Azad sahibkarlığın təminatçısı - məhkəmə-hüquq islahatları...

Əkrəm Həsənov: “İslahatların təməlində ilk növbədə qanunvericiliyin təkmilləşdirilməsi və kadr islahatları durmalıdır”

Uzun illərdir Azərbaycanda azad sahibkarlığın, liberal iqtisadiyyatın qurulması üçün məhkəmə-hüquq sistemində islahatlar aparılmasının vacibliyi vurğulanır. İqtisadi sahəni tənzimləyən qanunverici aktlarının təkmilləşdirilməsi gündəmə gətirilir. Çünki məhkəmə-hüquq sistemində islahatlar aparılmasa, iqtisadiyyatda aparılan islahatlar gözlənilən nəticəni vermir. Sahibkarlar üçün  bərabər imkanların yaradılması, azad rəqabət, mülkiyyət hüququnun qorunması çox önəmli məsələlərdir. Lakin bəzən sahibkarın üzləşdiyi şəxs hansısa yüksək rütbəli dövlət məmuru olduqda məhkəmələr bu hüququ təmin etməkdə aciz qalır. Bu səbəbdən Biz son illər Azərbaycandan xaricə investisiya axınını müşahidə edirik. Həmçinin real vəziyyəti dəyərləndirən xarici investorlar ölkəmizə yatırım etməkdən çəkinirlər. Nəticədə itirən Azərbaycan iqtisadiyyatı və dövləti olur. Postpandemiya dövründə real sektorun maksimum yüksək dinamika ilə fəaliyyətə başlamasında, ölkəyə investisiya axınının təmin edilməsində məhkəmə - hüquq sistemi islahatları mühüm rol oynaya bilər. Bəs görəsən, məhkəmə-hüquq islahatları dedikdə nələr nəzərdə tutulur? Ölkəmizdə bu sahədə hansı problemlər mövcuddur?
Mövzunu “Yeni Müsavat” üçün şərh edən iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov bildirdi ki, iqtisadi inkişaf üçün vahid və işlək oyun qaydalarının olması ilk şərtdir: “Ümumən müasir dövrdə iqtisadiyyatın aparıcı istiqamətinə institutsional iqtisadiyyat deyilir. Son onilliklər ərzində Nobel mükafatını iqtisadiyyat sahəsində məhz iqtisad elminin bu istiqamətinin tərəfdarları alır. İnstitutsional iqtisadiyyatın tərəfdarları deyir ki, iqtisadi inkişafın əsas şərti oyun qaydalarına riayət etməkdir. Sizin müxtəlif təbii ehtiyatlarını, işgüzar, savadlı xalqınız ola bilər. Ancaq oyun qaydalarına riayət edilmirsə, həmin iqtisadiyyat inkişaf etməyəcək. Buna ən bariz  nümunələr də var. Məsələn, Cənubi və Şimali Koreya arasındakı fərq. Eyni xalqdır, eyni ərazi və coğrafiyadır, eyni dindədirlər, ancaq ölkələr fərqli inkişaf edir. Din amilini ona görə qeyd etdim ki, bəzən inkişafdan qalmanın səbəbini dinlə əlaqələndirirlər ki, din imkan vermir. Bəziləri deyir milli keyfiyyətlər və ya coğrafi imkanlar, təbii ehtiyatlarının olmaması ölkənin inkişafına imkan vermir. Şimali və Cənubi Koreya misalında bu iddialar əsassız qalır. Bu iki ölkədə oyun qaydaları necədir? Cənubi Koreyada oyun qaydaları işləyir, iqtisadiyyat da inkişaf edib. Şimali Koreya isə dünyanın ən yoxsul ölkələrindəndir. Meksikanın şimalı və Birləşmiş Ştatların cənubunda bir sıra ərazilər var ki, ora vaxtilə Meksikaya aid olur. Burada da eyni tipli əhali yaşayır. Amma fərq böyükdür, ABŞ tərəf daha varlı və firavan yaşayır, ancaq Meksikanın şimalındakılar yox. Çünki oyun qaydaları işləmir. İnsanlar o zaman iqtisadiyyata pul yatırırlar, o zaman iqtisadi proseslərdə aktiv olurlar ki, onlar əmindirlər ki, öncədən elan olunan oyun qaydalarına hamı riayət edəcək və mən gəlir əldə edəcəyəm. İnsanlar biləndə ki, oyun qaydalarına əməl olunmur, o zaman iqtisadi aktivlik göstərmək istəmirlər”.
