Azərbaycanda təxminən 1 milyon 200 min məcburi köçkün hesab edilən şəxs var.İşğaldan azad edilən ərazilərə təxminən 1 milyon 500 min nəfərin yerləşdirilməsi nəzərdə tutulur. Bunun üçün isə həmin bölgələr minalardan təmizlənməli, burada infrastruktur qurulmalı, evlər inşa edilməlidir. Bərpa işləri üçün nə qədər zamanın və vəsaitin lazım olduğu cəmiyyəti düşündürən əsas suallardandır.
Türkiyədə yaşayan azərbaycanlı iş adamı, iqtisadçı Rauf Rüstəmov ölkənin “Yeni Şafak” saytına açıqlamasında bildirib ki, erməni işğalından azad edilmiş Dağlıq Qarabağ “Bir millət, iki dövlət” şüarı ilə modernləşdiriləcək. Onun sözlərinə görə, Azərbaycanın 20 faiz ərazisi yenidən qurulacaq: “Söhbət təxminən 30 ildir sərmayə qoyulmayan 18 min kvadrat kilometrlik bölgədən gedir. Bu çərçivədə şəhərlərin qurulması, sənaye, kənd təsərrüfatı, xidmət sahələrində investisiyalara ehtiyac var. Bu nöqtədə diqqət Türkiyəyə yönəlib”.
Rauf Rüstəmov bildirib ki, ictimai işlərlə əlaqədar olaraq ölkədəki dövlət idarələri tərəfindən fövqəladə ərazi planlaması aparılır:
“Bütün infrastrukturun yenidən qurulması üçün uzun müddətdir xidmət göstərilməyən su, elektrik, yol, kanalizasiya kimi sosial həyat üçün zəruri olan ən əsas elementlərin yenilənməsi və ya yenidən qurulması təxirəsalınmaz məsələlərdəndir. Hazırda başda Türkiyə olmaqla Avropa şirkətlərinin prioriteti açılacaq tenderə qatılmağa dəvət edildi. Açıqlanan investisiyanın ümumi həcmi təxminən 27 milyard dollardır. Bölgədəki sənayenin və özəl sektorun artımını nəzərə alaraq, Qarabağ bölgəsi yaxın 10 ildə 40-50 milyard dollar sərmayə cəlb edəcək”.İş adamı rəsmi mənbələrə istinadən vurğulayıb ki,
Türkiyədən bölgəyə gələcək investorlara dəstək veriləcəyi gözlənilir. Kiçik və orta müəssisələr Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İnvestisiya Agentliyinə birbaşa müraciət edərək lazımlı təşviq və dəstək paketindən faydalana biləcəklər. Böyük şirkətlər isə İqtisadiyyat Nazirliyinin nəzdində yaradılan İnvestisiya Holdinqi ilə görüşərək uzunmüddətli və birbaşa dəstəyindən yararlana biləcəklər”.Qeyd edək ki, Azərbaycanda rəsmi olaraq hələ ki, işğaldan azad edilmiş ərazilərin bərpası üçün nə qədər vəsaitin və zamanın tələb olunması ilə bağlı açıqlama verilməyib.
