Uduzan tərəf Gürcüstan ola bilər – RƏY


Uduzan tərəf Gürcüstan ola bilər – RƏY

"Uduzan tərəf hələlik Gürcüstan ola bilər".
Cebhe.info-nun xəbərinə görə, "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz dünən Moskvada baş tutan Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin görüşü ilə bağlı bildirib:
“Həm 10 noyabr Bəyanatı və həm də dünən Moskvada baş tutan görüşdə imzalanan Bəyanat bölgədə kommunikasiya baxımından yeni reallıqlar yaradır. İndiyədək Azərbaycanı qlobal dünya ilə bağlayan kommunikasiyalar əsasən Gürcüstan üzərindən idi. Kifayət qədər də çətinliklərlə başa gəlirdi.
Son anlaşmalara görə, artıq Azərbaycan Ermənistan ərazisindən, Mehri rayonundan istifadə eməklə Naxçıvana dəhliz əldə edir. Naxçıvandan isə Türkiyəyə və bütün dünyaya yollar açıqdır. Belə olan halda maraqlı sual ortaya çıxır.
Bundan sonra Azərbaycanın qlobal marşrutlarının, kommunikasiya və nəqliyyat xətlərinin Gürcüstan, yoxsa Ermənistan üzərindən məlum dəhlizlə Türkiyəyə istiqamətlənməsi sərfəli olar?
Əlbəttə, xərclər baxımından ikinci variant daha məqbuldur. Bildirim ki, son zamanlar Gürcüstan hökuməti Azərbaycanın qlobal layihələrinə qarşı ciddi problem yaradır. Məlumdur ki, “AzerTelecom” şirkəti “Rəqəmsal İpək Yolu” və onun bir hissəsi olan “Azerbaijan Digital Hub” proqramı çərçivəsində Avropa, Qafqaz, Mərkəzi Asiya və Çini vahid optik-lifli magistralla birləşdirməyi nəzərdə tutan qlobal layihə icra edir. Bu məqsədlə artıq Xəzərin dibi ilə fiber-optik kabel xəttin çəkilməsini nəzərdə tutan “Transxəzər” layihəsi üzrə Qazaxstan və Türkmənistan ilə hökumətlərarası müqavilələr bağlanıb.
“AzerTelecom” 2019-cu ildə bu layihənin icrası məqsədilə, Qara dənizin dibi ilə optik kabel xəttinə sahib olan Gürcüstanın “Caucasus Online” telekommunikasiya şirkətinin səhmlərini, bütün mövcud proseduralara əməl etməklə alıb. Lakin Gürcüstan hökuməti sonradan, qanunvericiliyə dərhal dəyşiklik edərək bu müqaviləni şübhə altına alır, Azərbaycana məxsus olan şirkəti qanunsuz yolla ələ keçirir və indiyədək də Azərbaycan və bütün region üçün əhəmiyyətli olan bu qlobal layihənin reallaşmasına imkan vermir.
Xatırlayıram ki, Gürcüstan tərəfi öz maraqları üçün Bakı-Tbilisi-Ceyhan və digər kommunikasiyalarda da bizə xeyli problem yaradıb. Düşünürəm ki, Ermənistan üzərində yeni dəhlizi həm Azərbaycan, həm də Türkiyə üçün də yeni kommunikasiyalar baxımından daha üstün və daha əlverişli şərait yarada bilər.
Gürcüstan tərəf üç dövlət arasında dünən baş tutan razılaşmadan sonra itirəcəklərini anlayaraq Azərbaycana qarşı olan mövqeyində xeyli düzəlişlər edəcək”.
Ekspert hesab edir ki, “AzerTelecom” şirkətinin adıçəkilən qlobal layihənin “Transxəzər” hissəsinin davamını Gürcüstan vasitəsilə Qara dənizin dibi ilə deyil, elə yeni yaranan Ermənistan dəhlizi boyunca da davam etdirilməsi məsələsini nəzərdən keçirməsi indiki anda doğru olardı.
Tarix: 13-01-2021, 12:56
Xəbəri paylaş



Xəbər lenti