Hüquqşünasın sözlərinə görə, bazar iqtisadiyyatında 3 təməl prinsiplər var: “Birincisi, mülkiyyət hüququnun müdafiəsi, ikincisi, hər kəsin üzərinə götürdüyü öhdəliklərin vicdanlı şəkildə icrası, üçüncüsü isə sağlam rəqabətdir. Vətəndaş işə başlayanda bilsə ki, sabah mülkiyyəti əlindən alına bilər, əlbəttə, razı olmaz. Və ya sahibkarla kimsə müqavilə imzalayıb, daha sonra öz öhdəliklərini yerinə yetirmədikdə, o, öz hüquqlarını müdafiə edə bilməyəcəksə o zaman nə üçün fəaliyyət göstərsin. Sahibkar daim kimlərləsə müqavilə bağlayır. Alqı-satqı, icarə və sair... Sağlam rəqabət önəmlidir, əgər mən bilsəm ki, iqtisadiyyatın müəyyən bir sahəsinə yatırım edir, ancaq sabah hansısa məmur onu vurub sıradan çıxaracaq, əlbəttə bunu etməz. Bütün bu 3 təməli qoruyan məhkəmədir, məhkəmədən öncə isə qanunlardır. Qanunlar təkmil olmalıdır, məhkəmələr müstəqil işləməlidir. İstənilən dövlətdə kiminsə haqqı pozula bilər, ancaq məhkəmədə müdafiə edəcəksə, bu normaldır”.
Əkrəm Həsənov: “Regionlarımızda vəkillərə böyük ehtiyac var”
Əkrəm Həsənov
Ə.Həsənovun fikrincə, məhkəmə-hüquq islahatlarının mahiyyəti də budur ki, ölkədə sahibkar, aktiv insan rahat fəaliyyət göstərə bilsin: “Biz SSRİ-ni görmüşük və bilirik ki, insanlar arasında maddi bərabərliyi təmin etmək mümkün deyil, ədalətli  sistem o sistemdir ki, daha çox qabiliyyəti, bacarığı, işgüzarlığı olan insan daha çox pul qazanmalıdır. Yoxsa , hansısa dövlət məmuruna yaxın olduğu üçün  yox. İslahatların təməlində ilk növbədə qanunvericiliyin təkmilləşdirilməsi durmalıdır. İqtisadiyyatı tənzimləyən mükəmməl qanunlar olmalıdır. Son illərdə məhkəmə-hüquq islahatları ilə bağlı danışanda, təəssüf ki, bu barədə heç kim heç nə demir. Belə bir illüziya var ki, guya qanunvericiliyimiz çox təkmildir, ancaq məhkəmələr icra etmir. Xeyr, hər bir ölkənin iqtisadi sahəsində aparıcı qanunu onun Mülki Məcəlləsidir. Mülki Məcəlləyə bəzən ölkənin iqtisadi Konstitusiyası da deyilir. Mülki Məcəllə həcminə görə ölkənin ən iri qanunu olur. Bizdə də həcminə görə belədir, ancaq ən bərbad və ən savadsız qanunumuzdur. Elmi əsaslarla işlənilməyib, necə gəldi işlənilib. Belə qanunla bazar iqtisadiyyatını qurmaq olmaz. Sahibkarlıq üçün əsas sahələrdən biri koorporativ hüquqdur. Hüquqi şəxslərin fəaliyyəti üçün Mülki Məcəllə çevik , aydın və ədalətli olmalıdır. Bizdə isə bu yoxdur. Bizdə Mülki Məcəllənin koorportaiv hüquqda hüquqi şəxslər bölməsi, 4-cü fəsil çox bərbad gündədir. Oyun qaydaları özü aydın deyilsə, müasir tələblərə cavab vermirsə, hansı oyun qaydalarına riayət olunmaqdan danışa bilərik. Birinci qanunvericilik təkmilləşdirilməlidir”.
Ekspert vurğuladı ki, qanunvericilik bazasının vahid prinsiplər əsasında , əlaqəli şəkildə qurulması üçün ölkədə bir qanunvericilik institutu təsis olunmalıdır: “O qədər publik hüquqi şəxslər təsis olunur, bir qanunvericilik institutu təsis olunmur. Bu institut ona görə lazımdır ki, ölkənin qanunvericiliyi vahid şəkildə inkişaf etsin, əks halda hər dövlət orqanı, nazirlik qanun layihəsi hazırlayır və qəbul etdirir. Parlamentdə də qanunvericilik sahəsində biliyi kifayət qədər olan deputatlarımız azdır, qanunlar da necə gəldi elə də keçir və sonra işləmir. Bu baxımdan ilk növbədə qanunvericilik inkişaf etdirilməlidir”.
Qanunların məhkəmə tərəfindən icrasına gəlincə, Ə.Həsənov qeyd etdi ki, bunun üçün ilk növbədə məhkəmələrin müstəqilliyi təmin olunmalıdır: “Bunun  da bir neçə əsası var. Birincisi , məhkəmələrimizdə hakimlərin əmək haqları artırılsa da, kifayət qədər deyil. Mə hesab edirəm ki, yenə də hakimlərin, məhkəmə işçilərinin əmək haqları artırılmalıdır ki, onlar özlərini daha müstəqil hiss etsinlər. Ötən ilin aprel ayında cənab prezident məhkəmə-hüquq islahatları ilə bağlı sərəncam vermişdi. Həmin sərəncam, təəssüf ki, kifayət qədər icra olunmur. Sərəncamda deyilirdi ki, 6 ay ərzində bütün məhkəmə proseslərinin audioyazısının aparılması ilə bağlı qanunvericiliyə dəyişiklik edilməlidir. Ancaq üstündən ilyarım vaxt keçib, lakin bunu etmədilər, çünki kimlərəsə sərf etmir. Məhkəmə prosesi açıq olsa, orada kimlərəsə qarşı əliəyrilik etmək olmayacaq.
