon tondan 17,5 milyon tona qədər artırılmasını təklif edib. Buna səbəb ölkədə buğda istehsalında 2017-ci ildəkindən sonra ikinci rekordun əldə olunmasıdır. Belə ki, Rusiya Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə ölkədə taxıl istehsalı əvvəlki illə müqayisədə 9,8 faiz artaraq 133,03 milyon ton təşkil edib. Bunun 85,873 milyon tonu buğdadır. Beləliklə, buğda istehsalı 2019-cu ildəkindən 15,3 faiz artıqdır. Lakin məhsul bol olsa da, ixraca kvotanın tətbiqi qərarı açıqlanandan - 14 dekabrdan bəri Rusiyadan məhsul çıxarılmasında ciddi çətinliklər meydana gəlib. Ölkə mətbuatının ixracatçılara istinadən verdiyi məlumata görə, Federal Gömrük Xidməti ixraca yönəldilən məhsula dair sənədlərin yoxlanması müddətini 10 günə qaldırıb. Hətta bu müddət tamam olandan sonra da şirkətlər xidmətdən sənədləri ala bilmirlər. İxracatçılar bu çətinliyin yaradılmasında əsas məqsədin kvota qüvvəyə minənədək buğda ixracını maksimum azaltmaq olduğu qənaətindədirlər.
Qeyd etdiyimiz kimi, Azərbaycan son 5 ildə buğda idxalında 98 faizə qədər Rusiyadan asılı vəziyyətə gəlib. Məsələn, ötən ilin yanvar-noyabrında 1 milyon 225,585 min ton təşkil edən buğda və meslin idxalımızın 1 milyon 196,118 min tonu Rusiyadan reallaşıb.Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, ümumilikdə 2020-ci ildə Azərbaycan 296,9 mln dollar dəyərində 1 milyon 365,1 min ton buğda idxal edib. Bu, 2019-cu illə müqayisədə müvafiq olaraq 43,6 milyon dollar (12,8 faiz) və 219,9 min ton ( 13,9 faiz) azdır.
Nəzərə alsaq ki, 2020-ci ildə ölkədə 2019-cu illə müqayisədə 350 min ton az - 1 milyon 860 min ton buğda istehsal olunub, bu zaman ən azı iyun ayına qədər idxal buğdasından kəskin asılılıqda olacağımızı söyləyə bilərik.
Dövlət Statistika Komitəsinin açıqladığı ərzaq balansından aydın olur ki, 2019-cu ildə ölkədə 2 milyon 114 min tondan yuxarı buğda istehsal olunub. Buğda idxalı isə 1,6 milyon tona yaxın olub. İl ərzində un və yarma istehsalına 2 milyon 386 min 859 ton buğda sərf edilib. Beləliklə, buğda ilə özünütəminat səviyyəsi 57,2 faiz təşkil edib. 2020-ci ildə buğdanın həm istehsalında, həm də idxalında kəskin azalma qeydə alınıb. Bu azalma Azərbaycanda un çatışmazlığına səbəb olmayıb, çünki 2019-cu ildəki rekord idxaldan sonra 2020-ci ilə də rekord həcmdə qalıq keçib - 864,1 ton. Lakin ötən il istehsal və idxalda azalma nəticəsində 2021-ci ilə daha aşağı ehtiyatla keçmişik.
Bir məsələni də qeyd edək ki, buğda idxalından asılılıqda olsaq da, Rusiyada ixraca məhdudiyyətin qoyulmasından Azərbaycanın ciddi zərər çəkəcəyini gözləmək mümkün deyil. Belə ki, ölkəmizin buğda idxalını sürətlə Qazaxıstan və Ukraynaya keçirmək imkanı var. Ukraynada 2020-ci ildə 26,6 milyon ton buğda istehsal olunub. Keyfiyyət göstəricilərinə görə Rusiya məhsulundan daha yüksək standartlara malik olan Ukrayna məhsulu qiymət baxımından bir qədər bahalı, Qazaxıstan buğdası isə ucuzdur. Yəni idxal üçün mənbə tapmaq sahəsində hər hansı problem gözlənilmir.Bütün dünyada ərzaq məhsullarının, xüsusilə də buğdanın bahalaşması prosesinin getməsini nəzərə alsaq, Azərbaycanda un və çörək məhsullarının bahalaşması təhlükəsinin böyük olduğunu görərik. Əslində bu proses artıq başlanıb. Ölkənin əksər regionlarında un kisələrinin qiymətində 10 faizdən yuxarı bahalaşma baş verib. Belə görünür ki, ən azı iyunadək bahalaşma daha da sürətlənə bilər.
