Yaşamaq üçün minimum 196 manat lazımdırsa, ehtiyac meyarı niyə 170 manat olur? — Maraqlı ziddiyyət



Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirə edilən “Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Yeniavaz.com xəbər verir ki, növbəti ildən ölkədə ehtiyac meyarının həddinin 170 manata çatdırılması nəzərdə tutulub.

Məlumat üçün bildirək ki, 2020-ci ilsə ölkədə ehtiyac meyarının həddi 160 manat olub.

Qeyd edək ki, ehtiyac meyarı ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə təsdiqlənir. Yəni, sosial yardım ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində təyin olunur. Məsələn, 3 nəfərdən ibarət ailənin orta aylq gəliri 450 manat təşkil edirsə, o zaman  2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat müəyyən edildiyindən, həmin ailənin ehtiyac meyarının məcmusu 480 (160x3) manat təşkil edir. Bu halda ailəyə 30 (480-450) manat məbləğində yardım təyin edilir.
 
Onu da bildirək ki, gələn il üçün Azərbaycanda yaşayış minimum 196 manat səviyyəsində təsdiqlənib. Yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. İstehlak səbəti insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən olunmuş toplusu kimi ifadə edilib. 

Maraqlıdır ki, insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün 196 manatın lazım olduğu müəyyən edilsə də, sosial yardım təyin edilərkən 170 manat ehtiyac meyarı əsas götürülür.

Eyni zamanda qeyd edək ki, ehtiyac meyarının yaşayış minimumundan aşağı olması  “Yaşayış minimumu haqqında” qanunun 5.1-ci bəndinin müddüalarına da ziddir. Bekə ki, Qanunun həmin bəndində qeyd olunur ki, ölkə üzrə təsdiq edilmiş yaşayış minimumu ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının müəyyən edilməsinin əsasını təşkil edir.
Tarix: 29-12-2020, 14:57
Xəbəri paylaş



Xəbər lenti