Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin başçılığı ilə rəşadətli ordumuz torpaqlarımızı işğaldan azad edərək şanlı qələbəyə doğru inamla irəliləyir. Bu tarixi günlərdə Azərbaycan bank ictimaiyyəti də hər zamankı kimi Ordumuzun, dövlətimizin yanındadır. Azərbaycan Banklar Assosiasiyasından verilən xəbərə görə, Azərbaycan bankları ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşən qəhrəmanlarımıza, Vətən uğrunda canından keçən Şəhidlərimizin ailə üzvlərinə bütün dövrlərdə xüsusi diqqət və ehtiramla yanaşmış və bu münasibət hər zaman davam edəcək.
Hərbçilərimizin və düşmən təxribatı nəticəsində zərər dəymiş vətəndaşlarımızın dəstəklənməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankının tövsiyəsi ilə Azərbaycan Banklar Assosiasiyasının üzvləri olan banklar yekdil olaraq aşağıdakı qərarları qəbul ediblər:
1. Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə Şəhid olmuş hərbiçilərimizin banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinsin;
2. Düşmən təxribatı nəticəsində həyatını itirmiş mülki vətəndaşlarımızın banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinsin;
3. Hərbi əməliyyatlar zamanı yaralanmış hərbiçilərin banklara olan kredit öhdəliklərinə faizlərin və digər ödəmələrin hesablanması 27 sentyabr 2020-ci il tarixindən tam dayandırılsın;
4. Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə Şəhid olmuş bank əməkdaşlarının ailələrinə şəhidin bir illik əmək haqqı miqdarında vəsait ödənilsin;
5. Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə yaralanmış bank əməkdaşlarına onun üç aylıq əmək haqqı miqdarında birdəfəlik maddi yardım ödənilsin.
Ölkədə hərbi vəziyyətin elan edildiyini nəzərə alaraq, cəbhəyə səfərbər edilmiş, döyüş bölgəsində yaralanmış şəxslər haqqında və digər əlaqədar məlumatlar məxfi xarakter daşıyır. Bu barədə bankların da məlumatı olmur. Bu səbəbdən, banklar tərəfindən müştərilər haqqında əlavə məlumatlar yalnız onlarla kredit öhdəlikləri ilə bağlı əlaqə saxlanıldığı zaman məlum olur və banklar müştərinin kredit tarixçəsində nəzərə almaq üçün müvafiq qeydlər aparır: “Bu kateqoriyadan olan şəxslərin kredit öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı hazırda hər hansısa bir tələb irəli sürülmür və kredit tarixçələri pisləşdirilmir”.
Qələbə bizimlədir".
Tarix: 24-10-2020, 16:25