Xətai rayon İcra Hakimiyyətinin Mənzil Komunal Təsərrüfatı Birliyi noyabrın 16-da 3 tender keçirib.
Teref.az xəbər verir ki, 712 min 868 manat məbləğində olan hər 3 tenderin qalibi "Tikinti-Təmir-Təchizat-Bərpa” QSC olub.
Belə ki, Mənzil Komunal Təsərrüfatı Birliyi dəftərxana və təsərrüfat mallarının satınalınması 287 608.72, yumşaq inventar və xüsusi geyimlərin satın alınması 149 812.8, avadanlıqların satın alınması üçün 275 447.4 manat xərcləyəcək.
El arasında JEK kimi tanınan qurum dəftərxana və təsərrüfat mallarının satınalınması adı altında drel, laqonda, elektrod, araba təkəri, drel akkumlatoru, motoplia, qaynaq aparatı, motorlu əl dəryazı, nasos və s. tikinti və təsərrüfat malları alacaq.
Yumşaq inventar və xüsusi geyimlərin satın alınması üçün keçirilən tenderə görə MKTB işçilərini yeni geyimlər (müstəlif növlu), qaloş, çəkmə və əlçəklə təhciz edəcək.
Avadanlıqların satın alınması üzrə keçirilən tenderə əsasən uşaqlar üçün yelləncəklər, karusel, idman qurğuları, park və həyətlər üçün oturacaqlar, zibil qabıları alınmalıdır.
Adından və qalib olduğu tenderlərdən göründüyü kimi bütün profillərdə fəaliyyət göstərən "Tikinti-Təmir-Təchizat-Bərpa” QSC-nin nizamnamə kapitalı 2050 manatdır. Şirkət 2015-ci ilin mart ayının 18-də dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı General Səmədbəy Mehmandarov, ev 98, mənzil 47, qanuni təmsilçisinin isə Əbilov Elçin İslam oğlu göstərilib.
İnternet resursları adı çəkilən şirkətlə bağlı apardığımız araşdırmalardan məlum oldu ki, cari ilin iyul ayının 8-də Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən avadanlıqların, parkların saxlanması üçün avadanlıqların, ehtiyat hissələrinin, yumşaq inventar və xüsusi geyimlərin alınması, dəftərxana və təsərrüfat xərcləri üzrə keçirilmiş müsabiqənin də qalibi "Tikinti-Təmir-Təchizat-Bərpa” Qapalı Səhmdar Cəmiyyəti olub və ümumi dəyəri 799 021 manat dəyərində dövlət sifarişi alıb.
Habelə QSC 2019-cu ilin aprelində "Azərişıq” Açıq Səhmdar Cəmiyyətindən mal-materiallar və elektirik avadanlıqlarının satınalmaları üzrə 12 milyon manatdan çox dövlət sifarışi alıb. Həmçinin, bu ilin may ayında Bakı şəhər İcra Hakimiyyətinin başçısı yanında "Bakı şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən dövlət müəssisələrinə subsidiyaların verilməsinin satın alınması üzrə keçirilmiş 5 milyon manat civarında tenderin qalibi olub.
Məlumatlardan da görsəndiyi kimi "Tikinti-Təmir-Təchizat-Bərpa” QSC hərtərəfli işlər görməsinə baxmayaraq, müasir dövrümüzün bir çox şirkətlərindən fərqli olaraq göstərdiyi xidmətlər barədə məlumatları geniş ictimaiyyətə təqdim etməyinə luzum görmür. Belə ki, internet resuslarında şirkətin saytını, habelə sosial şəbəkələrdə hər hansı bir səhifəsini tapa bilmədik.
Mənbə: Qaynarinfo.az
Tarix: 18-11-2020, 11:00