Qaşqay İsmayıl Yanacagın qiymətinin qəfil artımını sosial şəbəkələr hökumətin qaniçənliyi ilə izah etsələr də, əslində vəziyyət daha sadə, həm də daha xoşagəlməzdir. Azərbaycan hökuməti apardığı iqtisadi siyasətin məntiqi sonu olaraq, iflas həddinə yaxınlaşır. Illər boyu ölkədə biznesi boğub, iqtisadiyyatı neft gəlirlərini bölüşdürmə təsərrüfatına çevirmək, neft gəlirlərindən ifrat asılılığa gətirib çıxarıb. Bu gəlirlərin azalmasına görə büdcədəki itkiləri az da olsa kompensasiya eləməyin yolu, qiymət artımına getməkdən keçir. İqtisadi baxımdan enerji daşıyıcılarının və digər ödənişlərin artırılmasında qeyri-adi heç nə yoxdur. Amma Azərbaycanda cüzi qiymət artımının da belə ajiotaj doğurmasının yalnız bir səbəbi var: Əhalinin gəlirləri kritik həddə azdır və hər hansı qiymət artımı, onların büdcəsinə sarsıdıcı təsir göstərir. Hökumət əhalinin əksəriyyətini büdcədən cüzi maliyyələşdirdiyindən, qiymət artımı ilə maaş və təqaüdlər arasındakı cüzi fərq belə, əhali üçün ağır yükə çevrilir. Halbuki azad iqtisadiyyatlarda belə halların təbii şəkildə öz yolunu tapması mexanizmləri mövcuddur Yeri gəlmişkən, əhali belə artımlara hazır olmalıdır. Mütəmadi yaradılan müxtəlif fondlar, publik şəxslər və sair hallar göstərir ki, hökumətin ehtiyatları ilə bağlı ciddi problemləri var. Tədricən əhalinin ödənişləri büdcənin doldurulması üçün əsas vasitəyə çevrilməyə başlayacaq. Gəlirlərin tükənməsi fonunda sosial-iqtisadi böhranın dərinləşməsinin alternativi yoxdur