Manat “çarpaz atəş altında”

Samir Əliyev: “Gələn ilin dövlət büdcəsi və Mərkəzi Bankın pul-kredit siyasəti ilə bağlı sənəd...”

Növbəti ildə manatın dollar qarşısında yumşaq devalvasiyaya gedəcəyi istisna edilmir. Əksər ekspertlər bu mövzuda həmfikirdir ki, həm pandemiya səbəbindən sərtləşən karantin qaydalarının vurduğu iqtisadi ziyanın kompensasiyası,  həm də işğaldan azad  edilən ərazilərin bərpası üçün hökumətin kifayət qədər ciddi maliyyəyə ehtiyacı olacaq. Bunun üçün isə hazırda əsas mənbə Neft Fondudur. Hökumət Neft Fondunun ehtiyatlarına  qənaət etmək üçün devalvasiyaya getməklə əlavə manat kütləsi yarada bilər. Hazırda bu fikirlərin dominant olması səbəbindən banklar da kredit verilməsində bir qədər tərəddüd edir deyə məlumatlar da yayılmaqdadır.
Mövzunu “Yeni Müsavat” üçün ətraflı şərh edən iqtisadçı ekspert Samir Əliyev vurğuladı ki, həqiqətən də gələn il Azərbaycan üçün xərclərin artması baxımından çətin il olacaq: “Koronavirusun artıq ikinci dalğası başlayıb və bu birinci dalğadan daha ağır keçir, yoluxma sayı dəfələrlə yüksəkdir. Optimist düşünməyə imkan verən proqnozlar da var, söhbət vaksinlərdən gedir. Artıq vaksinləşmə başlayır, xüsusən də gələn ilin əvvəlində kütləviləşəcək. Gözləntilər var ki, yaya doğru problem əhəmiyyətli dərəcədə həll ediləcək. Vaksinləşmənin kütləvi nəticələrini yəqin ki, yaz aylarında görə biləcəyik. Bu isə onu deməyə əsas verir ki, 2021-ci il cari illə müqayisədə dünya səviyyəsində iqtisadi aktivlik daha da artacaq. Azərbaycan üçün bu daha çox iki baxımdan əhəmiyyətlidir. Birinci amil neftin qiyməti, ikincisi isə karantin tədbirlərinin yumşalması. Karantin tədbirlərinin sərtləşdirilməsi  yəqin ki, qarşıdakı iki ayda davam edəcək. Bu həm ölkə üçün müəyyən çətinliklərin yaranması deməkdir, həm də əhalinin sosial vəziyyətinin pisləşməsi anlamına gəlir. Bu baxımdan karantin tədbirlərinin sərtləşdirilməsi iqtisadi baxımdan arzuolunmazdır.
Əsas məqam isə neftin qiymətidir. Hazırda neft dünya bazarında  50 dollara yaxınlaşmaqdadır, hələ ki, 50 dollar olmayıb. Ancaq ehtimal edilir ki, vaksinlərin tətbiqi nəticəsində tələbat arta bilər, neftin qiyməti qalxa bilər. Müəyyən proqnozlar var, 55-60 dollara qədər qalxması ehtimal edilir. O baxımdan gələn il Azərbaycanda devalvasiyanın olmasını şərtləndirəcək əsas amil məhz  neftin qiymətidir. Əgər neft kəskin bahalaşmazsa, yəni 60 dollar və daha yüksək səviyyəyə çıxmazsa, bu halda milli valyutanın sabitliyi sual altına düşəcək".
İqtisadçı vurğuladı ki, növbəti ildə devalvasiyanın olacağı ilə bağlı dəqiq fikir söyləmək çətindir: “Çünki bunu şərtləndirən amillər var. Biz proqnoz verə bilmək üçün hökumətin yaxın günlərdə qəbul edəcəyi iki sənədə diqqət yetirməliyik. Bunun birincisi 2021-ci ilin dövlət büdcəsidir, hansı ki, onun qəbulu çox gecikib və dekabra qalıb. Biz bu sənədə baxmaqla hökumətin gələn il üçün hansı xərc istiqamətində addımlar atacağını və bunun mənbəyinin haradan olduğunu görə bilərik. İkinci sənəd isə Mərkəzi Bankın hər il açıqladığı növbəti ilin pul-kredit siyasətinin əsas istiqamətləri ilə bağlı bəyanatdır. Bu bir qayda olaraq dekabr ayının sonuncu iş günü açıqlanır. Həm gələn ilin dövlət büdcəsi , həm də Mərkəzi Bankın pul-kredit siyasəti ilə bağlı iki sənədə baxmaqla hökumətin gələn ildəki davranışını müəyyən edə bilərik. Bu gün bunu demək çox çətindir”.