Ötən gün belə bir nümunə gördük ki, karantin qaydalarını pozan sabiq vəzifəli şəxslərin, qudaların məhkəməsinin hətta videosu verildi. Halbuki bu o qədər də böyük bir məhkəmə işi sayılmırdı. Həmin şəxslərin kimliyi  baxımından vacib olsa da, törədilən əməl inzibati xəta idi. O qədər vacib işlər var ki, biz vəkil olaraq məhkəməni aparırıq, daha sonra baxırıq ki, iclas protokolunda əks olunmayıb. Və ya şahidlər dindirilir, sonradan şahidlərin dediyi məhkəmə protokolunda tamam başqa cür qeyd olunur. Hakim özünə uyğun qərar vermək üçün , protokolları istədiyi kimi yazır. Halbuki iclasların audioyazısı olsa, belə bir hal olmaz. Bu, məsələnin yalnız bir tərəfidir".
Hüquqşünas onu da əlavə etdi ki, hakimlər əksər hallarda qanunsuz qərarları rüşvət müqabilində yox, hansısa vəzifəli, nüfuzlu şəxslərdən, hansısa orqanlardan gələn zənglərə görə qəbul edirlər: “Hakimlərə ciddi təzyiqlər olur, buna da son qoymaq lazımdır. Cənab prezident tapşırıq vermişdi ki, məhkəmə praktikası ümumiləşdirilməli, məhkəmə qərarları dərc olunmalıdır. Bu da hələlik tam deyil. Eyni işlərə məhkəmələr eyni cür baxmalıdırlar. Bütün qərarlar dərc olunsa biz bunu görərik. Oyun qaydaları oxşar situasiyalarla bağlı eyni olmalıdır. Mənim apardığım bir məhkəmə işi var. Orada bir sahibkar yanacaqdoldurma məntəqəsi açır və bunun üçün lazım olan bütün icazələri alır. İndi fəaliyyətə başlayıb, hansısa şəxslər gedib məhkəmədə iddia qaldırıblar ki, biz həmin ərazidə yaşayırıq, bu yanacaqdoldurma məntəqəsi bizim sağlamlığımıza mane  olur. Məhkəmə də həmin məntəqənin fəaliyyətini dayandırıb. Məlumat var ki, bunun arxasında hansısa dövlət məmuru dayanıb və özü orada fəaliyyət göstərmək istəyir. Sahibkara aszad fəaliyyət üçün imkan vermirlər. İddia qaldıran əməkdaşların həmin əraziyə ümumiyyətlə aidiyyəti yoxdur. Hansısa başqa obyekt tikiləndə vətəndaş şikayətinə görə məhkəmə işi dayandırarmı , yox. Bu da məhkəmələrin ikili standartıdır, sahibkarlığı boğan bir haldır. Bütün dövlət qurumlarından icazə alındıqdan sonra belə kimsə sahibkara fəaliyyət göstərməyə icazə vermir. Belə misallar çoxdur. Bu gün məhkəmələrin işinin yaxşılaşması ilə bağlı deyilənlər həqiqətə uyğun deyil. Konstitusiya Məhkəməsi ötən ilin iyul ayında qərar qəbul etmişdi ki, bank kreditləri ilə bağlı işlərə məhkəmələr filan cür baxmalıdır. Oktyabr ayında isə qərardad qəbul etdi ki, bu yalnız bu günə kimi məhkəmələrə daxil olan  işlərə aiddir, o tarixdən sonra müraciət edənlərə aid deyil. Kobud şəkildə sahibkarlardan bir çoxunun hüququ pozuldu”. 
Ə.Həsənov sonda diqqətə çatdırdı ki, məhkəmə sistemində kadr dəyişiklikləri baş verməsə, yaxşıya doğru dəyişmə mümkün deyil: “Necə ki, digər sahələrdə, bir çox nazirliklərdə rəhbər vəzifədə dəyişikliklər oldu və biz indi orada pozitiv addımlar görürük. Məhkəmə sistemində də kadr dəyişiklikləri olmalıdır. Onlarla islahat aparmaq mümkün olmayacaq. Hansısa məhkəmə işlərində qanuni qərarlar çıxarılsa da, bütövlükdə tendensiya belə deyil. Kadr dəyişiklikləri yuxarıdan olmalıdır. Bizdə hüquq elmi də bərbad vəziyyətdədir. Tələbələr bilmir ki, bu elmi haradan oxusunlar. Elmi əsərlərin, dissertasiyaların 99 faizi boşdur, orada elm yoxdur. Ancaq hər il neçə -neçə elmlər doktoru , elmlər namizədi olur. bu səbəbdən bizə qanunvericilik institutu lazımdır”.
Tarix: 26-08-2020, 08:46
Xəbəri paylaş



Xəbər lenti