Beynəlxalq ekspertlərin iştirakı ilə bütün dağıntıların maddi və mənəvi ziyanının hesablanacağı elan edilib. Amma bunun hesablanmasının aparılıb- aparılmaması hələ ki, cəmiyyətə məlum deyil. Bu ilin dövlət büdcəsindən Qarabağın bərpası üçün 2,2 milyard manat vəsait ayrılıb. Bununla yanaşı bərpa işləri üçün əlavə vəsaitlərin də cəlb olunacağı gözlənilir. Maliyyə naziri Samir Şərifov Milli Məclisin iclasında bildirib ki, Qarabağın bərpası ilə bağlı birbaşa və dolayısı ilə müəyyən miqdarda vəsaitlər yönəldiləcək:
“Qarabağın bərpası ilə bağlı dövlət büdcəsində nəzərdə tutulan 2,2 mlrd. manat məqsədli vəsaitlə yanaşı, bu vacib istiqamətə investisiya xərcləri, ayrı-ayrı büdcə təşkilatları üzrə əsaslı xərclər və dövlət büdcəsinin ehtiyat fondları üzrə nəzərdə tutulan vəsaitlərin bölgüsü zamanı da birbaşa və dolayısı ilə müəyyən miqdarda vəsaitlər yönəldiləcək”.Onu da qeyd edək ki, hələ 2000-ci ildə İşğaldan Azad Olunmuş Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Dövlət Komissiyası yaradılıb. Həmin komissiya “İşğaldan azad olunmuş ərazilərin “Böyük Bərpa” proqramı”nı hazırlayıb. Hazırda bir sıra iqtisadçı ekspertlər həmin plana müvafiq olaraq hesablamalar aparır. Hesab olunur ki, işğaldan azad edilən rayonların hər birinin ayrılıqda bərpası üçün fərqli miqdarda vəsaitlər tələb olunacaq. Belə ki, bəzi ərazilər - xüsusilə keçmişdə Dağlıq Qarabağ ərazisinə daxil olan bölgələrdə infrastruktur qalsa da, ətraf rayonlarda evlərlə yanaşı, əhalinin yaşaması üçün lazım bütün sistem dağıdılıb.
2020-ci ildə hazırlanan sənəddə həmin zaman müəyyən qiymətləndirilmənin aparıldığı məlum olur. Proqramda dəymiş ziyanın təxmini məbləğinə dair cədvəl təqdim olunub. İşğal olunmuş ərazilərdə yerləşən 9 milyon kvadrat metr sahəsi olan 106 mindən çox ev, 839 məktəb, 643 səhiyyə obyektinə ziyan dəydiyi qeyd olunur. 2000-ci ilin hesablamalarında 106 min evin bərpası, təxminən, 1 milyard 855 milyon dollar dəyərində, nəqliyyat infrastrukturu 1 milyard 893,3 milyon dollar həcmində qiymətləndirilib. Sosial xidmət üzrə dəyən zərərin ümumi dəyəri 2 milyard 998,6 milyon dollar olaraq götürülüb. Dövlət komissiyasının ümumi hesablamalarına görə, 2000 - ci il üçün - həmin zaman hələ işğalda olan ərazilərə dəyən ziyanın ümumi məbləği 12,72 milyard dollar təşkil edib. İqtisadçı Toğrul Maşallının təxminlərinə görə, ötən dövr ərzində inflyasiya nəzərə alındıqda, həmin rəqəm təqribən 19,2 milyard dollar və ya 32,7 milyard manat edir. Komissiyanın 2000-ci ilə dair hesablamalarına görə, minalardan təmizləmə əməliyyatı həmin dövrdə 182 milyon dollara başa gələ bilərdi. İndiki yanaşmalara gəldikdə, 2000-ci ilin hesablamalarının optimist yanaşma əsasında meydana çıxdığı bildirilir.
Qeyd olunur ki, işğaldan azad olunmuş ərazilərimizin bərpası üçün lazım olan vəsaitə realist yanaşma ortaya qoyulduqda bu ən azı 40 milyard manat edir. Bərpa müddətinin nə qədər sürəcəyinə gəlincə isə bu müddətin ən azı 10 il davam edəcəyi qeyd olunur.
İqtisadçı Natiq Cəfərli hesab edir ki, bərpa işlərinin həyata keçirilməsi üçün hər il büdcə xərclərinin artrılmasına ehtiyac var. Bu məqsədlə ən azı hər il büdcədən 2-3 milyard manat vəsait ayrılmalıdır. Eyni zamanda hesab olunur ki, işğaldan azad olunmuş ərazilərin bərpa işlərinin daha tez və keyfiyyətli formada həyata keçirilməsi üçün ümumilikdə iqtisadi sahələrdə islahatların aparılmasına, şəffaflığın təmin olunmasına, ədalətli məhkəmə sisteminin qurulmasına ehtiyac var ki, bununla həm bu istiqamətə ayrılmış dövlət vəsaitlərinin səmərəli isitifadəsinə, həm də xarici və yerli investitsiyaların cəlbinə şərait yaranacaq.
Tarix: 12-01-2021, 14:54