2020-cu ildə Qobustan rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 5 milyon 220 min 821 manat məbləğində 17 tender keçirilib.DİA.AZ-ın məlumatına görə, İcra hakimiyyəti 13 tenderə 5 milyon 135 min 199 manat xərcləyib. Qobustan Rayonun İcra Hakimiyyətinin keçirdiyi hər iki tenderin qalibi "Cənub Təmir Tikinti-1" MMC olmuşdur.
Qobustan Rayon Gənclər və İdman İdarəsi ümumi məbləği 16 min 490 manat olan 2 tender müsabiqəsi keçirib. Hər iki tenderin qalibi "Butsefal" MMC (16 min 490 manat) olmuşdur.
Dia.az 2020-cu ildə Qobustan Rayonunda keçirilən tenderləri təqdim edir.
Qobustan RİH-in tenderlərinin böyük partiyasının qalibi olan “Cənub Təmir Tikinti” MMC-yə gəlincə, bu şirkətin nizamnamə kapitalı cəmi 2 manatdır. 17 oktyabr 2018-ci il tarixdə dövlət qeydiyyatına alınan MMC-nin hüquqi ünvanı Astara rayonunun Ərçivan kəndidir. Şirkətin qanuni təmsilçisi isə Əmirkişiyev Qüdrət İsmət oğludur.
Açıq mənbələrdə onun barəsində hər hansı məlumat yoxdur. MMC-nin isə bundan əvvəl də Biləsuvar Rayon İcra Hakimiyyətinin elan etdiyi tenderin qalibi olduğu barədə məlumatlar var. Məsələn, şirkət 2019-cu ildə 2 milyon 855 min 10 manat dəyərində tenderin qalibi olub.
Müqaviləyə əsasən MMC Biləsuvar şəhərindəki Milli Qəhrəman Mübariz İbrahimovun adına olan küçənin abadlaşdırılması və müasir şəhərsalma prinsiplərinə uyğun yenidən qurulmasını təmin etməlidir.
Bu məsələ həmin vaxt mediada müzakirə mövzusuna çevrilib. Bir küçənin təmirinə 3 milyon manata yaxın vəsaitin ayrılması korrupsiya şübhəsi yaradıb.
Tarix: 31-12-2020, 12:49