Ətraf mühitə zərər verən dizel yox, avtomobil idxalındakı yüksək rüsumlardır Ətraf mühitə qayğı ölkədəki ən populyar avtomobil yanacağı növləri - Aİ-92 benzin və dizel üçün tariflərin artması ilə əlaqəli Tarif Şurasının son qərarlarının leytmotivinə çevrildi. Kütləvi istehlak yanacağından bəhs etdiyimizi düşünsək, belə çıxır ki, ekologiyanın maraqları bir çox aktual problemləri üstələdi.
İqtisadçılar Azərbaycanda dizel yanacağının 70%-ə qədərinin nəqliyyatda, 30%-nin kənd təsərrüfatında istifadə edildiyini təxmin edirlər. Buna əlavə edilməlidir ki, ölkədə istehlakın 97%-i benzinin “xalq” markasının payına düşür - Aİ-92. Buna baxmayaraq, səlahiyyətlilər “ekoloji mühitin yaxşılaşdırılması”nı populyar avtomobil yanacağının bahalaşmasını əsaslandıran daha ciddi bir hal hesab etdilər. “Dizel yanacağının istifadəsindən ətraf mühitə dəyən zərər nəzərə alınaraq, daha yüksək benzin istehlakına keçmək üçün qiymət fərqi azaldıldı”, - deyə Tarif Şurasının açıqlamasında bildirilir.
Buraya əlavə edilməlidir ki, ətraf mühitin təmizliyi ilə bağlı qayğılar, rəsmilərə görə zərərli yanacaq növlərinin qiymət artımı ilə yanaşı, həm də bu sahədəki problemlərin hərtərəfli həllinə kömək etməlidir. AYNA-ya danışan iqtisadçı ekspert Rövşən Ağayevin fikrincə, ekoloji problemlərə üstünlük verən hökumət daha ardıcıl metodlar tətbiq etməli və ekoloji cəhətdən təmiz avtomobillərin - elektrikli və benzinlə işləyən hibrid avtomobillərin ölkəyə gətirilməsi üçün səy göstərməlidir. Belə ki, bu cür nəqliyyat vasitələrinin idxalını artırmaqla ətraf mühitə uyğun nəqliyyat növlərinin yayılmasına dəstək verilə bilər.
Ağayev hesab edir ki, hakimiyyət orqanları dizel yanacağının bahalaşmasını “təmiz hava” uğrunda mübarizə kimi əsaslandırmağa davam edərsə, hökumətin ekoloji problemlərin həlli ilə bağlı öhdəliyi digər hərtərəfli tədbirlərlə birləşdirilməlidir: “Daha sonrakı addımlar kimi, bu məqsədlə dizel və benzin tariflərinin artırılmasından qazanılan vəsaitlərdən istifadə edərək, eko-avtomobillərin idxalına subsidiya verilməsi məqsədəuyğundur. Belə addımlardan biri elektrikli nəqliyyat vasitələri və hibridlərin idxalına görə gömrük rüsumlarının ləğvi ola bilər. Bir sözlə, yüksək yanacaq qiymətləri daha təmiz bir mühitə aparan yol deyil. Bunun üçün eko-avtomobillərin əhali arasında populyarlığı artırılmalıdır. Eyni zamanda, alternativ nəqliyyat növlərinə marağın həm subsidiyalar, həm də uyğun bir infrastrukturun yaradılması ilə stimullaşdırılması mümkündür”.
Və bütün dünya bu yolla gedir. Bu baxımdan Yaponiya nümunəsi göstəricidir. Getdikcə artan hibrid nəqliyyat vasitələri və mühərriklər üçün sərt ekoloji qaydalar səbəbiylə bu ada ölkəsinin, Tokyo da daxil olmaqla, böyük şəhərlərində ciddi hava çirkliliyi müşahidə edilmir. Asiya ölkələrinin yollarında getdikcə daha çox oxşar avtomobillər meydana çıxır. Avtomobil nəqliyyatı, Çinin və bütün dünyanın ən əlverişsiz şəhərlərindən biri olan Pekində hava çirkliliyinin əsas mənbələrindən biridir. Son illərdə Çin səlahiyyətliləri ətraf mühitin yükünü azaltmaq üçün ətraf mühitə uyğun nəqliyyat növlərinin inkişafına yönəlmiş proqramlar həyata keçirirlər.
“Yaşıl avtomobil” alıcıları üçün müxtəlif subsidiyalar və güzəştlər verilir. ABŞ da elektrikli nəqliyyat vasitələrinin istifadəsini genişləndirir. Ağ Evin məlumatına görə, səkkiz il ərzində ölkədə elektrikli avtomobillər üçün enerji doldurma stansiyalarının sayı 500-dən 16 minə çatdırılıb. Açıq məlumatlara görə, hazırda ABŞ yollarında, təxminən 400 min elektrikli avtomobil hərəkət edir.
Ölkəmizə gəlincə, mütəxəssislərə görə, yollarımızdakı avtomobillərin 35-40%-i, hətta “Avro-2” standartına da cavab vermir. Avtomobil parkının əhəmiyyətli bir hissəsi yalnız 1991-ci ildə qəbul edilmiş QOST-a uyğundur, buna görə karbon dioksidin (karbon monoksit - CO) miqdarı mühərrikin minimal dövr etməsində icazə verilən həddi 1,5%, boş (xalastoy) sürətdə isə 3,5%-dir. “Avro-1” və “Avro-2” standartlarında bu rəqəm 0,5% və 0,6%-dır.
Başqa sözlə, ətraf mühitin təmizliyi üçün narahatlıq təkcə qiymətləri qaldırmağa söykənməməlidir. İqtisadçı ekspert Natiq Cəfərlinin AYNA-ya şərhinə görə, yüksək gömrük rüsumları ölkəyə müasir avtomobillərin gətirilməsinə mane olur: “Gömrük rüsumları tez-tez, hətta avtomobilin öz qiymətindən də baha başa gəlir”.
Müstəqil ekspertlər deyirlər ki, hökumətin dizel yanacağı qiymətlərini qaldırmaq üçün “ətraf mühitə qayğı” amilindən istifadə etməsi avtomobil parkının yaşı ilə bağlı suallar doğurur. Beləliklə, 2014-cü illə müqayisədə ötən il 5 ilədək istifadə müddəti olan avtomobillərin payı 17%-dən 4%-ə düşdü və 10 ildən çox istifadə müddəti olan avtomobillərin payı 62%-dən 77%-ə yüksəldi. Statistika da göstərir ki, dizel yanacağı qiymətlərində bir artım olmasa da, yeddi il ərzində yerli avtomobil parkının strukturundakı dizel nəqliyyat vasitələrinin payı 10%-dən 8.7%-ə düşüb.
Tarix: 7-01-2021, 20:50