Dünyada baş verən sosial-iqtisadi böhranlar, COVİD-19 pandemiyası və neftin qiymətinin ucuzlaşması Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşmür. Proseslər davam etdikcə dünyada ABŞ dolları bahalaşır. Bəzi mənbələrin verdiyi məlumata görə, son 6 ayda avro dollar qarşısında 10 faiz, ingilis funt-sterlinqi isə 13 faiz dəyər itirib. Bu mənada bəzi ekspertlər Azərbaycanda da dolların 2021-ci ildən etibarən bahalaşacağını proqnozlaşdırırlar. Ona görə ki, qonşu dövlətlərin də milli valyutasının dollar qarşısında dəyər itirməsi bu ehtimalları bir az da gücləndirir. Maraqlıdır, görəsən ölkəmizdə dollar yenidən bahalaşa bilərmi və bu artım hansı həddə qədər davam edər?
Suallarımızı cavablandıran iqtisadçı-ekspert Natiq Cəfərli "Sherg.az"a söyləyib ki, əslində Azərbaycanda məzənnə siyasəti inzibati qaydada tənzimlənir:
“Məzənnə rejimi Mərkəzi Bankın və hökümətin təhlillərinə əsasən inzibati qaydada tətbiq edilir və 3 ildən çoxdur ki, məzənnə dəyişdirilmir. İnzibati qaydalara görə sırf dollar-manat məzənnəsi sabit saxlanılır. İndi müharibəni qələbə ilə başa çatdırdıq. Gələn il üçün çox böyük əlavə vəsaitlərə, xərclərə ehtiyac yaranıb.
Çox güman ki, növbəti ilin büdcəsi bu ilin büdcəsindən bir neçə milyard artıq olmalıdır. Bu günə qədər büdcə haqqında təklifin parlamentə göndərilməməsi də məhz bununla bağlıdır. Maliyyə Nazirliyi və hökumət tərəfindən yeni vəziyyətə uyğun olaraq büdcə dəyişikliyi edilir. Büdcənin doldurulması mənbəyi çox dardır.
Pandemiya Azərbaycana da çox ciddi mənfi təsirlər göstərir. 4 faizə yaxın iqtisadi dağılma var. Ona görə də vergi və gömrük rüsumları hesabına büdcə artımına gedilməsi mümkünsüzdür.
Yeganə olaraq Azərbaycan Neft Fondu (AFN) qalır ki, büdcənin 58 faizi oradan transfer edilib. Gələn il büdcə kəsiri builkinə nisbətən bir neçə milyard artıq olsa, o zaman Fonddan daha çox vəsait götürmək tələb olunacaq ki, bu da büdcənin 58 yox, 65-70 faizinin AFN hesabına ödənilməsi deməkdir. Bu da artıq həmin təşkilat üçün təhlükəlidir”.
Bundan başqa, mütəxəssis diqqətə çatdırıb ki, qonşu ölkələrin valyutaları kəskin şəkildə dəyərdən düşür:
“Bu il ərzində biz türk lirəsi, rus rublu, gürcü larisi və s. ucuzlaşır. Onlar da bizim ticarət partnyorlarımızdır. Bunun nəticəsi də ondan ibarət olur ki, idxal stimullaşır, yəni Azərbaycanda xaricdən gətirilmə daha sərfəli və uyğun başa gəlir.
Bütün bu parametrləri nəzərə alsaq, məntiqlə və iqtisadi yanaşmayla müəyyən devalvasiyaya gedilməlidir. Gələn ilin büdcəsi ilə bağlı problemlərin həll olunması, idxalın yox, istehsalın stimullaşdırılması üçün müəyyən addımlar atılmalıdır.
Təbii ki, bu siyasi qərardır və inzibati məzənnə rejimində bunu proqnozlaşdırmaq çətin olur.
İqtisadi məntiqə görə ən azı 15-20 faizlik devalvasiyaya gedilməsi mümkündür və indiki şəraitdə labüddür. Lakin hökümətin hansı qərarı verəcəyini demək çətindir".
Ağarza Elçinoğlu
Tarix: 4-12-2020, 13:52