Samir Əliyev: Bu gün bağlanmaq riski ilə üzləşən banklar var
Samir Əliyev
S.Əliyevin fikrincə, 2020-ci illə müqayisədə gələn il devalvasiya ehtimalını artıran şərtlər çoxdur: “Birinci şərt koronavirusun daha ağır keçməsidir. Bu amil 2020-ci ildə də var idi, xəstəlik yazda başladı, yaya doğru azaldı. Ancaq indi qışa doğru getdiyimiz üçün xəstəliyin təsirləri daha çox ola bilər. Bundan başqa, ikinci amil işğaldan azad olunmuş ərazilərdə bərpa prosesidir. Ərazilərin abadlaşdırılması, həyata qaytarılması üçün böyük vəsaitlər tələb olunur ki, bunun da əsas hissəsi dövlət büdcəsi hesabına olacaq. Bu isə əlavə mənbə deməkdir. Bu vəsaitləri dövlət büdcəsi haradan tapmalıdır? Ya vergiləri artırmaq yolu ilə- bu indiki zamanda mümkün deyil, arzuolunmaz ssenaridir. Əksinə hökumət indiki durumda vergi güzəştləri tətbiq etməlidir. İkinci versiya isə Neft Fondudur. Onsuz da neftin ucuzlaşması hesabına Neft Fondunun aktivlərinin müəyyən bir hissəsi ilin əvvəlində xərclənib və ilin sonunda da aktivlərə müraciət etməli olacaq. Növbəti il də yenidən DNF-nin aktivlərinə müraciət etmək təbii ki, problemin tam həlli demək deyil. Mənbə olaraq müəyyən qədər Neft Fondundan istifadə edilsə də, bu vəsaitlər kifayət etməyəcək. Digər mənbələr özəl sektor və xarici investisiyalardır. Xarici investorlar hələ ki, o qədər də maraq göstərmir və bu da ölkədə investisiya mühitinin o qədər də yaxşı səviyyədə olmaması ilə bağlıdır. Bu da hökuməti vadar edəcək ki, manatın məzənnəsini bir qədər aşağı salsın və onun hesabına əlavə pul kütləsi yaratsın. Əlbəttə bu cəlbedici yanaşmadır, ancaq digər neqativ təsirləri də  var”.
Samir Əliyevin fikrincə, hökumətin devalvasiyadan qazancı olduğu kimi , itirəcəkləri də az deyil: “Çünki avtomatik olaraq ölkədə ciddi inflyasiya yaradacaq, qiymətlər artacaq, dövlət devalvasiya hesabına qazandığı vəsaiti inflyasiya hesabına itirəcək. Çünki məcburən əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına dəstək versin. Qazandığının bir hissəsini bu istiqamətdə yönəltmək məcburiyyətində qalacaq. Digər tərəfdən həm dövlətin, həm də dövlət şirkətlərinin xarici borcları var, devalvasiya bu borcların qaytarılmasını da çətinləşdirəcək. Bu mənada dövlət qazandığı pulun bir hissəsini itirmək məcburiyyətində qalacaq.  Bu mənada devalvasiya da hökumətə sərf etmir və mümkün qədər devalvasiyadan çəkinəcək. Ancaq heç də hər şey dövlətin mövqeyindən asılı deyil. Neftin qiyməti azalarsa, yaxın müddətdə bahalaşması gözlənilməzsə, vəsaitləri təmin etmək üçün devalvasiyaya gedə bilər. Yaxşı halda isə vaksinlərin tətbiqi nəticəsində effekt əldə olunarsa, iqtisadi aktivlik yaranarsa, neftin qiymətinə pozitiv təsir edə bilər, ən azından aşağı düşməz və stabil qalar. Bu mənada hökumət devalvasiyaya getmək üçün ən azı ilin birinci rübünü gözləmə mövqeyində qalacaq. Fors-major bir hadisə baş verməzsə, neft 30 dolların altına düşməzsə hökumət yaza qədər gözləyə bilər. Hazırda hökumət devalvasiyanın ağır nəticələrini anlayır, onun fərqindədir, devalvasiyaya getməkdə maraqlı deyil. Fors-major hallar baş verməzsə, buna getməyəcək. Qeyd etdiyim iki sənəd açıqlandıqdan sonra  bu haqda daha əminliklə fikir söyləmək olar”.
Tarix: 9-12-2020, 09:05
Xəbəri paylaş



Xəbər lenti