“Hökumət böhran əleyhinə tədbirlər paketi üçün nəzərdə tutulmuş vəsaitdən əməkhaqqı fonduna əlavə 41,5 milyon manat ayıraraq, orta aylıq əməkhaqqının azalmasının qarşısını ala bilər” Rəsmi statistika Azərbaycanda sıravi işçilərin əməkhaqlarında artım olduğunu iddia edir. Müvafiq qurumun hesabatında bildirilir ki, minimum əməkhaqqının artırılması və özəl sektorun inkişafının sürətləndirilməsi nəticəsində 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycanda orta aylıq nominal əməkhaqqı 720 manata çatıb.
Ümumiyyətlə, 2020-ci ilin ilk altı ayı ərzində orta aylıq nominal əməkhaqqının keçən ilin eyni göstəricisinə nisbətən 23% artdığı qeyd olunur. Eyni zamanda, bu ilin 1 iyul tarixinə ölkə iqtisadiyyatındakı muzdlu işçilərin sayının əvvəlki ilin eyni dövrü ilə müqayisədə beş faiz artaraq, 1.695 milyon nəfər olduğu bildirilir. Bunlardan 922,1 min nəfəri dövlət sektorunda, 773 min nəfəri özəl sektorda çalışır.
Bununla yanaşı, müstəqil analitiklərin müşahidələrinə görə, bu ilin yanvar-aprel ayları arasında ölkə üzrə orta əməkhaqqı dəyəri yanvar-iyun aylarındakı əməkhaqqı səviyyəsindən bir qədər yüksək idi. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-aprel aylarında ölkədə işçilərin orta əməkhaqqı 744,5 manat idisə, yanvar-iyun aylarında orta əməkhaqqı 720 manat səviyyəsinə düşdü. Yəni üç aydakı mənfi fərq 24 manat 50 qəpiyə çatdı.
AYNA-ya şərhində bu mühüm sosial göstəricinin azalmasının ilkin şərtlərindən bəhs edən iqtisadçı-ekspert ekspert Nemət Əliyevin sözlərinə görə, son aylarda muzdla işləyənlərin sayında bir qədər artım var. Bu məntiqlə davam etsək, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin dediyinə görə, 2020-ci ilin yanvar-iyun aylarında özəl sektorda bağlanmış əmək müqavilələrinin sayı, əslində 110 min ədəd (17%) artaraq, 750 min ədədə çatıb. Nazirin sözlərinə görə, yuxarıda qeyd olunan irəliləyiş, əsasən kölgə iqtisadiyyatının payının azalması, habelə qeyri-rəsmi məşğulluğun leqallaşdırılması hesabına əldə edilib.
Bununla yanaşı, N.Əliyev deyib ki, əməkhaqlarındakı azalmanın digər, daha əhəmiyyətli şərtləri var: “Orta maaşlarda cüzi azalmaya ümumi əməkhaqqı fondunun azalması səbəb oldu. Aprel ayında aylıq əməkhaqqı fondu 8.4 milyon manat artmışdısa, artıq may-iyun aylarında bu istiqamətdəki xərclər 13.5 milyon manat azalıb. Hökumət böhran əleyhinə tədbirlər paketi üçün nəzərdə tutulmuş vəsaitdən əməkhaqqı fonduna əlavə 41,5 milyon manat ayıraraq, orta aylıq əməkhaqqının azalmasının qarşısını ala bilər”.
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev AYNA-ya açıqlamasında bildirib ki, rəsmi məlumatlara görə, bu ilin son altı ayında ölkədə əməkhaqqı fondu, əksinə 8% artıb: “Müvafiq dövlət qurumunun məlumatına görə, kölgə iqtisadiyyatının azaldılması və qeyri-rəsmi məşğulluğun 7% daha çox leqallaşdırılması hesabına dövlət və özəl sektorlarda əmək müqavilələrinin sayı artıb. Əmək müqavilələrinin sayının artması isə ilin birinci yarısında əməkhaqqı fondunun 8% artmasına səbəb olub və bu, rəsmi məşğulluğun əhatə dairəsinin genişlənməsi kontekstində vacibdir”.
Həmsöhbətimizin sözlərinə görə, hökumət sosial rifah səviyyəsini sabit saxlamaq üçün çalışır: “Bununla birlikdə, böhranın yaratdığı xərclər yalnız büdcədən maliyyə yardımı ilə deyil, həm də dövlət və özəl sektor arasındakı sosial məsuliyyət və həmrəylik çərçivəsində azaldılmalıdır. Eyni zamanda, biznesə dövlət yardımı muzdlu işçilərin dəstəklənməsinə də kömək edir ki, bu da özlüyündə əhali üçün əhəmiyyətli yardım kimi qiymətləndirilə bilər”.
Tarix: 4-09-2020, 20:38