“Əksər ölkələrdə ilin sonu büdcə müzakirələrinin bitdiyi dövr olaraq yadda qalsa da, Azərbaycanda bu müzakirələr hələ də başlamayıb. Görünür ki, post müharibə dövründə milli iqtisadiyyatın qarşılaşdığı yeni situasiyanın tələbləri və COVİD-19 pandemiyasının yaratdığı qeyri-müəyyənliklər Azərbaycan hökuməti, konkret olaraq maliyyə nazirliyi üçün bu işi çətinləşdirib. Baxmayaraq ki, hazırkı situasiya qonşu ölkələr üçün büdcə proqnozlaşdırılmasını mürəkkəbləşdirsə də, onlar növbəti ilin büdcəsini parlamentə təqdim edib, müzakirəyə start veriblər”. Pravda.az-ın xəbərinə görə, bunu ekspert Qubad İbadoğlu deyib.
Q.İbadoğlu bildirib ki, Türkiyədə də gələn il üçün büdcə müzakirələri başlayıb: “Belə ki, 2021 -ci üçün büdcənin xərcləri 1,4 trilyon lirə (179 milyard 323 milyon dollar), gəlirləri 1,1 trilyon lirə (140 milyard 897 milyon dollar), kəsiri 245 milyard lira (31 milyard 380 milyon dollar) planlaşdırılıb. Gələn ilin büdcəsində müdafiə xərcləri üçün 220 milyard lirə (28 milyard 181 milyon dollar) ayrılacağı gözlənilir ki, bu da cəmi büdcə xərcləmələrinin yüzdə 17-i deməkdir. Rusiyanın 2021-ci il büdcə gəlirləri 18,8 trilyon rubl (255 milyard 654 milyon dollar), xərcləri 21,52 trilyon rubl (292 milyard 613 milyon dollar), büdcə kəsiri 2,75 trilyon rubl (37 milyrad 386 milyon dollar) məbləğində nəzərdə tutulub. Rusiyanın gələn il üçün müdafiə büdcəsi 3,1 trilyon rubl (42 milyard 145 milyon dollar) təşkil edəcək. 2021-ci il üçün Ermənistanın büdcəsinin gəlirləri 1 trilyon 569 milyard dram (3 milyard 257 milyon dollar), xərcləri 1 trilyon 843.1 milyard dram (3 milyard 826 milyon dollar), kəsiri 274 milyard dram (568,9 milyon dollar) məbləğində nəzərdə tutulur. Ermənistanın bu il üçün porqnozlaşdırılan hərbi büdcəsi 625 milyon dollar olub, gələn il üçün 83,1 milyon dollar artım planlaşdırılır. Belə olanda 2021-ci ildə 708,1 milyon dollar müdafiə büdcəsi gözlənilir. Azərbaycana gəlincə, hələ Qarabağ müharibəsindən əvvəl 2021-ci il üçün dövlət büdcəsinin gəlirləri 24 milyard 327 milyon manat (14 milyard 617 milyon dollar), xərcləri 25 milyard 847,5 milyon manat (15 milyard 212 milyon dollar) məbləğində proqnozlaşdırılmışdı. Gələn il üçün müdafiə xərcləri 2 milyrad 327 milyon dollar proqnozlaşdılırdı. Müqayisə üçün qeyd edim ki, ABŞ-ın bu il üçün müdafiə büdcəsi 740 milyard dollar, Yaponiyanın gələn il üçün müdafiə büdcəsi 51,5 milyard dollar təsdiq olunub. Ümid edirəm ki, yaxın günlərdə Azərbaycan parlamentində də büdcə müzakirələri nominal olsa da, start götürər. Görünür ki, devalvasiya ilə bağlı hökumət daxilindəki fikri ayrılığı bu işi ləngidir”.
Tarix: 8-12-2020, 09:29