Beynəlxalq Valyuta Fondu (BVF) 81 ölkəyə COVID-19 pandemiyasının nəticələrini aradan qaldırmaq üçün indiyədək ümumi məbləği təxminən 100 mlrd. ABŞ dolları təşkil edən kreditlər ayırıb.Bunu BVF-in baş direktoru Kristalina Georgiyeva deyib.
Onun sözlərinə görə, hazırda dünya İkinci Dünya müharibəsindən bəri ən pis şoku yaşayır, lakin vəziyyət may ayı ilə müqayisədə daha qənaətbəxş sayılır.
K. Georgiyeva qeyd edib ki, Çin və inkişaf etmiş iqtisadiyyatların göstəriciləri ilin II rübündə proqnozlardan daha yaxşıdır və qlobal iqtisadiyyatda və dünya ticarətində canlanma əlamətləri görünür.
Bəs, qlobal iqtisadiyyata nə qədər ziyan dəyib və Beynəlxalq Valyuta Fondunun ayırdığı məbləğ bu ziyanın hansı hissəsinin bərpa edə bilər?İqtisadçı Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında bildirib ki, pandemiyanın vurduğu ziyanla bağlı müxtəlif hesablama qaydaları var:“Bu günədək səsləndirilən ən böyük rəqəm 12 trilyon dollardır. COVID-la əlaqədar iqtisadiyyatın qapanması, turizm sektorunun tamamilə dayanması, iqtisadi əlaqələrin pozulması, istehlak səviyyəsinin aşağı düşməsi və yan təsirlər də hesablayarkən, ümumilikdə il ərzində dünya iqtisadiyyatının bu qədər zərər görəcəyi proqnozlaşdırılır.Ən çox ziyanın turizmlə bağlı olduğu açıqlanıb – bu sahədə ümumi itgilərin 800 milyon -1 trilyon dollar arasında olacağı gözlənir. Çünki turizm təkcə turistik məkanları özündə ehtiva edən bir sahə deyil, turizm ən azı iqtisadiyyatın 8-10 sahəsini öz arxasınca aparan bir sahədir. Ayrılan vəsait təbii ki, dəyən ziyanın çox cuzi bir hissəsidir”.
İqtisadçı deyir ki, Beynəlxalq Valyuta Fondunun da resursları sərhədsiz deyil:“Yardımın həcminin artırılması ilə bağlı Fondun qarşısında müxtəlif maneələr var. Hər bir ölkəyə müxtəlif şərtlər təklif olunur. Yəqin ki, BVF kredit portfelini 2021-ci ildə daha da genişləndirəcək. Dünya Bankının da, Asiya İnkişaf Bankının da buna bənzər proqramları var – yəni kredit bolluğu olacaq. Amma bunun geri qaytaılması məsələsi də var. Pandemiya daha uzun çəksə, həmin ölkələr kreditlərin qaytarılmasında çətinliklə qarşılaşa bilərlər”.Bəs, Beynəlxalq Valyuta Fondu kredit ayırdığı ölkələri hansı meyarlarla seçir?
Natiq Cəfərli bildirib ki, burada ilkin şərt müraciətdir:
“İstənilən ölkə BVF-yə müraciət edə bilər. Müraciətdən sonra həmin ölkə iqtisadiyyatına dəymiş ziyanın hesablanması ilə bağlı beynəlxalq audit hesabatları təqdim olunur. Sonra isə BVF-nin İdarə Heyəti həmin ölkələrlə bağlı qərar verir – yəni individual olaraq yanaşılır”.
Tarix: 1-10-2020, 20:53