Onu da qeyd edək ki, Azərbaycanda Dövlət Taxıl Fondunda buğda ehtiyatları yaradılır. Bu fondda hər yeni məhsul mövsümündə 750 min ton ehtiyatın toplanması nəzərdə tutulur ki, bu da ərzaq buğdasına olan tələbatın 30 faizindən yuxarıdır. Ötən il Taxıl Fonduna nə qədər buğda alındığına dair məlumat açıqlanmır.
Yeri gəlmişkən, bu ildən etibarən Azərbaycanda buğda əkinlərinin sığortalanmasına başlanıb. Aqrar Sığorta Fondundan verilən məlumata görə, fermerlər və iş adamları 2021-ci ildə taxıl zəmilərinin - buğda əkinlərinin sığortalanması üçün artıq indidən müraciət edə bilərlər. Buğda əkini sahələrinin sığortalanması zamanı buğdanın məhsuldarlığı, qiyməti, yerləşdiyi ərazi və seçilən sığorta zərfi nəzərə alınacaq.Qaydalara əsasən, hesablama aparılması üçün buğdanın 1 hektar sahə üçün məhsuldarlıq və məhsulun qiyməti normaları müəyyən edilib. Belə ki, bir hektar üçün məhsuldarlıq norması 5,2-167 sentner arasında, qiymət isə hər sentner məhsula görə 30-45 manat müəyyən edilib. Buğda sahəsinin sığortası üzrə sığorta məbləği bu məlumatlar və əkinin sahəsi nəzərə alınmaqla müəyyən edilir.
Qaydalara görə, aqrar sığorta çərçivəsində buğda bitkisinin sığortalanması üçün 3 sığorta zərfi təklif edilir.
Bunlardan birincisi - əksər riskləri əhatə edən “baza zərfi”, digərləri isə əlavə riskləri əhatə edən zərflərdir. Sığorta zərfləri bir-birindən, əhatə etdiyi risklərlə yanaşı, azadolma məbləğləri ilə də fərqlənirlər.
Birinci sığorta zərfi olan “baza zərfi”ndə azadolma məbləği 10 faizdir. Bu zərf buğda bitkisini dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və üçüncü şəxslərin hərəkətindən sığorta edir.İkinci sığorta zərfi üzrə azadolma məbləği 30 faizdir. Bu zərf buğda bitkisini bitki xəstəlikləri və zərərvericilər, eləcə də xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu risklərindən qoruyur.
Üçüncü sığorta zərfi üzrə azadolma məbləği 10 faizdir. Bu zərf buğda bitkisini gövdə hissəsində yaranan miqdar itkisindən qoruyur. Hansı sığorta zərfinin seçilməsi fermerin və ya buğda zəmisinin sahibinin qərarından asılıdır. Onlar yalnız birinci sığorta zərfi ilə kifayətlənə, ya da onun üstünə əlavə olaraq 2-ci və 3-cü zərfləri də seçə bilərlər. Yəni baza zərfi seçilmədən 2-ci və 3-cü sığorta zərfləri seçilə bilməz.
Buğda bitkisinin sığortası üçün tələb olunan sığorta tarifləri və sığorta haqları buğdanın məhsuldarlığı, qiyməti və seçilən sığorta zərfi ilə yanaşı, ölkənin bölgələrindən də asılı olaraq dəyişir. Daha az təbii fəlakət riski olan bölgələrdə sığorta haqları daha aşağıdır. Fəlakət riski yüksək olan ərazilərdə isə sığorta tarifləri və haqları nisbətən yüksəkdir. Belə ki, ən yüksək sığorta tarifləri Gəncə-Qazax və Şəki-Zaqatala iqtisadi rayonlarında, ən aşağı sığorta tarifləri isə Quba-Xaçmaz, Lənkəran və Abşerondadır.Buğda istehsalı ilə bağlı daha pozitiv bir məqam işğaldan azad olunmuş ərazilərin tezliklə əkin dövriyyəsinə cəlb edilməsidir. Artıq Ağdam rayonunun azad olunmuş ərazilərində payızlıq buğda əkinlərinə başlanıb. Bu isə 2021-ci ildən etibarən Azərbaycanda buğda istehsalının artacağı deməkdir.
“Yeni Müsavat”
Tarix: 19-01-2021, 08:33