Dolların türk lirəsinə nisbətən bahalaşmasının manata təsirləri olacaq?



Rəşad Həsənov: “Azərbaycanda indiki halda manatın məzənnəsinin dəyişməsi üçün ciddi risklər görünmür”
“Hökumətin bu günkü valyuta siyasəti aspektindən baxanda neftin qiyməti 40 ABŞ dolları ətrafında dəyişir ki, bu da müəyyən qədər sabit hesab olunur”
Məlum olduğu kimi, aylardır davam edən pandemiya ölkələrin iqtisadiyyatına mənfi təsir göstərib. Belə ki, bu, müxtəlif ölkələrdə işsizliyin artması, bahalaşma, iqtisadi kiçilmə və s. kimi özünü biruzə verir. Qeyd edək ki, bu gün Türkiyədə valyuta bazarında çalxalanma dolların türk lirəsinə nisbətən bahalaşmasına səbəb olub.
Məsələ ilə bağlı fikirlərini öyrəndiyimiz iqtisadçı ekspert Rəşad Həsənov Hurriyyet.org-a bildirdi ki, dolların türk lirəsinə nisbətdə kursunun qalxması yeni məsələ deyil: “Bilirsiniz ki, yalnız ilin əvvəlindən etibarən türk lirəsi ABŞ dolları və digər valyutalar qarşısında təxminən 20-25 faiz arasında öz dəyərini itirib.

Proses hazırda davam edir. Bunun səbəbi faktiki olaraq Türkiyə iqtisadiyyatında tədiyyə balansında və ticarət saldosunda yaranmış kəsirlər, pandemiyanın iqtisadiyyata təsiri, Türkiyə iqtisadiyyatının 2020-ci ildə turizm sektorunun gəlirlərindən məhrum olmasıdır. Çünki ölkənin əsas valyuta gətirən sahələrindən biri turizm sektoru idi. Proses məhz bu səbəbdən müşahidə olunur. Təbii ki, region ölkələrində yaranmış valyuta risklərinin Azərbaycan manatına da təsirləri olur”. Onun sözlərinə görə, bu təsirlər bir neçə istiqamətdə yaranır: “Birincisi, xarici valyutaların, o cümlədən türk lirəsinin ucuzlaşması Azərbaycana idxalı gücləndirir və həcmini artırır. Çünki bu ölkə ilə ticarət əməkdaşlığı daha sərfəli vəziyyətə gəlir və yerli istehsalın bu məhsulların idxalı qarşısında rəqabətliliyi bazarlarda zəifləyir. Yəni Türkiyədən Azərbaycana idxal artacaq. Bu da təbii ki, Türkiyə-Azərbaycan ticarət əlaqələrində saldoya öz təsirini göstərəcək. Ümumiyyətlə, ucuzlaşmanın səviyyəsindən asılı olaraq müəyyən qədər ümumi idxalın həcminə də artış təsiri göstərəcək. Çünki istənilən halda Azərbaycan hökumətinin cəhdlərindən biri daxili valyuta bazarlarına risk yaradan faktorların müəyyən qədər neytrallaşdırılması, o cümlədən idxalın qarşısının alınmasıdır. Amma Türkiyədə yaranmış vəziyyət müəyyən qədər bu ölkəyə valyuta axınını təşviq edir, ölkədən idxalı artırır və dolayısı ilə Azərbaycan valyuta bazarına müəyyən çətinliklər yaradır. Yəni orada valyuta bazarlarında yaranmış daha ciddi marja və biznes imkanları Azərbaycandan valyuta bazarlarının qeyri-qanuni şəkildə Türkiyəyə yönəlməsinə çağırışlar yaradır”.
Azərbaycandakı vəsaitlərin xeyli hissəsinin oliqarxların əlində cəmləşdiyini vurğulayan ekspert bildirdi ki, həmin oliqarxların da vəsaitləri ölkədən nəzarətdən kənar asan şəkildə çıxarmaq imkanları var: “Bu baxımdan, hökumət təzyiqləri mümkün qədər neytrallaşdırmaq istiqamətində müəyyən adekvat tədbirlər görməli və nəzarəti gücləndirməlidir. Amma dediyim kimi, bu yeni çağırış, yeni təhdid deyil və hər zaman var. Eyni situasiya qonşu İrana görə də müşahidə olunur. Rusiyaya və Türkiyəyə görə də müşahidə olunur. Əsas məsələ ondan ibarətdir ki, bu ölkələrin valyutaları üzən məzənnə əsasında formalaşdırılır, Azərbaycanda isə diktə məzənnəsi əsasında”.
“Buradan belə bir nəticə çıxır ki, Azərbaycan valyuta bazarı üzən məzənnə ilə yox, diktə məzənnəsi ilə tənzimləndiyinə görə manatın ucuzlaşması gözlənilmir” sualını cavablandıran Rəşad Həsənov qeyd etdi ki, Azərbaycanda indiki halda manatın məzənnəsinin dəyişməsi üçün ciddi risklər görünmür: “Hökumətin bu günkü valyuta siyasəti aspektindən baxanda neftin qiyməti 40 ABŞ dolları ətrafında dəyişir ki, bu da müəyyən qədər sabit hesab olunur. İdxalla bağlı ötən illə nisbətdə əhəmiyyətli azalmaya nail olunub. Eyni zamanda, digər məsələ turizm xidmətləri qarşısında ölkədən valyuta çıxmasının qarşısı alınıb. Pandemiya səbəbi ilə ölkədən çıxışın məhdudlaşdırılması səbəbindən. Bu şərtlər hökumətin daha rahat şəkildə valyuta bazarlarında tənzimləməni həyata keçirməsinə şərait yaradır. Başqa bir məsələ də odur ki, ölkə 2014-2015-ci illərlə müqayisədə dollarla ifadədə əhəmiyyətli səviyyədə yoxsullaşıb. Bu həm biznes, həm vətəndaş, həm dövlət sektorunda eyni formadadır. Dövlət büdcəsinin özünün belə dollarla ifadədə dəyəri 2014-cü illə müqayisədə 2 dəfə azalıb. Bu baxımdan, indiki halda dövlət sabit məzənnə siyasətini həyata keçirməyə davam edəcək. İlin sonuna qədər ən azından riskləri nəzərə almaqla. Amma başqa bir məsələ də odur ki, 2021-ci ilin dövlət büdcəsi hazırlanarkən makroiqtisadi siyasətinin təxminən, 1 ABŞ dollarına qarşı 1,7 manat məzənnəsi üzərində qurulması ehtimalı ortaya qoyulub. Görünən ondan ibarətdir ki, bu istiqamətdə dəyişikliklər olmadığından devalvasiya riski yoxdur”.
Ülviyyə ŞÜKÜROVA
Tarix: 19-09-2020, 21:48
Xəbəri paylaş



Xəbər lenti